Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-306/2025 13.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsinə dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə "xxxx" Mənzil Tikinti Kooperativinə Gəncə şəhəri, «Mahrasa bağı» yaşayış massivində yerləşən 0,25 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi əsasında qeyd olunan torpaq sahəsi 05 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsi qeydiyyata alınaraq **********89 nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi üçün X2 cavabdeh quruma ərizə ilə müraciət etmişdir. Şifahi əldə etdikləri məlumata əsasən həmin şəxsə bildirilmişdir ki, hüquqların qeydə alınması üzrə aparılmış qeydiyyat ləğv edilmişdir. Lakin bu barədə "xxxx" Mənzil Tikinti Kooperativinə hər hansı rəsmi məlumat verilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh orqan iddia tələbinə dair məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativinin müraciəti əsasında Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə Gəncə şəhəri, «Mahrasa bağı» yaşayış massivində yerləşən 0,25 ha torpaq sahəsi icarə əsasında çoxmənzilli yaşayış binasının tikintisi üçün Kooperativin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında icarə müqaviləsi bağlanılmış və Kooperativin hüquqları xx.xx.2023-cü il tarixli **********89 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən hasara alınmış və hər hansı tikinti işləri aparılmamışdır. Daha sonra araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 55 saylı sərəncamı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan verilmişdir. Habelə, həmin ərazidə nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Komitədən rəy almadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli, 159 nömrəli sərəncam ilə icarə müqaviləsi və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qəbul olunan sərəncam qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli, 159 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq verilmiş suallara cavab olaraq göstərdi ki, sərəncam qəbul edilən zaman iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Yalnız şifahi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 55 nömrəli sərəncam, «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********89 reyestr nömrəli çıxarış və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 159 nömrəli sərəncamı təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır. Bununla bağlı qeyd olunur ki, məhkəmə tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə iddiaçının olduğu yer üzrə baxılır. İddiaçının hüquqi ünvanı olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları əsasında müəyyən edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 55 nömrəli sərəncam ilə Gəncə şəhəri, «Mahrasa bağı» yaşayış massivində yerləşən 0,25 ha torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün Kooperativin istifadəsinə verilmişdir. Həmin sərəncam üzrə Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi arasında «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Daha sonra "xxxx" Mənzil Tikinti Kooperativinə torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********89 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsi tərəfindən Xidmətə xx.xx.2023-cü il tarixdə müraciət edilərək bildirilmişdir ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 55 saylı sərəncamı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan verilmiş, habelə, həmin ərazidə nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Komitədən rəy alınmamışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli 159 nömrəli sərəncam qəbul etmişdir. Həmin sərəncama müvafiq olaraq tərəflər arasında bağlanılmış «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi, habelə, onun əsasında verilmiş çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə: Bənd 6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 2.0.10. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmə diqqətə çatdırır ki, hazırda cavabdeh tərəfindən qəbul edilmiş və mübahisə predmeti olan sərəncam əlverişsiz (yükləyici) inzibati aktdır. Çünki iddiaçının hüquqlarının məhrum edilməsinə yönəlmişdir. Hansı ki, bu zaman cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Belə ki, hazırki iş üzrə olan iddiaçının hüquqi statusu inzibati icraat aparılan zaman maraqlı şəxs olmuşdur. Yəni barəsində inzibati akt qəbul edilmiş hüquqi şəxsdir. Lakin inzibati orqan apardığı inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və onun icraatda iştirakını təmin etməli olduğu halda bunu etməmişdir. Xidməti məlumat xx.xx.2023-cü ildə göndərilmiş və qısa zaman kəsiyində xx.xx.2023-cü il tarixdə sərəncam qəbul edilmişdir. Hansı ki, yuxarıda adıçəkilən Qanunun 21.3-cü maddəsinin tələbi mövcud olmamışdır ki, inzibati orqan maraqlı şəxsin dinlənilmə hüququnu təmin etməyə lüzum görməsin. Bundan başqa inzibati orqan tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilən zaman inzibati orqan tərəfindən qanunçuluq prinsipinin tələbləri də pozulmuşdur. Belə ki, sərəncamın məzmunundan aydın olur ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış «Fiziki və hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə» 4841 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Lakin inzibati orqan Mülki Məcəllənin tələblərinə riayət etməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, inzibati orqan müqavilələrin ləğv edilməsi barədə sərəncam qəbul edərkən əsas tutmuşdur ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 55 saylı sərəncamı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan verilmiş, habelə, həmin ərazidə nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Komitədən rəy alınmamışdır. Hansı ki, müqavilə bağlanan zaman bu hallar inzibati orqana aşkar olmamışdır. Yəni əvvəldən aşkar olsa ümumiyyətlə müqavilə bağlanmazdı. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə göstərir ki, inzibati orqanın davranış mexanizmindən belə aydın olur ki, əgər inzibati orqan icarə müqaviləsinin ləğv edilməsinə əsas olmuş halları bilsə idi ümumiyyətlə müqavilə bağlamaz idi. Bu hal məhkəmə tərəfindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilir. Çünki inzibati orqan müqavilənin ləğvi üçün əsas gətirdiyi halları bilən kimi müqavilənin ləğvi prosedurunu həyata keçirmişdir. Belə olduğu təqdirdə isə inzibati orqanın icarə müqaviləsini özünün qəbul etdiyi sərəncam ilə ləğv etməsi maddi hüquq normalarının pozulması deməkdir. Çünki yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarında olan hüquqi mövqeyə görə belə ləğvetmə məhkəmə qaydasında həyata keçirilməli idi. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan tərəfindən mübahisə predmeti olan sərəncam qəbul edilən zaman «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 61-ci maddəsinin də tələbləri pozulmuşdur. Məlum olduğu kimi həmin normaya görə inzibati akt qəbul edilən zaman işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Lakin inzibati aktın məzmunundan aydın olur ki, bu qaydada əsaslandırılma olmamışdır. Məhkəmə bir nüansı diqqətə çatdırır ki, inzibati orqan tərəfindən sərəncam qəbul edilən zaman rəhbər tutulan qanun normalarından biri kimi Mülki Məcəllənin 719-cu maddəsi qeyd olunmuşdur. Həmin hüquq norması 719.1-719.8-ci hissələrdən ibarətdir. Lakin inzibati orqan maddi hüquq normasının hansı hissəsini əsas tutduğunu, yəni icarə müqaviləsinin ləğvinin nədən ibarət olmasını göstərməmişdir. Müəyyən edilə bilinmir ki, ləğvetmənin əsası adı çəkilən maddi hüquq normasının hansı hissəsinə uyğundur. Eyni zamanda işin faktik halları, bunu təsdiq edən sübutlar tək-tək sadalanmamışdır. Bütün bunlar qəbul edilmiş sərəncamın əsassız olmasına dəlalət edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 159 saylı sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-306/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-306/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver