Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-305/2022 17.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı “26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək 10.09.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı 11.09.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış və 28.06.1999-cu il tarixədək müxtəlif idarələrdə işləmişdir. İddiaçı 02.11.1974-14.11.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə 16.09.2021-ci il tarixdə inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, sonuncu isə 04.10.2021-ci il tarixli **********9 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X4 filialının 30.09.2021-ci il tarixli 1084(310)/3 nömrəli məktuba əsasən 26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixədək Gəncə şəhər X2 Satış Ticarəti Birliyinin 207 nömrəli mağazasında əmək haqqı alması barədə məlumat olmadığı üçün onun 1993-1999-cu illərə aid olan dövrdə sosial sığorta haqlarının ödənildiyi məlum olmamış və bu səbəbdən də qeyd edilən dövr sığorta stajı kimi nəzərə alınmır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumilikdə 01.01.2006-cı il tarixədək 17 il 11 ay 11 gün sığorta stajı olduğu üçün qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona yaşa görə əmək pensiyasının təyin olunması imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə verərək, 26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək 10.09.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 17.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11.09.1973-cü ildən Tikinti quraşdırma trestində 2 nömrəli səyyar mexanikləşdirici dəstəsində çilingər işləmiş, 30.10.1974-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuş, 29.03.1977-ci ildən Kirovabad Pivə zavodunda mövsümi pivə süzümü sahəsində fəhlə qəbul edilmiş, 14.07.1978-ci ildə öz ərizəsi ilə işdən azad olunmuş, 20.07.1978-ci ildən Kovrovo-Sukonnu Kombinatına hörmə sexinin 1 saylı sahəsinə operator tələbəsi işinə qəbul olunmuş, 10.10.1981-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 01.11.1981-ci ildən Kirovabad şəhər rabitə qovşağında poçtalyon müşahidəçisi işinə qəbul olunmuş, 26.06.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 02.07.1984-cü ildən Kirovabad Eksperimental istilik kombinatında mühasib vəzifəsinə qəbul olunmuş, 12.07.1989-cu ildə işdən azad olmuş, 13.07.1989-cu ildə ORS “Azenerqostroy” mühasib işinə qəbul olunmuş, 21.02.1992-ci ildə işdən azad olmuş, 26.02.1992-ci ildə Gəncə şəhər Ərzaq malları n/m birliyi 207 nömrəli mağazasının müdiri işinə qəbul olunmuş 28.06.1999-cu ilədək orada işləmişdir. Pensiya təyinatı üçün cavabdehə müraciət etsə də, 7 il 04 ay stajı təsdiqlənmədiyi üçün pensiya təyin olunmasından imtina edilmişdir. əmək kitabçasında 26.02.1992-ci ildən 28.06.1999-cu ilədək Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi müddəti cavabdeh hesablamamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.. Cavabdeh iddiaya qarşı 14.01.2022-ci il tarixli **********3 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının 10.09.2021-ci il tarixdən pensiya hüququ yaranmış, 16.09.2021-ci ildə ərazi filialına yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. İddiaçı tələb olunan 25 il sosial sığorta stajına qarşı 17 il 11 ay 11 gün sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. iş materiallarına əsasən vətəndaşın əmək haqqı almasına dair məlumat olmadığından əmək haqqından sosial sığorta haqlarının tutulması müəyyənləşdirilə bilmədiyi üçün həmin müəssisədə 1993-cü ildən 28.06.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 04.10.2021-ci il tarixli **********9 nömrəli imtinası, X4 filialının 20.10.2021-ci il tarixli 1155(764)/4 nömrəli arxiv arayışı, iddiaçıya məxsus BY seriyalı 070945 nömrəli hərbi biletinin notariat qaydada təsdiq edilmiş surəti, iddiaçıya məxsus 20.09.1973-cü il tarixdə açılmış əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, cavabehin 14.01.2022-ci il tarixli **********3 nömrəli etirazı, 12 saylı Ərazi vergilər Baş İdarəsinin 27.12.2021-ci il tarixli **********886500 nömrəli və 14.01.2022-ci il tarixli **********948800 nömrəli məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (10.09.2021-ci il tarixdə 65 yaşına olmuşdur). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı hərbi xidmət dövrü ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu dövr üzrə 17 il 11 ay 11 gün sosial sığorta stajını nəzərə alır. 26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi dövr üzrə yerində qarşılıqlı yoxlama mümkün olmaması əsas tutaraq həmin dövrün staja daxil edilməsinə etiraz edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1.-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən tələbləri nəzərə alaraq məhkəmə iddiaçıya məxsus əmək kitabçasını nəzərdən keçirmiş və müəyyən etmişdir ki, iddiaçı 26.02.1992-ci il tarixli, 29 №-li əmrlə Gəncə şəhər Ərzaq Malları n/m birliyinin 207 nömrəli mağazasında müdir vəzifəsində işə qəbul olunmuş, 28.04.1999-cu il tarixli 2 nömrəli əmrlə 28.06.1999-cu il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikasının X4 filialının 20.10.2021-ci il tarixli, 1155(764)/4 nömrəli arxiv arayışına əsasən iddiaçı 26.02.1992-ci il tarixli 29 nömrəli əmrlə 26.02.1992-ci il tarixdə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasına müdir təyin edilmiş, 28.02.1999-cu il tarixli 2 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 19.04.1999-cu il tarixli 230 nömrəli sərəncamını və 20.04.1999-cu il tarixli 23 nömrəli əmrin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhər X2 satış ticarət birliyi ləğv edilmişdir. Həmin arxiv arayışn qeyd hissəsində bildirilmişdir ki, Gəncə şəhər X2 satış ticarət birliyinin arxiv fondunun 1993-cü ilin aprel ayından 1999-cu ilədək əmək haqqı cədvəlləri yoxlanılmış və iddiaçının adı aşkar olunmamışdır. Beləliklə, iddiaçının faktiki olaraq həmin müəssisədə 1999-cu ilədək işləməsi əmək kitabçasında qeyd olunsa da, arxiv sənədlərindən onun 1993-cü ilin aprel ayından sonra əmək haqqı alması öz təsdiqini tapmır. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı “26.02.1992-ci il tarixdən 28.06.1999-cu il tarixə Gəncə şəhər X2 satış ticarət birliyinin 207 nömrəli mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək 10.09.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-305/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-305/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver