Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3016/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 269 nömrəli qərarında qeyd edilmişdir ki, o, 1992-ci ildən hərbi xidmətə çağrılmış və döyüş zamanı xidmət keçərkən yaralanmışdır. İddiaçı Bakı şəhəri M.Nağıyev adına klinik təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə keçərək « Başın təpə nahiyyəsinin yuşmaq toxumasının kor qəlppə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəplə yarası, sağ saidin, sağ baldırının orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kor qəlpə yaraları » diaqnozu təyin edilmişdir. Bununla bağlı ona « Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalotapiya ve hipertenzion sindrom, tez baş verın qıcolma tutmaları » diaqnozu ilə İİ dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinə qədər əlilliyi qüvvədə olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə qiymətləndirmədə ona « Əlillik əlaməti təyin etmir » barədə qərar qəbul edilmiş, imtinanın səbəbi « Diaqnoz öz təsdiqini tapmaması » əsas olmuşdur. Həmin imtina məktubu və arayışı xx.xx.2024-cü il tarixdə çap olunaraq iddiaçıya təqdim olunmuşdur. O, məhdud faəliyyət qabiliyyətlidir, işləməyə fiziki imkanları yol vermir. Ağrılarının qarşısını almaq üçün daim müalicə olunur. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3016/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Tovuz rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0321003AAR1U nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin N00118893GXİ nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 269 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyəsinin yumşaq toxumasının kor qəlpə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəlpə yarası, sağ saidin, sağ baldırın orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kor qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılardan, qıcolmadan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından "Depakin" qəbul etdiyini ifadə etmiş, anamnestik məlumatlarda epitutmaların xarakterini izah edə bilməmiş, qeyd etdiyi məlumatlar epitutmalar üçün xarakterik olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı otağa daxil olduğu andan özünü süst, halsız göstərməyə çalışmış, başağrıları, qıcolma tutmaları, yaddaşsızlıq (Füzulidə yaralandığını, vertolyotla Bakıya gətirildiyini xatırlayır), ümumi xarakterli ağrılardan, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Tutma zamanı özündə olmadığını, təcili yardım çağırıldığını, lakin heç nəyi xatırlamadığını, ayıldıqdan sonra 1 sutka halsız olduğunu söyləmişdir. Medikamentoz preparatlardan depakin 500 mg gündə 1 tablet qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ saidin və bazunun yuxarı 1/3-də, sağ baldırın orta 1/3-də, sol dizdə ve sol baldırın orta 1/3-də çapıqlar izlənmiş, sağ təpə nahiyəsində dəraltında qəlpə əllənmiş, hərəkətləri sərbəst olmuşdur. Psixi statusunda özünü süst, depressiv şəxs kimi aparmış, manipulə etdikdə aktivləşmiş, psixoproduksiya aşkarlanmamışdır. Ancaq somatik şikayətlər bildirmiş. instrumental müayinə nəticələri retroqrad amneziya diaqnozunu təsdiqləməmişdir. Şəxsiyyətin patoloji inkişafı (üzvi mənşəli) müşahidə edilməmişdir. “İNCi” Müalicə-Diaqnostika Mərkəzi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bu EEQ çəkilişi 19 kanallı EEQ cihazı ilə 60 dəqiqə müddətində aparılmışdır. Huşu aydın ve oyanlıq vəziyyətində aparılan bu müayinədə hər iki alın, təpə paylarında (solda dominant olmaqla) diken-yavaş dalğa kompleksləri üstünlük təşkil edir. Fotostimulyasiya hər hansı dəyişiklik yaratmır. Hiperventilyasiya zəmin ritminə təsir göstərmir. Bu EEQ epileptik aktivliyə uyğundur” kimi qeyd olunmuş, EEQ dalğalarında epiaktiv dalğa kompleksi izlənməmiş, nəticə öz təsdiqini tapmamışdır. Təqdim eolunan xx.xx.2023-cü il tarixli kəllə KT müayinəsinin nəticəsi “Sol gicgah payda və bir qədər amigdalaya uzanan, 13x10mm ölçülərində, posttravmatik ensefalomalasiya sahəsi qeyd edildi” kimi müəyyənləşdirilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Psixiatrik xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və nümayəndəsi-Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 269 nömrəli qərarına əsasən, Tovuz RHK ərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Başın təpə nahiyyəsinin yumşaq toxu- masının kər qəlpə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəlpə yarası, sağ saidin, sağ baldırın orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kər qəlpə yaraları” (Tovuz RHK-nın xx.xx.2008-ci il tarixli 758 nömrəli göndərişi və arayışı, Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli 1659 nömrəli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2008-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli qiymətləndirmə nəticəsində “Posttravmatik ensefalopatiya hipertenzion sindrom və tez-tez cəngolma tutmaları ilə” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2013-cü il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom. Tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom. Tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya. Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 6-7 dəfə)” diaqnozu ilə əlavə müayinəyə ehtiyacın olması (ətraflı: İxtisaslaşmış müəssisədən müalicə almağı məsləhət görülür) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ bazunun yuxarı 1/3-nin toxunan qəlpə yarası, sağ saidin, sağ baldırın orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kor qəlpə yaraları” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə göndərişin natamam doldurulması (ətraflı: Əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 533 nömrəli göndərişinə əsasən, Diaqnoz: F07.0. Şəxsiyyət dəyişkənliyi, tez-tez cəngolma tutmaları (ayda 7-8 dəfə); G40 Epilepsiya. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1361 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Bədəlov X2 tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş X6 barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona xx.xx.2024cü il tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - X5 Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 Stasionar müalicə aldığı müəssisə: X5 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Daima baş ağrıları, baş gicəllənmələrindən, yuxusuzluqdan, səbəbsiz əsəbdən şikayətlənir. Daxilən narahat, gərgindir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyətə həvəssiz olaraq qoşulur. Tez-tez psixotik hallar keçirir. Əhval ruhiyyəsi kəskin dəyişkən, enikdir. Özünə qapanıqdır. Öz özünə danışır. Suallara qısa və əsəbi cavab verir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Yuxusu və yaddaşı pozulub. Konfliktlərə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Depressivdir. İntellekti enib. Xəstədə ayda 7-8 dəfə qıcolma tutmaları baş verir, tutma zamanı xəstə yıxılır, huşunu itirir, aşağı ətrafları qıc olur, ağzından köpük gəlir. Tutmalar 3-5 dəq çəkir, ayıldıqda süst yornuq olur, tutmanın baş verdiyini unudur. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu - Yanaşı xəstəliklər G40.3, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti Digər psixi pozuntular – F07.0 stasionar - 10 gün ambulator – 2 dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iş materialında olan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda onun barəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən bir neçə dəfə sorğu edilməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli imtina qərarının iddiaçıya təqdim edilməsini və ya qərar barədə məlumat verilməsini təsdiq edən başqa sənəd təqdim edilməmişdir. Qeyd olunan xx.xx.2024-cü il tarixli məktubun isə iddiaçıya nə vaxt təqdim edilməsi barədə məlumat mövcud deyil. Digər tərəfdən həmin məktubda hüquqi müdafiə vasitələri qeyd olunmamışdır. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 xəstəliyinə görə son 1 (bir) ildə tələb olunan minimal stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti isə - 2 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən başlayaraq müddətli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdən “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom. Teztez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 533 nömrəli göndərişinə, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1361 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, F07.0 diaqnozu qoyulmuşdur. X5 tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, iddiaçı daima baş ağrıları, baş gicəllənmələrindən, yuxusuzluqdan, səbəbsiz əsəbdən şikayətlənir. Daxilən narahat, gərgindir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyətə həvəssiz olaraq qoşulur. Tez-tez psixotik hallar keçirir. Əhval ruhiyyəsi kəskin dəyişkən, enikdir. Özünə qapanıqdır. Öz özünə danışır. Suallara qısa və əsəbi cavab verir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Yuxusu və yaddaşı pozulub. Konfliktlərə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Depressivdir. İntellekti enib. Xəstədə ayda 7- 8 dəfə qıcolma tutmaları baş verir, tutma zamanı xəstə yıxılır, huşunu itirir, aşağı ətrafları qıc olur, ağzından köpük gəlir. Tutmalar 3-5 dəq çəkir, ayıldıqda süst yornuq olur, tutmanın baş verdiyini unudur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2008-ci ildən başlayaraq eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı təkrar əlilliyə görə üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 xəstəliyindən 2023-cü il ərzində stasionar qaydada 22 gün, ambulator qaydada isə 4 dəfə müalicə almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Eyni zamanda iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş xx.xx.2023-cü il tarixdə verilmişdir. Ona görə də iddiaçının təkrar əlilliyinin başlanması həmin tarixdən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Zahid Şahniyar oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva