Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3061/2023 28.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkün bölgü planının hazırlanması, yeni texniki pasportun və çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı mülkün bölgü planının hazırlanması, yeni texniki pasportun və çıxarışın verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 24.06.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsi, ev 246 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.m, yaşayış sahəsi 86.6 kv.m, yardımçı sahəsi 49.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 26.4 kv.m-dən ibarət bir yaşayış otağını, 11.1 kv.m və 18.1 kv.m-dən ibarət köməkçi otaqları və həmin ünvanda yerləşən torpaq sahəsinin 0.014 ha hissəsini İddiaçı satmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 246 ünvanında yerləşən torpaq sahəsinin 0.014 ha hissəsi və "A" lit.yaşayış binasının 26.4 kv.m-dən ibarət bir yaşayış otağı, 11.1 kv.m və 18.1 kv.m-dən ibarət köməkçi otaqları üzərində İddiaçı, torpaq sahəsinin 9.0175 ha hissəsi və "A" lit.yaşayış binasının 20.8 kv.m və 21.3 kv.m-dən ibarət iki yaşayış otağı, 28.9 kv.m və 9.4 kv.m-dən ibarət köməkçi otaqları üzərində isə X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İddiaçı ona məxsus fərdi yaşayış evinin bölgü planının hazırlanması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, ev 246-da yerləşən fərdi yaşayış evi tikili "A" vahid bir əmlakdır, bölünməsi qanunla mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, alğı-satqı müqaviləsinə əsasən mülkə dair verilmiş çıxarış və evin texniki pasportunda göstərilənlərə əsasən mülkün bölgü planının hazırlanıb onun mülkiyyətində olan əmlak və torpaq sahəsinə dair çıxarış və evə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri 2 saylı notariat kontorunda onunla maraqlı şəxs X4 arasında bağlanmış 24 iyun 2021-ci il tarixli AN-l seriyalı ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 qismində, mülkiyyət hüququnda maraqlı şəxsə məxsus olan Gəncə şəhəri, Əziz Əliyev prospekti, 246 №-li evin sahəsi 26,4 kv.m bir otaqdan və sahələri 18,1 kv.m və 11,1 kv.m olan yardımçı otaqlarından ibarət hissəni və sahəsi 0,03 ha torpaq sahəsini ona satmışdır. Qeyd olunan çıxarışa əsasən onun adına xx.xx.2021-ci il tarixli çıxarış verilsə də, həmin çıxarışda hüquq sahibləri kimi həm də satıcı X3 adında qalan yaşayış və qeyri-yaşayış sahələrinə və torpaq sahəsinə dair məlumatlar da verilmişdir. Eləcə də qeyd edilən ünvandakı mülkə dair verilmiş texniki pasportda onunla yanaşı hüquq subyekti kimi həm də X3 adı qeyd edilmişdir. Maraqlı şəxs X4 ilə hər birinin adına olan torpaq sahəsinə görə evin qarşısındakı torpaq sahəsini də bölüb hasar çəkmişlər. Maraqlı şəxslə aralarında mülkə dair heç bir mübahisə yoxdur. Hər biri özünə aid hissədən istifadə edirlər. Hər birinin ayrıca qaz və su sayğacı vardır. Lakin hər birinin ayrıca elektrik sayğacı yoxdur. Səbəb də odur ki, onlardan ayrıca çıxarış tələb edilir. O, qanunla faktiki istifadəsində olan daşınmaz əmlaka dair ayrıca çıxarış və texniki pasport verilməsi üçün 3 saylı Gəncə Ərazi İdaəsinə müraciət etmişdir. Müraciətinə verilən cavabda bildirilir ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti, 246 ünvanda yerləşən fərdi yaşayış evi tikili "A" vahid bir əmlakdır, bölünməsi qanunla mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün deyildir. İddia ərizəsinə əlavə etdiyi yaşayış evinə verilmiş sənədlərdən, yəni çıxarışdan və texniki pasportdan maraqlı şəxsin ona satdığı tikili hissəsi ilə maraqlı şəxsin mülkiyyətində qalan hissə tam məlumdur. Hər birinin istifadələrində olan hissəyə ayrıca giriş-çıxış yolu vardır və evin qarşısındakı torpaq sahəsi də yaşayış evinin çıxarışında göstərilən ölçüdə bölünüb hasarla ayrılmışdır. Gələcəkdə maraqlı şəxslə hər biri qanuni əsaslarla və faktiki surətdə onlara məxsus olan tikili hissəsindən təyinatı üzrə istifadə etmək üçün müvafiq sənəd verilməlidir. O, əldə etdiyi mülk hissəsində pasport qeydiyyatına götürülmüşdür. Ona görə də cavabdehin üzərinə alğı-satqı müqaviləsinə əsasən mülkə dair verilmiş çıxarış və evin texniki pasportunda göstərilənlərə əsasən mülkün bölgü planının hazırlanıb onun mülkiyyətində olan əmlak və torpaq sahəsinə dair çıxarış və evə dair texniki pasportun verilməsi vəzifəsi qoyulmalıdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı və üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmış, üçüncü şəxsin sistemdə əlaqə nömrəsi mövcud olmadığından ona sms-xəbərdarlığın göndərilməsi mümkün olmamışdır.
10. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə hazırlıq iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. İddiaçı məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 246 ünvanında yerləşən fərdi yaşayış evində torpaq sahəsinin 0,014 ha hissəsi və "A" lit. yaşayış binasının 26,4 kv.m bir yaşayış otağı, 11,1 kv.m və 18,1 kv.m köməkçi otaqlar İddiaçı və torpaq sahəsinin 0,0175 ha hissəsi və "A" lit. yaşayış binasının 20,8 kv.m və 9,4 kv.m köməkçi otaqlar X3 mülkiyyətdə göstərilməklə xx.xx.2021-ci il tarixli **********10-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evi vahid əmlak olmaqla texniki cəhətdən payların naturada ayrılaraq bölünməsi mümükün olmamışdır.
15. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
16. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
18. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
19. İddiaçı hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 246 ünvanında yerləşən mübahis olunan daşınmaz əmlakın fiziki cəhətdən bölündüyünü iddia edərək ona dair bölgü sxemin hazırlanmasını və ona yeni texniki pasportun və çıxarışın verilməsi xahiş edir.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 39.1. Çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Maddə 39.2. Əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.
21. İddia ərizəsindən məlum olur ki, iddiaçı ilə əmlakın digər paylı mülkiyyətçisi X4 hər birinin adına olan torpaq sahəsinə görə evin qarşısındakı torpaq sahəsini də bölüb hasar çəkmişlər.
22. Məhkəmə qeyd edir ki, iddiaçının bölgü sxeminin hazırlanmasını tələb etməkdə məqsədi ona aid hissəyə dair texniki pasportun və çıxarışın verilməməsinə görədir. Lakin nə qədər ki, mübahisəli daşınmaz əmlakda onun alğı-satqısından sonra özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış və bu hal səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, bu halda iddiaçının hazırkı iddiası mümkün sayıla bilməz.
23. Bundan başqa, mübahisəli daşınmaz əmlakın vahid əmlak olması, iddiaçı və üçüncü şəxsin payları müəyyən edilməklə hər ikisinin mülkiyyətində olması işin mübahisəsiz haldır. İddiaçının hazırkı tələbi isə onun paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsidir. Lakin iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə təkbaşına subyektiv hüquq daşıyıcısı deyildir.
24. Məhkəmə iddiaçının mülkiyyətində olan əmlak və torpaq sahəsinə dair çıxarış və evə dair texniki pasportun verilməsi tələbinə münasibətdə isə qeyd edir ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olduğundan bölgü sxemi (planı) hazırlanmadan çıxarış və texniki pasport verilməsi mümkün olmadığından həmin tələb baxılması da mümkün hesab edilmir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva