Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-305/2024 29.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı3, İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Tərtər rayonu Azadqaraqoyunlu kənd inzibati ərazi vahidi nümayəndəliyinin Azad kolxozunun islahatı ilə əlaqədar Qapanlı, Azadqaraqoyunlu və İlxıçılar kəndləri üzrə torpaq payı alacaq subyektlərin siyahısından görünür ki, iddiaçıların faktiki torpaq sahəsinin ölçüsü 0,26 ha-dır. Tərtər rayonu Azad adına kolxoz Aqrar İslahatı komissiyasının xx.xx.1998-ci il tarixli 03 saylı protokoluna əsasən qərara alınmışdır:
2. Ərazinin əhatə etdiyi Qapanlı, Qaraqoyunlu və İlxıçılar kəndləri üzrə islahat komissiyası tərəfindən tərtib edilmiş torpaq payı almaq hüququna malik subyektlərin adla siyahısı təsdiq edilsin. 6.Vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı torpaq sahələri mülkiyyətçilərin istifadəsind saxlanılmaqla, onların mülkiyyətinə verilən torpaq payından çıxılsın. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən Tərtər rayonu Azad adına kolxoz Aqrar İslahatı komissiyasının xx.xx.1998-ci il tarixli 03 saylı protokolu təsdiq edilmişdir (2-ci bəndi). Həmin qərar əsasında X2 və onun ailə üzvləri-İddiaçı2, İddiaçı3 Məmməd oğluna 0,26 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2004-cü il tarixdə 177 nömrə ilə qeydə alınmış JN-190A nömrəli, 61103018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifikatından görünür ki, tikintialtı sahə 129,1 kv.m, əkin sahəsi 2.488,8 kv.m olmaqla torpağın ümumi sahəsi 2.617,9 kv.m-dir. xx.xx.2023-cü il tarixdə Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində yerləşən **********25 reyestr nömrəli 0,8083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-113 nömrəli dövlət aktı əsasında 0,8083 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə AN925614 nömrəli plan və ölçüsü hazırlanmışdır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 247 nömrəli arayışına əsasən İddiaçı1 adına nümayəndəliyin təsərrüfatbaşına kitabında 0,26 ha həyətyanı torpaq sahəsi vardır, torpaq islahatı aparılan zaman iddiaçılara 0,81 ha pay torpaq sahəsi verilmişdir, onlara veriləcək pay torpaq sahəsindən 0,39 ha zəbt torpaq sahəsi islahat sənədlərində texniki səhv olaraq verilməmişdir. İddiaçı1 xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edərək 0,26 ha həyətyanı torpaq sahəsinin islahat sənədlərində səhvən qeyd edilmədiyi səbəbindən müvafiq sənədlərin hazırlanıb verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-346/2-M-007639/2023 nömrəli məktubunda bildirmişdir ki, Tərtər rayon Azad təsərrüfatının Azad Qaraqoyunlu kəndində torpaq islahatı, rayon aqrar islahat komissiyası və yerli aqrar islahat komissiyası tərəfindən aparılmışdır. İddiaçının qeyd etdiyi 0,26 ha həyətyanı torpaq sahəsi, yerli aqrar islahat komissiyasının üzvləri tərəfindən ölçülmüş və zəbt yazılaraq pay torpağından 0,39 ha çıxılmışdır. Torpaq islahatı haqqında qanuna uyğun olaraq ərazidə aparılmış islahatdan sonra mülkiyyətə verilən torpaq sahəsinin əskik olması barədə bir ay müddətinə yerli aqrar islahat komissiyasına şikayət edə bilərdilər. İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,26 ha həyətyanı torpaq sahəsinin və Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilməli olan 0,39 ha olan hissənin mülkiyyət hüquqlarının dövlət reyestrində ayrı-ayrılıqda qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3302/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçılara 0,26 ha həyətyanı torpaq sahəsi, 0,8083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair JN-190A, kod 61103018 nömrəli şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı əvvəl torpağa mülkiyyət hüququna dair JN:173, kod 61103018 nömrəli dövlət aktı, daha sonra çıxarış verilmişdir. Lakin dövlət aktı verilərkən texniki səhvə yol verilmiş, 1.20 ha əvəzinə 0.8083 ha yazılmışdır. Qeyd edilir ki, iddiaçıların mülkiyyətinə 1,20 ha əvəzinə 0,8083 ha torpaq sahəsi ona görə verilmişdir ki, guya onların 0,39 ha zəbt torpaq sahəsi olmuşdur. Halbuki iddiaçıların heç bir ölçüdə kənd təsərrüfatı təyinatlı zəbt torpaq sahəsi olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda faktiki olaraq 0,8083 ha torpaq sahəsindən istifadə edirlər. 0,39 ha torpaq sahəsinin harada yerləşməsindən məlumatları yoxdur. Yalnız onlara həmin ölçüdə əlavə torpaq verilməli olduğunu bilirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılardan İddiaçı2 iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3346/2023 nömrəli etirazında imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə etmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Tərtər RİHB-nın AzadQaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 09 nömrəli məktubuna əsasən iddiaçılara Aqrar İslahat komissiyası tərəfindən 0,81 ha pay torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin pay torpaq sahəsinin ölçüləri 0,81 ha-dan ibarətdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Tərtər rayon AzadQaraqoyunlu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 126 nömrəli məktubuna əsasən iddiaçılara Aqrar İslahat komissiyası tərəfindən 0,81 ha pay torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin pay torpaq sahəsinin ölçüləri 0,81 ha-dan ibarətdir. Əsaslandırma hissəsi:
İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Hesab edirəm ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 4-cü maddəsində göstərilir ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddələrin tələblərinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Hazırda xx.xx.2000-ci il tarixli, “Torpağa mülkiyyət hüququna dair” JN-113 nömrəli dövlət aktı əsasında tərtib edilmiş plan və ölçü sənədinə əsasən torpaq sahəsinin ölçüsü 0,8083 ha-dır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların həmin sənədlərdə əks olunan 0,8083 ha torpaq sahəsindən başqa 0,39 ha torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdu. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüşdür və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar islahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev