Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3060/2023 21.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) torpaq sahəsinin ölçülərək sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr publik hüquqi şəxsinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsini yerində müəyyən edilib ölçülməsi və sərhədlərin müəyyən edilməsi eləcə də, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısının 22 may 1998-ci tarixili 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bundan sonra, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl (Xanlar) rayon şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb təhvil verilməsi tapşırılmışdır. Bu məqsədlə 28 oktyabr 1998-ci il tarixdə rayon Torpaq şöbəsinin aparıcı mütəxəssisi X4, həmin şöbənin mütəxəssisi Rzayev Hicran Camal oğlunun, Şəhriyar adına sovxozun direktoru X5 və Çiçəkli kəndi üzrə nümayəndəsi Hacıyev Rafiqin iştirakı ilə akt tərtib edilmiş 0,08 ha həyətyanı torpaq sahəsi ölçülüb iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsi 25 ildir onun sahibliyindədir. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işlənilsə də həmin dövrdə Komitənin ləğv edilməsi ilə əlaqədər onun səlahiyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr PHŞ-ə verildiyi səbəbindən sənədləşmə işləri tam icra edilməmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona imtina vermişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, sözügedən sahədən 1988-ci il tarixdən istifadə edir. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının istifadə etdiyi sahə mübahisəlidir və başqa şəxsin adına həmin sahəyə dair şəhadətnamə işlənmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 217 nömrəli arxiv arayışında bildirilir ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 22 may 1998ci il tarixli 126 saylı sərəncamı əsasında Şəhriyar sovxozunun Bələdiyyə mülkiyyətinə saxlanılan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 nəfər vətəndaşa hər birinə 0.08 ha olmaqla fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş, 70 nəfərlik siyahıda vətəndaş İddiaçı adı 32-ci sıra sayında qeydə alınmaqla ona veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir. -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 56 nömrəli məktubunda bildirilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 №-li sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət arxivinin mühafizəsinə təhvil verilməmiş, ona görə də İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi yeri, plan və koordinatının müəyyən edən sənədlərin surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır, ehtimal olunur ki, bütün yer quruluşu sənədləri, ləğv olunmuş keçmiş Xanlar rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış və şöbənin özündə saxlanılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-M-01xx-xx/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair koordinatları özündə əks etdirən sxem cizgi və ya hüquqmüəyyənedici sənədlər olmadığından həmin ərazinin naturada tanıdılması mümkün olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən müvafiq sərəncam əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi əmr əsasında Göygöl rayonu, Gəncə kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək mümkün olardı. İddiaçı müvafiq sərəncam əsasında ona Göygöl rayonu, Gəncə kəndi ərazisində 0.08 ha torpaq sahəsinin verildiyini iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr publik hüquqi şəxsinə qarşı torpaq sahəsinin ölçülərək sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3060/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3060/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver