Məhkəmə qərarları › İş №2-1(114)-3069/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3069/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3069/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 17.07.1984-ü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Dağ-Mədən kombinatı şimal-qərb mədənində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin mədəndə 4-cü dərəcəli ekskovator sürücüsü, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək ekskovator sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dağ-Mədən Kombinatında 6-cı dərəcəli maşinist, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Dağmədən kombinatında fəhlə, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı Maşınları sexində anbardar, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində ocaqçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində mühəndis, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Daşkəsın rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində 2 nömrəli qazanxanasında sahə ustası, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X2 2-ci dərəcə ilə qaynaqçı şəbəkələr üzrə t/elektrik montyoru, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncəelektrikşəbəkə” ATSC-də nəzarətçi inkasator, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində 2 saylı qazanxanada sahə ustası, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “AİMROC LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında mexanik, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində mexanik vəzifəsində işləmişdir, xx.xx.2017-ci il tarixdən hazıradək "xxxx" QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər işləyir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 3-43-16/3-2-1/5 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. "xxxx" QSC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən X4 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Çovdar filiz emalı sahəsinin Texniki xidmət bölməsinin çilingəri (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 8 il 3 ay 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıının 1.2.1 bəndinə uyğundur.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-12572/2025 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və serancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini ve Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin emr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının dağ mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi və torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndinin (1.2.) açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində (1.2.1) kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər və şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri, quyupartlatma işlərində növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, UT-1 ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" QSC-nin ona dair arayışında xx.xx.2017-ci il tarixindən bugünədək Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər vəzifəsində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda işlədiyi Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağmədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-10/2-569/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cəmiyyətin 2025-ci il üzrə struktur bölgüsünə əsasən, İddiaçı çalışdığı X1 Emal Sahəsi (ÇİRES) Cəmiyyətin Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinə aid edilmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-217634/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu 15 mart 2022ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 39381,91 manat təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin 60 yaşının tamam olduğu 15 mart 2022-ci il tarixinədək ümumi iş stajı 24 il 10 ay 7 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 7 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 10 ay) təşkil edir. Həmçinin məktubunuzda qeyd edilən 27 il 7 ay 7 gün müddət İddiaçı 1 aprel 2025-ci il tarixədək olan ümumi iş stajını əhatə edir. Əlavə olaraq bildiririk ki, İddiaçı ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" QSC-nin ona dair arayışında xx.xx.2017-ci il tarixindən bugünədək Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər vəzifəsində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda işlədiyi Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrün güzəştli iş stajı olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.

7. Analoji iş (2-1(114)-3829/2025) üzrə məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-63638/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, "xxxx" ASC Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 214 nömrəli Sərəncamı əsasında ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının çevrilməsi nəticəsində yaranmış, “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli və Azərbaycan Respubliikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522S nömrəli Sərəncamları ilə ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. II. Məhkəmədə icraat

8. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək ona xüsusi şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona bundan imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, onun tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. O, xx.xx.1962ci il təvəllüdlü olmaqla artıq tələb olunan yaş 60 yaş tamam olmuşdu. Həmin vaxtdan xüsusi şərtlərlə görə əmək pensiyası almaq hüququ yaranmışdı. İddia ərizəsinə əlavə etdiyi əmək kitabcasının surətindən də görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1984-cı il tarixədək DEK-da işə bağlamışdır, sonuncu iş yeri isə xx.xx.2017-ci il tarixdən bu günədək "xxxx" QSC-çilingər kimi işləmişdir. Cavabdeh təşkilat onun məhz həmin vəzifədə işlədiyi müddəti güzəştli iş stajı kimi qəbul etmir o əsasa görə ki, şirkətin verdiyi arayışda həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu qənaətlə razılaşmayıb aşağıdakıları qeyd etmək istəyir. Əvvala iddia ərizəsinə əlavə etdiyi "xxxx" QSC tərəfindən təqdim edilən arayışdan da görünür ki, o, konkret olaraq güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışır. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi "xxxx" QSC ilə onun arasında bağlanan əmək müqaviləsində də onun güzəştli şərtlə əmək pensiyası hüquqi verən işdə işləyəcəyi qeyd edilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırki iddia tələbi “ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

21. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil etmişdir.

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

27. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

29. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.

30. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olsa da, iddiaçı ona pensiya təyinatının xx.xx.2022-ci il tarixdən təyin edilməsini tələb etdiyindən, həmin tarixdən isə kapitalla bağlı həmin tələb ləğv edildiyindən (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) həmin məsələ araşdırma predmeti olmamışdır.

31. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etdiyi 29 iyun 2022-ci il tarixə onun ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, məhkəmənin sorğusuna cavabdeh Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-217634/2025 nömrəli cavab məktubunda iddiaçının 60 yaşının tamam olduğu 15 mart 2022-ci il tarixinədək ümumi iş stajının 24 il 10 ay 7 gün təşkil etdiyi bildirilmişdir. Cavabdehdən əldə edilmiş fərdi şəxsi hesabdan çıxarışa əsasən isə 2022-ci ilin aprel, may və iyun aylarında iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olması müəyyən edildiyindən həmin üç aylıq dövr də onun mübahisələndirilməyən 24 il 10 ay 7 günlük stajının üzərinə gəlindiyində, iddiaçının 29 iyun 2022-ci il tarixə 25 il 1 ay 7 gün stajının olduğu müəyyən edilir.

32. Sonuncu və cavabdehin öz imtinasında mübahisələndirdiyi şərt isə iddiaçının xüsusi iş stajı ilə bağlıdır.

33. Cavabdeh orqan həm öz imtinasında, həm də məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-17-1/2-217634/2025 nömrəli cavab məktubunda iddiaçının zərərli əmək şəraitində işlədiyi çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməməsi barədədir.

34. İddiaçının güzəştli iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Dağ-Mədən kombinatı şimal-qərb mədənində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin mədəndə 4-cü dərəcəli ekskovator sürücüsü, xx.xx.1985ci il tarixdən xx.xx.1985-ci il tarixədək fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək ekskovator sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dağ-Mədən Kombinatında 6-cı dərəcəli maşinist, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Dağmədən kombinatında fəhlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində mexanik, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin Çovdar filiz emalı sahəsində çilingər vəzifəsində işlədiyi dövrləri əhatə edir.

35. Cavabdehin qənaətincə, iddiaçının Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatında ilədiyi vəzifələr üzrə işəgötürənin güzəştli arayışı təqdim edilməmişdir, habelə digər dövr - "xxxx" QSC Çovdar filiz emalı sahəsində işlədiyi dövr üzrə isə Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmamışdır.

36. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, analoji iş (2-1(114)-3829/2025) üzrə məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-63638/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, "xxxx" ASC Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 214 nömrəli Sərəncamı əsasında ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının çevrilməsi nəticəsində yaranmış, “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli və Azərbaycan Respubliikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522S nömrəli Sərəncamları ilə ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

37. Yəni, iddiaçının işlədiyi Azərbaycan Dağ-Mədən kombinatının çevrilməsi nəticəsində "xxxx" ASC yaradılmış, sonradan isə həmin Cəmiyyət tamamilə ləğv edilmiş və hər hansı hüquqi varis müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi dövrə dair güzəştli arayış əldə etməsi mümkün deyildir. Cavbadeh orqan isə bu halı nəzərə almamışdır. Halbuki, hazırkı işlə oxşar olan analoji işlərdə eyni əsas imtina əsası olmuş və həmin mübahisələr vətəndaşın xeyrinə həll olunmaqla, sözügedən vəzifədə işlədiyi dövr onun güzəştli iş stajına daxil edilən dövr kimi qiymətləndirilmiş və cavabdeh orqanın üzərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi qoyulmuşdur.

38. Həmin hal – iddiaçının işlədiyi müəssisənin ləğv edilməsi səbəbindən güzətşli arayışın vətəndaş tərəfindən əldə edilməsinin mümkünsüzlüyü cavabdeh orqana məlum olmasına baxmayaraq, yenidən həmin hal üzrə eyni əsasa istinad etməklə iddiaçıya pensiya təyinatından imtina edilmişdir ki, bu da cavabdehin inzibati orqan olaraq məhkəmə təcrübəsini nəzərə almadığını göstərir.

39. Lakin inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqanın yanaşması qanunauyğun olmayan halda, yəni həmin mübahisədə hüququn tətbiqinə dair mövcud yanaşmanın düzgün olmadığı çoxsaylı məhkəmə qərarları ilə müəyyən edildiyi halda, inzibati orqan mövcud praktikasını məhkəmə təcrübəsinə uyğunlaşdırmağa, praktikasını yeni (məhkəmə qərarları əsasında formalaşdırılmış) praktikaya uyğunlaşdırmağa borcludur.

40. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

41. Digər imtina əsasına gəlincə isə, məhkəmə qeyd edir ki, "xxxx" QSC Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmasa da, inzibati orqan olaraq cavabdeh iddiaçının təqdim etdiyi sənədlər və məlumatlarla kifayətlənmədiyi halda, istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlama aparmalı, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğular göndərilməli və sənədlər tələb etməli, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırma həyata keçirdikdən sonra yekun qərar qəbul etməlidir ki, cavabdehin hazırkı işdə inzibati icraat zamanı öz xidməti vəzifələrini yerinə yetirməsi müəyyən olunmur.

42. Halbuki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

43. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur

44. Məhkəmə cavabdeh orqanın əvəzinə onun yerinə yetirməli olduğu səlahiyyətləri icra etməyə borclu olmasa da, "xxxx" QSC-yə sorğu vermiş və Cəmiyyətin xx.xx.2025-ci il tarixli 13-10/2-569/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cəmiyyətin 2025-ci il üzrə struktur bölgüsünə əsasən, İddiaçı çalışdığı X1 Emal Sahəsi (ÇİRES) Cəmiyyətin Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinə aid edilmişdir.

45. Beləliklə, hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı, sübut topladığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) yeraltı dağ-mədən fəhlələri yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) ekskavator maşinistləri

47. Digər tərəfdən, iddiaçının "xxxx" QSC ilə bağladığı əmək müqaviləsi ilə müəyyən edilir ki, onun xx.xx.2016-cı il tarixdən qəbul işə edildiyi Təmir-Tikinti və texniki təminat şöbəsinin X1 emal sahəsinin mexanika bölməsinin emal sahəsinin çilingəri vəzifəsi ağır zərərli iş şəraitinə aid edilmişdir. Belə ki, iddiaçı əmək funksiyasını ağır zərərli şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 42 manat məbləğində əlavə, habelə əmək şəraitinin xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət müəyyən edilmiş, zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qida məhsulları ilə təmi edilməsi də nəzərdə tutulmuşdur.

48. Göründüyü kimi, iddiaçının zərərli və ağır şəraitdə işlədiyi vəzifələrdə stajının 12 il 6 aydan çox olması müəyyən edilir.

49. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

50. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

51. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar