Məhkəmə qərarları › İş №2-1(114)-305/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-305/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-305/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs “xxxx” ASC-nin (keçmiş “xxxx” İKB ASC-nin) etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı NAİQİN-K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehnə qarşı (üçüncü şəxs “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti) icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ona məxsus obyektə özbaşına müdaxilə olunmasına son qoyulması, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və barələrində xüsusi qərardad çıxarılması, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı NAİQİN-K “xxxx” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının xx.xx.2019-cu il tarixdə NAİQİN-K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Tovuz rayonu, İbrahimhacılı kəndindəki şərab istehsalı zavodunun ərazisinə hasardan aşmaq yolu ilə özbaşına daxil olması, fotoşəkillər çəkməsi, şərab çənlərini yoxlaması və akt tərtib etməsinin qanunsuz hesab olunması və həmin obyektə cavabdehin əməkdaşları tərəfindən istənilən formada özbaşına müdaxilə olunmasına son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı NAİQİN-K “xxxx” MMC Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ona məxsus obyektə özbaşına müdaxilə olunmasına son qoyulması, xx xxxx 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və barələrində xüsusi qərardad çıxarılması, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, NAİQİN-K “xxxx” MMC-dən “xxxx” İKB ASC-nin xeyrinə pul tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-99/2009 saylı qətnaməsi üzrə icra vərəqəsinin dublikatı “xxxx” İKB ASC-nin müvafiq müraciətinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdehnə göndərilmiş və həmin icra vərəqəsi əsasında xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunsa da Cavabdeh əməkdaşları icra haqqında qanunvericiliyin tələblərinə əməl etməyib və NAİQİN-K “xxxx” MMC-yə tələbin könüllü icrası barədə bildiriş göndərməmişlər. Bundan başqa NAİQİN-K “xxxx” MMC Cavabdeh xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və bu barədə Cavabdehnə məlumat vermişlər. Lakin icra haqqında qanunvericiliyin yuxarıda qeyd olunan məcburi tələblərinin icra olunmammasına və icraata başlamaq haqqında qərarının ləğv edilməsinə dair məhkəmədə iş olmasına baxmayaraq Cavabdeh əməkdaşları- böyük icra məmurları Xəyal Verdiyev və Babək İsmayılov, habelə Asəf adlı əməkdaşı xx.xx.2019-cu il tarixdə axşam saat 18:00-19:00 radələrində NAİQİN-K “xxxx” MMC-nin Tovuz rayonu, İbrahimhacılı kəndindəki şərab istehsalı zavodunun ərazisinə hasardan aşmaq yolu ilə özbaşına daxil olmuş, fotoşəkillər çəkib, şərab çənlərini yoxlayıb və məzmunu iddiaçıya məlum olmayan akt tərtib edərək hasardan aşmaqla zavodun ərazisini tərk edərək getmişlər. Zavodun gözətçisi icra məmurlarından sabahadək gözləməyi və zəruri hərəkətləri zavod rəhbərliyinin iştirakı ilə etməyi tövsiyə etsə də, icra məmurları buna əhəmiyyət verməmişlər. Beləliklə icra məmurları könüllü icra haqqında bildiriş vermədən, iş vaxtından sonra, NAİQİN-K “xxxx” MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan və hasardan aşmaq yolu ilə zavodun ərazisinə müdaxilə edərək icra haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozmuşlar. İddiaçının nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bankla aralarında razılaşma olmuş, banka olan borcdan ödənişlər edilmiş, borcun ödənilməsindən yayınmamışlar, qətnamə ilə qət edilmiş borc məbləği tam ödənilmişdir, icra məmurlarının hərəkətləri isə tam qanunsuz olmuş, sahəyə onlara məlumat vermədən daxil olmuşlar. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, NAİQİN-K “xxxx” MMC-dən “xxxx” İKB ASC-nin xeyrinə pul tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-99/2009 saylı qətnaməsi üzrə icra vərəqəsi Cavabdehnə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu barədə borcluya xəbər verilmiş, lakin borclu icra vərəqəsini icra etməkdən qərəzli şəkildə yayınmış, həmçinin icra məmurlarının icra ilə bağlı tədbirlər görmələrinə maneçilik törətmişlər. Üçüncü şəxs “xxxx” ASC-nin (keçmiş “xxxx” İKB ASC-nin) nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, NAİQİN-K “xxxx” MMC 2009-cu il tarixli icra sənədi üzrə borcunu ödəməmişdir, ona görə də icra şöbəsinin hərəkətlərini müxtəlif bəhanələrlə mübahisələndirir və icranın yubadılmasına çalışır. Tələbin “xx xxxx 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi” hissəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx xxxx 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(84)-99/2009 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. -xx xxxx 2018-ci il tarixli, 149717/2018 nömrəli “Tələbin könüllü icrası haqında” bildirişin surətindən görünür ki, X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(84)-99/2009 nömrəli icra sənədində göstərilən tələbin könüllü şəkildə icra edilməsi üçün NAİQİN-K “xxxx” MMC-yə 10 (on) gün müddətində vaxt verilmiş, bildiriş NAİQİN-K “xxxx” MMC-yə təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Ədilov.Ə.Ə tərəfindən qəbul edilmişdir. -xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(84)-99/2009 nömrəli icra sənədinin icrası məqsədilə Cavabdeh icra məmurları Babək İsmayılov, Asif Hüseynov, İlqar Məmmədov, “xxxx” İKB ASC-nin nümayəndəsi Orxan Məmmədov, Tovuz rayon Polis şöbəsinin sahə rəisi Sərxan Əliyev tərəfindən NAİQİN-K “xxxx” MMC-nin Tovuz rayonu, İbrahimhacılı kəndindəki şərab istehsalı zavodunun ərazisinə baxış keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə X8 Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-1(84)-99/2009 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış, “Tələbin könüllü icrası haqında” bildirişlə icra sənədində göstərilən tələbin könüllü şəkildə icra edilməsi üçün NAİQİN-K “xxxx” MMC-yə 10 (on) gün müddətində vaxt verilmiş, bildiriş NAİQİN-K “xxxx” MMC-yə təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Ədilov.Ə.Ə tərəfindən qəbul edilmişdir. Bundan sonra icra tədbirinin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh icra məmurları Babək İsmayılov, Asif Hüseynov, İlqar Məmmədov, “xxxx” İKB ASC-nin nümayəndəsi Orxan Məmmədov, Tovuz rayon Polis şöbəsinin sahə rəisi Sərxan Əliyev tərəfindən NAİQİN-K “xxxx” MMC-nin Tovuz rayonu, İbrahimhacılı kəndindəki şərab istehsalı zavodunun ərazisinə baxış keçirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun:- -2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. -İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir -Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. -10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İddiaçı cavabdeh orqanın əməkdaşları tərəfindən ona məxsus obyektə özbaşına müdaxilə olunmasını iddia etsə də, cavabdeh orqanın əməkdaşları icra qanunvericiliyinin tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başladıqdan sonra tələbin könüllü şəkildə icrası üçün borcluya müvafiq bildiriş göndərmiş, lakin borclu tərəfindən tələb könüllü şəkildə icra edilmədiyindən icra tədbirlərinin həyata keçirilməsi üçün icra məmuru tərəfindən müvafiq vaxt təyin edilmiş, eləcə də sözügedən əraziyə baxış polis sahə rəisinin iştirakı ilə qanunamüvafiq şəkildə həyata keçirilərək aktlaşdırılmışdır. Göründüyü kimi icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə qanuni icra hərəkətlərini yerinə yetirmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı NAİQİN-K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ona məxsus obyektə özbaşına müdaxilə olunmasına son qoyulması, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və barələrində xüsusi qərardad çıxarılması, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar