Məhkəmə qərarları › İş №2-1(114)-303/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-303/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-303/2021 25.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayon Alakol bələdiyyəsi, X2, X1, X3 və X4) istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 08.10.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Alakol kəndində yerləşən 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 08.06.2020-ci il tarixli, 2-1(114)- 171/2020 nömrəli qərardad ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 08.06.2020-ci il tarixli, 2-1(114)- 171/2020 nömrəli qərar ilə iddia tələbi təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2-1(114)-171/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15.09.2020-ci il tarixli, 2-1(104)- 614/2020 nömrəli qərardad ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2-1(114)-171/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 18.05.2021-ci il tarixli, 2-1(114)- 303/2021 nömrəli qərardad ilə X2, X1, X3 və X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999cu il tarixli, 646 nömrəli qərarı ilə iddiaçıya səhvən 0.07 ha torpaq sahəsi ayrılmış və sonradan iddiaçının şikayəti əsasında səhvə düzəliş edilərək 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Torpaq sahəsi həmin dövrdən iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi əkinə yararsız daşlı torpaq sahəsi olmuşdur, onu öz əziyyət ilə təmizləyib yayarlı hala salmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 25 avqust 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 08.02.2019-cu il tarixli imtina məktubunun əsli; - JN-730A KOD 20303018 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti; - JN-674 KOD 50303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-644 KOD 50303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-645 KOD 50303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-646 KOD 50303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-647 KOD 50303018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - 22.11.2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinin surəti; - 15.04.2021-ci il tarixli, 15/M-036 nömrəli mütəxəssis rəyinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Tovuz rayonu Alakol kəndində yerləşən 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu iddiaçıya 08.02.2019-cu il tarixli imtina məktub ünvanlayaraq bildirmişdir ki, Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən araşdırma aparılarkən müəyyən edilmişdir ki, Tovuz rayonu Aqrar İsianat komissiyasının 08.02.1999-cu ii tarixli, 30 saylı qərarına əsasən iddaçıya 0.07 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmış və müvafiq qaydada torpağa mülkiyyət hüququna dair JN-646 nömrəli dövlət aktı verilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının müəyyən edilməsi torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin oayır.a bölünməsi yolu ilə təyin edilir. İddiaçının mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi 0.37 torpaq sahəsi ilə bağlı Ərazi idarəsinin arxiv məlumatlarında hər hansı bir məlumat aşkarlanmamışdır. Həmçinin həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Cavabdehin imtinasından narazı qalan İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Tovuz rayonu Alakol kəndində yerləşən 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə iclası zamanı iddia tələbi dəyişdirilmiş, qeyd edilən dəqiqləşmə məhkəmə tərəfindən qəbul edilərək onun iddiasının təmin edilməsinə dair qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2-1(114)-171/2020 nömrəli qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Şikayətdə əsas kimi İddiaçı iddia etdiyi və hazırda isifadə etdiyi torpaq sahəsinin ayrı-ayrı vətəndaşların mülkiyyətində olması qeyd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(104)-614/2020 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərarda apelyasiya instansiya məhkəməsi işi yenidən arşdıran zaman iddiaçının istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini araşdırmasını birinci instansiya məhkəməsinə tövsiyyə etmişdir. Qeyd edilən tövsiyyəyə əməl edən məhkəmə 04.02.2021-ci il tarixli, 2-1(114)-3030/2021 nömrəli qərardad qəbul edərək, iş materialları mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş və mütəxəssis qarşısında “Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 646 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0,12 ha torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü?, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 646 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0,12 ha torpaq sahəsinin təyinatı və kateqoriyası nədir?, həmçinin həmin torpaq sahəsi dövlət torpağı ilə üst-üstə düşürmü? Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 646 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0,12 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətində və ya istifadəsindədirmi?” sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən Gəncə İnzibati Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2-1(114)- 303/2021 nömrəli qərardadında qoyulmuş sualları cavablandırılmış və mütəxəssis rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş 15.04.2021-ci il tarixli, 15/M-036 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi Alakol kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən başqa mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi hazırda iddiaçının iddia etdiyi və istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi Alakol kəndinin torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsiə əsasən başqa mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə araşdrıması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahələrinin mülkiyyətçiləri müəyyən edilərək məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər, lakin məhkəməyə dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının:- - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur, belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahələri başqa-başqa şəxslərin mülkiyyətindədir və bu səbəbdən də, məhəmə hesab edir ki, iddiaçının iddiası təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, keçirilmiş ekspertiza xərci (iş üzrə alınmış mütəxəssis rəyinin xərci) 311 (üç yüz on bir) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayon Alakol bələdiyyəsi, X2, X1, X3 və X4) istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 303, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayon Alakol bələdiyyəsi, X2, X1, X3 və X4) istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınması barədə iddia tələbi təmin edilməsin. Ekspertiza xərci olan (iş üzrə alınmış mütəxəssis rəyinin xərci) 311 (üç yüz on bir)manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, Benefisiarın hesabı: AZ23AİİB**********701778107, VÖEN: **********) tutulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar