Məhkəmə qərarları › İş №2-1(114)-3047/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3047/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3047/2025 25.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı2 cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********00012 nömrəli akta əsasən müvəqqəti saxlanca götürülmüş 20 qutu Omega-3 1000 Mivais malın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. İddiaçı1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Dədə Yadigar küçəsi, ev 66 ünvanda yaşayır.

2. İddiaçı2 xx.xx.2002-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır.

3. xx.xx.2024-cü tarixdə Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş **********740 nömrəli bəyannamə İddiaçı1 tərəfindən imzalanmışdır.

4. xx.xx.2024-cü il saat 18:46 tarixdə Dövlət Gömrük Komitəsi X7 Gömrük Postunda İddiaçı1 faktura dəyəri 65 $ dəyərində **********00016 qeydiyyat kodlu 20 qutu OMEGA-3 1000 MİVOLİS mal 120 gün müddətinə X7 postunun müvəqqəti saxlanc yerində müvəqqəti saxlanca götürülmüşdür. Müvəqqəti saxlanca götürülmə üçün əsas şəxsi istifadə miqdarından artıq olması qeyd olunmuşdur. Bu barədə **********00012 nömrəli “Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair akt tərtib edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyin “X3” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli, 3-28-1/2-25491/2025 nömrəli məktubunda bildirmişdir ki, Almaniya istehsalı olan “Mivolis Omega3 1000 mg, kapsul №60” adlı məhsula aid göndərilən fotoşəkil (məhsulun şəkli) əsasında Mərkəzin aidiyyəti “Elektron-baza”sı üzrə ekspertlər tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, adıçəkilən məhsul dərman vasitəsi hesab olunmur, çünki məhsulun ekspertizasına dair rəy almaq üçün Mərkəzə indiyədək müraciət edilmədiyindən, onun dərman vasitəsi olub-olmaması ilə bağlı tərəfimizdən hər hansı müvafiq rəy verilməmişdir. Bu səbəbdən, adıçəkilən məhsul Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli, 287 nömrəli qərarına əsasən təsdiq olunmuş “Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ekspertizadan keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq bizim ölkəmizdə BFMQƏ (qida əlavəsi) statusu almayıb. Lakin təqdim olunan məhsulun (fotoşəkil üzrə) qablaşması üzərində olan məlumata əsasən “Mivolis Omega3 1000 mg, kapsul №60” adlı məhsul öz ölkəsində qida əlavəsi hesab olunur. Eyni zamanda, internet resursları üzərindən əldə olanan məlumatlara əsasən də bu məhsul ürək, beyin fəaliyyətini və orqanizmin ümumi sağlamlığını dəstəkləmək üçün istifadə olunan qida əlavəsidir. Məhz bu baxımdan, adıçəkilən məhsul dərman vasitəsi olmadığı üçün dövlət qeydiyyatı tələb olunmur. Bununla yanaşı, məlumat üçün, BFMQƏ-nin (yeni adla, Bioloji aktiv qida məhsulu – BAQM) qeydiyyat prosesi Mərkəz tərəfindən aparılmır. Belə ki, hər hansı bir məhsulun ekspertizasına dair Mərkəzdən müvafiq rəy verildikdən sonrakı mərhələlərdə görülən bütün işlər (BFMQƏ-nin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək və s.) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında” Əsasnaməyə əsasən hal-hazırda AQTA-nın səlahiyyətinə daxildir. Həmçinin, artıq 2024-cü ilin 01 iyul tarixindən Agentlik tərəfindən BAQM-ın dövlət qeydiyyatına alınması prosesinə başlanılmışdır.

Məhkəmə mübahisəsi:

6. İddiaçı1 cavabdeh Dövlət Gömrük Komitəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Gömrük Postu tərəfindən tərtib olunmuş **********00012 nömrəli aktının ləğv edilməsi və 20 qutu “Mivolis” markalı Omega-3 1.000 vitamin mənşəli qida əlavəsinin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, **********00012 nömrəli akta əsasən müvəqqəti saxlanca götürülmüş 20 qutu Omega-3 1000 Mivais malın qaytarılması öhdəliyinin Gəncə Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir..

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

9. Cavabdeh Gəncə Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli, 3-33-1600/2-000336/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək X7 gömrük postunun Gəncə Gömrük İdarəsinin tabeliyində olmadığını nəzərə alaraq cavabdehin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəyişdirilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə əvəzləşdirilməsini xahiş etmişdir.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

11. xx.xx.2025-ci il tarixində İddiaçı1 və İddiaçı2 ərizə təqdim edərək İddiaçı2 da iddiaçı kimi işə cəlb olunmasını xahiş etmişlər.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********00012 nömrəli akta əsasən müvəqqəti saxlanca götürülmüş 20 qutu Omega-3 1000 Mivais malın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

İddiaçının dəlilləri:

13. Hazırkı tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı İddiaçı1 09 sentyabr 2024-cü il tarixinə Almaniya Federasiyasından Almaniya-Türkiyə-Azərbaycan reysinə aviabilet almışdır. Onların hər ikisinin gözlərində zəiflik olduğu üçün və ümuniteti artırmaq üçün həkim məsləhəti ilə 13 qutu yoldaşı, 12 qutu isə həyat iddiaçı, ümumilikdə 25 qutu olmaqla balıq yağı vitamin mənşəli qida əlavəsi olan balıq yağı alınmışdır. Bunları aparmaqda heç bir maneə olmadığını Almanya hava yollarındakı Gömrük İdarəsindən öyrənilmişdir. Almaniya və Türkiyə Gömrük postlarında yoxlayıb heç bir qanunsuzluq olmadığı üçün Azərbaycana sərbəst aparmasına icazə verilmişdir. Lakin X7n Gömrük postunda bu malların dərman olması əsası ilə icazə verilməmişdir. İddiaçının yoldaşı onlara bildirmişdir ki, bu heç bir dərman peraparatı deyil, bu qida əlavəsidir 12 ədəd yoldaşının 13 ədəd iddiaçı, öz istifadəsi üçün əldə etmişdir. Gömrük postunun əməkdaşı sonradan adı məlum olan X4 bildirmişdir ki, 5 ədəd qaytarılacaq, 20 ədədini saxlayacaqlar və bu haqda **********00012 nömrəli akt tərtib edərək bildirilmişdir ki, 120 gün müddətinə Almaniyaya qayıdarsa o, halda geri qaytarılacaq. İddiaçıgil yenə xatırlatmışdır ki, bu qida əlavəsidir və yoxlanışdan keçərək dövlət rüsumu olaraq 2 kq 150 qr. rüsumunu ödəmişdir. Eyni zamanda bildirmişdir ki, onlar 120 gün müddətində Almaniyaya geri qayıtmayacaq. Lakin yenə Gömrük əməkdaşı bildirdi ki, artıq gecdir, akt tərtib edilmişdir. Beləliklə, Dövlət Gömrük Komitəsi X7 Gömrük Postunun əməkdaşı, Firqət Alxasov öz vəzifə səlahiyyətindən sui-istifadə etmişdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

14. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddianın təmin olunmasını xahiş etmişdir.

15. Digər İddiaçı1 sonuncu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir.

16. İddiaçı1 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Cavabdehin etirazı:

17. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-33-3100/2-002005/2025 nömrəli etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır. şin hallarından müəyyən edilir ki, fiziki şəxs İddiaçı1 tərəfindən 20 qutu bioloji aktiv qida əlavəsi (Mivolis Omega-3 1000 mg - hər qutuda 60 kapsul olmaqla) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin struktur bölməsi olan X5 Limanı gömrük postunda **********740 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan olunmuşdur. Göründüyü kimi İddiaçı1 gömrük ərazisinə qanunvericiliyin ona verdiyi icazə həddindən xeyli artıq miqdarda eyni malları şəxsi istifadə üçün gətirmək niyyətində olmuşdur. Gömrük orqanının əməkdaşı tərəfindən qanunvericiliklə ona verilimiş dispozitiv səlahiyyət əsasında malların miqdarı və xassəsi nəzərə alınmaqla, onların tam həcmdə şəxsi istifadə məqsədli olduğu qənaətinə gəlinməmiş, qida əlavələri **********00012 nömrəli akt əsasında müvəqqəti saxlanc anbarına yerləşdirilmişdir. İddiaçı tərəfindən imzalanmış **********00012 nömrəli aktın məzmununa əsasən, gömrük əməkdaşı tərəfindən müvəqqəti saxlanc tədbirinin tətbiq edilmə səbəbləri, müddəti və tədbirin nəticələri barədə qanunvericiliyin tələbləri ona izah edilmişdir. Aktın imzalanması ilə iddiaçı tərəf həmin malların qanunvericilikdə müəyyən olunmuş 120 günlük saxlanc müddəti ərzində gömrük rəsmiləşdirilməsinin başa çatdırılmaması və ya ölkə sərhədindən geri qaytarılmaması halında malların dövlət mülkiyyətinə keçirilməsini başqa sözlə həmin mallardan dövlətin xeyrinə imtina etməsini əvvəlcədən razılaşdırılmış hüquqi iradə ilə bəyan etmiş olur. Eyni zamanda iddiaçı tərəfin malların çəkisinə əsasən etmiş olduğu bildirdiyi ödənişlər, təqdim olunmuş sənədlər və gömrük qanunvericiliyinin maddi və prosessual normaları baxımından gömrük rəsmiləşdirilməsi ilə bağlı qanuni öhdəliklərin icrası hesab edilə bilməz. Həmin ödənişin hüquqi mahiyyəti məlum olmadığından, bu məbləğin ödənilməsi faktı malların hüquqi statusunu dəyişdirmir və onların güzəştli qaydada buraxılmasına əsas yaratmır. İş materiallarının təhlili nəticəsində müəyyən olunmuşdur ki, digər İddiaçı2 adına gömrük orqanlarının X1 Sistemində (VAİS) qeydiyyata alınmış gömrük bəyannaməsi mövcud deyildir. Bundan əlavə, mübahisə predmeti olan malların həmin şəxsə məxsus hissəsinin müvəqqəti saxlanc anbarına verilməsinə dair də akt tərtib edilməmişdir.

18. Daha sonra xx.xx.2025-ci il tarixli, 3-33-3100/2-003081/2025 nömrəli məktubunda cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan mallar xx.xx.2024-cü il tarixində **********00012 nömrəli akt əsasında X7 gömrük postunun müvəqqəti saxlanc yerində saxlanca götürülmüşdür. İddiaçı1 malların 120 gün müddətinə müvəqqəti saxlanca verilməsini öz imzası ilə təsdiq etmişdir (aktın surəti əlavə olunur). Eyni zamanda, iddiaçı aktın müvafiq xanasını imzalamaqla mallar üzərində öz mülkiyyət hüququndan imtina edəcəyini qabaqcadan könüllü şəkildə bildirmiş, “mənə məxsus mallar, o cümlədən tez xarab olan mallar daxil olmaqla qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra mənim tərəfimdən gömrük ərazisindən çıxarılmadıqda həmin mallardan dövlət xeyrinə imtina edirəm” məzmunlu öhdəlik götürmüşdür. Lakin şəraitin dəyişəcəyi təqdirdə hüquqlarının sonradan bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi qənaətinə gəlinmədiyindən İddiaçı1 tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək saxlanc müddətinin dayandırılması barədə öncədən məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə təqdim edilməmişdir. Nəticədə malların müvəqqəti saxlanc yerində saxlanılması müddəti aktın tərtib edildiyi tarixdən 120 gündən artıq keçməsi səbəbilə, təqribən xx.xx.2025-ci il tarixində bitmişdir. Belə ki, saxlanc müddəti keçmiş mallar barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2014-cü il 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən sərəncam verilir. Bu səbəbdən, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir və hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyildir. Eyni zamanda digər İddiaçı2 adına Dövlət Gömrük Komitəsinin X1 Sistemində (VAİS) qeydiyyata alınmış gömrük bəyannaməsi mövcud deyildir. Başqa sözlə, mübahisə predmeti olan malların həmin şəxsə məxsusluğu iddia edildiyi hissəsi İddiaçı2 adından bəyan edilməmiş, həmçinin müvəqqəti saxlanc anbarına verilməsinə dair akt tərtib edilməmişdir. Məlumdur ki, **********740 nömrəli sadələşdirilmiş bəyannamə əsasında 20 qutu qida əlavəsi İddiaçı1 tərəfindən müvafiq gömrük orqanına bəyan edilmişdir. Əlavə olaraq zəruri hallardan bir digəri də, “OMEGA-3 1000 MİVOLİS” adlı malın dərman preparatı, yaxud qida əlavəsi olub-olması, eyni zamanda sözügedən malın XİF MN kodunun müəyyən edilməsi ilə bağlı məhkəmənin ardıcıl qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3" publik hüquqi şəxsinə ünvanladığı sorğuların hüquqi əhəmiyyəti ilə bağlıdır. Müvafiq sorğuların məzmununu təşkil edən suallar üzrə həqiqətin müəyyən edilməsi yaranmış mübahisənin hüquqi həllinə təsir etməyən və tərəflərin mübahisələndirmədiyi aşkar faktlardır. Hazırki münasibətlərin həlli qaydası, malların dərman vasitəsi və ya bioloji qida əlavəsi kateqoriyasına daxil olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə müəyyən edilmiş hədlər çərçivəsində tənzimlənməlidir. İddiaçı tərəf istisnasız şəkildə mübahisə predmeti olan malların bioloji qida əlavəsi (vitamin) olduğunu təsdiq edir. Nə iddia ərizəsində, nə də sonradan təqdim edilən dəqiqləşdirilmiş tələbdə, malın qida əlavəsi olub-olmamasına şübhə ilə yanaşılmamışdır. İddia ərizəsində mal dərman vasitəsi olduğu üçün gömrük əməkdaşı tərəfindən icazə verilməməsi ilə bağlı qeyd edilənlər tamamilə əsassızdır. Başqa sözlə, tərəf iddia edir ki, mallar dərman vasitəsi olduğu üçün saxlanca götürülmüşdür. İş üzrə təqdim edilən etiraz məktubunda da, hətta şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin - güzəştli qaydada gətirilməsinə qanunvericiliklə icazə verilməsi faktını məlumat məqsədilə bildirmişdir. Hər bir halda, malların növünün bioloji qida əlavəsi olması tərəflərə bəllidir. Sözügedən 20 qutu bioloji qida əlavəsinin şəxsi istifadə məqsədi ilə ölkəyə gətirildiyi şəxsin bəyanı əsasında gömrük orqanı tərəfindən yəqinləşdirilmişdir. Lakin, malların miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə müəyyən edilmiş hədlərdən artıq olduğundan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 301.2-ci maddəsinə əsasən şəxsin seçimi əsasında müvəqqəti saxlanc anbarında yerləşdirilmişdir. Malların saxlanc müddəti ərzində şəxs müəyyən edilmiş vergi və ya gömrük rüsumlarını ödəyərək malları ölkəyə idxal edə bilərdi və ya gömrük sərhədindən geri qaytara bilərdi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi subyektiv hüququn mövcudluğu inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtidir. Həmin şərtin pozulması isə iddiaya mahiyyəti üzrə qiymət verilməsinə imkan vermir. Hazırkı iş üzrə də məhz həmin mümkünlük şərtinin pozulması iddianın mahiyyəti üzrə baxılmasına imkan vermir. Belə ki, mübahisə predmeti olan mallara dair xx.xx.2024-cü tarixli sadələşdirilmiş bəyannamə və Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş **********740 nömrəli bəyannamə və **********00012 nömrəli “Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair aktı iddiaçının həyat yoldaşı İddiaçı1 tərəfindən imzalanmışdır Başqa sözlə, İddiaçı1 gömrük orqanlarında qeyd edilən sənədlərə imza atmaqla həmin malların özünə məxsus olmasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı2 cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********00012 nömrəli akta əsasən müvəqqəti saxlanca götürülmüş 20 qutu Omega-3 1000 Mivais malın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar