Məhkəmə qərarları › İş №2-1(114)-3053/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3053/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3053/2023 23.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Şəmkir MD SU-28 idarədə baş mühasib işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır. İddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə X11 Təhsili Məktəbində təhsil almış, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977xx.xx.1988-ci illərdə Şəmkir sovxozu nəzdində heyvandarlıq kombinatında, xx.xx.1988xx.xx.2004-cü illərdə Şəmkir MD SU-28 idarədə işləmişdir. X6 filialının xx.xx.2021-ci il tarixli, k-1-188 nömrəli arayışından görünür ki, Şamxor rayon X5 (Şəmkir MD SU-28) 1993-2004-cü illərə dair arxiv sənədləri arxivə təhvil verilməmişdir. Şəmkir MD SU-28 idarəsi və ya Şamxor rayon X9 1993-2004-cü illərdə fəaliyyət göstərmiş, bu barədə Şəmkir rayon Statistika İdarəsində qeydiyyat aparılmışdır. Şəmkir MD SU-28 idarəsi və ya Şamxor rayon X9 hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmamışdır. İddiaçı pensiya təyini üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialında (bundan sonra mətndə - cavabdeh) baxılmış və xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilən ИT-İ № ******* saylı əmək kitabçasının, 107 №-li texniki peşə məktəbinin attestatının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı 18 il 7 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 18 il 7 ay sığorta stajına uyğun olaraq 14161,80 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Şəmkir MD SU-28 №li idarədəki əmək fəaliyyəti dövrün xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrünün araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən idarənin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı Dövlət Sosial X7 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2004-cü il tarixədək Şəmkir MD SU-28 idarədə baş mühasib işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi barədə məhkəmə aktı çıxarılması”nı xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Şəmkir MD SU-28 idarədə baş mühasib işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1988-ci ilədək Şəmkir sovxozu nəzdində olan heyvandarlıq kombinatında hesabdar-kassir, daha sonra isə baş mühasib, xx.xx.1988-ci ildən xx.xx.2004-cü il tarixədək baş mühasib vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2021-ci ildə 65 yaşı tamam olduğuna görə o yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərlə Dövlət Sosial X7 rayon şöbəsinə müraciət etmişdir. DSMF-dan bildirilmişdir ki, «təqdim etdiyiniz əmək kitabçanızın, 107 No-li texniki peşə məktəbinin attestatının və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız 18 il 7 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, pensiya kapitalınız 14161,80 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Şəmkir MD SU-28 No-li (Şəmkir YİB) idarədə əmək fəaliyyəti dövrünüzün xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrünün araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən idarənin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir, bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir». xx.xx.2021-ci il tarixdə iddiaçıya 130 (yüz otuz) manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Lakin, iddiaçı bununla razılaşmır. Belə ki, onun 25 ildən artıq stajı vardır. Lakin, əsassız olaraq cavabdeh onun xx.xx.1993cü il tarixdən xx.xx.2004-cü il tarixədək Şəmkir MD SU-28 No-li (Şəmkir YİB) idarədə baş mühasib işlədiyi dövrü nəzərə almamış, sığorta stajının 18 il 7 ay olduğunu bildirərək iddiaçıya yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsinə əsasən sığorta olunanların yaranmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı hesab edir ki, DSMF-nun Şəmkir rayon şöbəsi tərəfindən verilən imtina məktubu əsassızdır. Çünki, əmək kitabçası onun iş stajını sübut edən sənəddir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-171536/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda imtina əsaslarını təkrarlamaqla bildirilmişdir ki, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, xx.xx.1957ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin arxiv sənədləri Dövlət Arxivinə təqdim edilməmişdir. İş üzrə icraat materiallarına daxil edilmiş X6 Filialının xx.xx.2021-ci il tarixli №K-1-188 nömrəli arayışından da görünür ki, Şəmkir X5 1993-2004cü illərə dair arxiv sənədləri arxivə təhvil verilməmişdir. Bundan əlavə, X1 məlumata əsasən, xx.xx.2006-cı il tarixdən sonra iddiaçının adına məcburi dövlət sosial sığorta haqqı hesablanmamışdır. İddiaçının qeyd edilən müəssisədə işlədiyi dövrlərlə bağlı bəzi aylarda əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 04. xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtinası, iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, NZ ******* nömrəli hərbi biletin surəti, X6 filialının xx.xx.2021-ci il tarixli, k-1-188 nömrəli arxiv arayışları, Şəmkir Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34-78/2-69/2023 nömrəli məktubu, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********493200 nömrəli məktubu, inzibati icraat materiallarının təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-171536/2023 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2021-ci il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən (29 il 20 gün) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə (10 ay 20 gün) orta ixtisas təhsili almış, xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 0 ay 21 gün) hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1988-ci illərdə (11 il 05 ay 26 gün) Şəmkir sovxozu nəzdində heyvandarlıq kombinatında, xx.xx.1988-xx.xx.2004-cü illərdə (15.07.198xx.xx.1988-ci il tarixləri üst-üstə düşdüyü üçün – xx.xx.1988-ci il tarixdən 15 il 06 ay 08 gün) tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illərdə (10 ay 20 gün) təhsil aldığı, xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 0 ay 21 gün) hərbi xidmətdə olduğu, xx.xx.1977-xx.xx.1993-cü illərdə işlədiyi 18 il 07 ay (23 gün də var onu qeyd etməyib) müddəti qəbul edir. İnzibati orqan iddiaçının 1993-2004-cü illərdə işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1993-2004-cü illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə bildirir ki, Şəmkir rayon Statistika İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3-34-78/2-69/2023 nömrəli məktubda həmin müəssisənin 1993-2004-cü illərdə fəaliyyət göstərməsi öz təsdiqini tapmışdır. İddiaçı isə həmin dövlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1993-2004-cü illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1993-xx.xx.2004-cü illərdə MD SU-28 idarəsində (Şamxor rayon X9) işlədiyi müddət sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək xx.xx.1993-xx.xx.2004-cü illərdə MD SU-28 idarəsində (Şamxor rayon X9) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar