Məhkəmə qərarları › İş №2-1(114)-3056/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3056/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3056/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial bərpa edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək aztəminatlı ailə kimi ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılaraq imtina edilməsi barədə cavabdeh orqanın qərarının ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı ildə ünvan 3 ünvanında yaşayır. Ailəsi dörd nəfərdən – özü, arvadı və iki azyaşlı uşağından ibarətdir. Arvadı uşaqları azyaşlı olduğu üçün işləmir. Özü isə Türkmən kəndində yerləşən 0,30 ha pay torpağında əmək fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisi kimi MDSS ödənişlərini vaxtında ödəyir. Ailə təmsilçisi olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2024cü ildən VEMTAS vasitəsi ilə müraciət etmişdir. Ailənin maddi məişət şəraiti nazirliyin işçiləri tərəfindən müayinə edilmiş və xx.xx.2024-cü ildən aylıq 433 manat məbləğində 01 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş yardım xx.xx.2024cü il tarixə kimi ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən 2025-ci ilin yanvarında sosial yardımın ödənişi dayandırılmışdır. Bunun səbəbini öyrənmək istəyən zaman elektron sistemdə təyinat avtomatik dayandırılmışdır sözü yazılmışdır. Bununla bağlı Bərdə rayonunda yerləşən DOST mərkəzinə müraciət etmiş və öyrənmişdir ki, pay torpaq sahəsindən MDSS ödənişləri edilmədiyi üçün ünvanlı dövlət sosial yardım dayandırılmışdır. Hansı ki, 2025-ci ilin mart ayına kimi pay torpaq sahəsinə görə MDSS ödənişləri tərəfindən ödənilmişdir. Lakin 2024-cü ilin bir neçə ayı MDSS haqları imkansızlıq ucbatından tərəflərindən ödənilməmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nda MDSS ödənişləri olmamasına görə sosial yardımın təyin edilməsindən imtina ilə bağlı heç bir müddəa yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan etiraz ərizəsində göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli **********94102-197 nömrəli müraciətə əsasən təyin edilmiş xx.xx.2024-cü il tarixdə təyin edilmiş sosial yardımın ailə üzvünün torpaqla əlaqədar məcburi dövlət sosial sığorta haqları olmadığına görə sistem tərəfindən avtomatik qaydada dayandırılması qanuni və əsaslı olmuşdur. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin olunmasında ilk şərt ailənin aztəminatlı olmasıdır. Ailənin aztəminalı ailə kateqoriyasına daxil olması üçün ailənin hər bir üzvünün orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması nəzərdə tutulur. Bu o deməkdir ki, təmsilçi ünvanlı dövlət sosial yarıdımı üçün müraciət edərkən hər bir ailə üzvü üçün orta aylıq gəlirinin ehtiyac meyarının məcmusundan aşağı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onların gəlirləri barədə dəqiq məlumatları ərizə bəyannamədə göstərməlidir. İddiaçı R.Əhmədova isə formal olaraq vergi ödəyisi kimi qeydiyyatdan keçmiş lakin faktiki olaraq sahibkalıq fəaliyyəti ilə məşğul olmayaraq özünü məşğul şəxs kimi təqdim etmişdir. Digər tərəfdən qanunvericilikdə ailənin əmək qabiliyyətli üzvünün aylıq gəlirinin onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağı olması üzürlü səbəblərlə əlaqələndirilmişdir. Qeyd olunan səbəblər qanunvericilikdə sadalanmışdır. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ailə üzvü İddiaçı ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranması üçün vergi ödəyicisi kimi uçota alınaraq kənd təsərrüfatı ilə məşğul olan sahibkar kimi ərizə-bəyannaməyə məlumatlarını daxil etmişdir. Araşdırma zamanı sığortaolunanlar alt sistemi məlumatlarına əsasən müəyyən edilir ki, İddiaçı 2023-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayındək hər hansı gəliri olmamışdır. Həmçinin qeyd edilmişdir ki, «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 5.1-ci bəndində ailənin gəlirlərinin hesablanması qaydası tənzimlənmişdir. Həmin bəndə qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” (birbaşa daxil olan ödənişlərin uçotu) proqramında qeyd olunan VÖEN üzrə aparılan yoxlama nəticəsində təyinatdan əvvəl məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilmişdir. Təyinatdan sonrakı aylarda məcburi dövlət sosial sığorta haqları ödənişlərinin sayı 2 olmuşdur. İddiaçı müraciətinə əsasən təyinat xx.xx.2024-cü il tarixdə aparılmış və tələb olunan 6 ödənişdən 2-si olduğuna görə sosial yardım dayandırılmışdır. Həmçinin iyul, avqust, sentyabr və oktyabr aylarında hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçı ünvanlı sosial yardımın təyin edilməsindən əvvəl faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanuna əsasən sosial yardımı əldə etmək məqsədi ilə formal olaraq özünü işləyən şəxs kimi təqdim etmişdir. Odur ki, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvanlı dövlət sosial yardımının bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 verdikləri etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini ailəni təmsil edən şəxs kimi qeydə alınma barədə notarial qaydada təsdiq edilmiş ərizə, ünvanlı dövlət sosial yardımın dayandırılması barədə elektron məlumat və «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında» qəbzlər təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardım 2025-ci il yanvar ayında dayandırılmış və iddiaçı dayandırılma səbəbini öyrənib dərhal həmin ilin fevral ayının 12-də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı işdə iddia qaldırmaq üçün müəyyən edilmiş müddətin ötürülməsi halı müəyyən edilmir Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı «Ünvanlı yardım» (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli **********94102-197 nömrəli müraciəti əsasında xx.xx.2024-cü ildə sosial yardım təyin edilmişdir. Həmin təyinat 2025-ci ilin yanvar ayından avtomatik olaraq dayandırılmışdır. Əsas kimi isə MDSS ödənişlərinin olmaması göstərilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ............... 1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra- şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti; ................ Maddə 4. Məşğul şəxslər 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya təyin edilmiş ünvanlı sosial yardım dayandırarkən inzibati orqan ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad etmişdir. Cavabdeh inzibati orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»: Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Məhkəmə qeyd edir ki, «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə»yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla təyin edilən sosial yardımı dayandırması qanuni sayıla bilməz. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdeh hazırkı iş üzrə qərar qəbul edərkən «İnzibati icraat haqqında» Qanunun tələblərini pozmuş və inzibati icraat aparmamış, icraatla bağlı hüquq pozuntularına yol vermişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Belə ki, qanun inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi. Eyni zamanda inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktı ləğv edərkən onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı sosial yardımın bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar