Məhkəmə qərarları › İş №2-1(114)-3071/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3071/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3071/2024 17.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, keçirdiyi xəstəliklərə və aldığı travmalara görə hal-hazırki vəziyyəti nəzərə alınaraq, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3071/2024 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə xəsarət almış, aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xəstəliyi ilə əlaqədar Gəncə RƏD tərəfindən ixtisaslı müayinə və müalicə üçün Gəncə şəhər Psixiatriya Xəstəxanasına göndərilmiş, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü illərdə Gəncə şəhər Psixiatriya Xəstəxanasında "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Barotravma. Davamlı posttravmatik stress pozuntusu, kəkələmə, psixiotiv əlamətlərlə müşahidə edilən ağır depressiya (suisidal cəhdlərlə) diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi(anası) əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi iddia tələbinə dair xx.xx.2024-cü il tarixli etirazda qeyd edilmişdir ki, İddiaçı orqanizm funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı AR MN MHHK tərəfindən xx.xx.2023-cü il tarixli 4769nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Orta (mülayim) dərəcədə ifadə olunmuş Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Barotravma. Davamlı posttravmatik stress pozuntusu, kəkələmə, psixiotiv əlamətlərlə müşahidə edilən ağır depressiya (suisidal cəhdlərlə)" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. "Orta (mülayim) dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, funksional tutulmalarla. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 2,oD. "C" virus hepatiti, davamlı remissiya mərhələsində. Çoxsaylı kariyes" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, simulyativ davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus xx.xx.2023-cü il tarixli 116368 nömrəli "Müharibə veteranı" vəsiqəsinin surəti, TSEK-də sonuncu müayinəyə dair məlumat vərəqləri, 4769 nömrəli Xəstəlik haqqənda şəhadətnamə, xx.xx.2023-cü il tarixli 2607 nömrəli tibbi rəy, Ambulator kitabçadan çıxarışlar, Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2832 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli 4187 nömrəli tibbi rəy, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi iddia tələbinə dair xx.xx.2024-cü il tarixli etiraz, TSEK müayinə nəticələri, TSEK-in xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı əlavə edilmişdir. Həmin sənədlər məhkəməmə araşdırmasının predmetini təşkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2023-cü il tarixdə "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Qarışıq dissosiativ pozğunluqlar, funksional tutmalarla. Astiqmatizm, Hər iki gözün miopik astiqmatizmi" diaqnozu ilə əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuş, xx.xx.2024-cü il tarixdə isə "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli depressiv epizod, suissidal cəhdlərlə. Qarışıq dissosiativ pozuntu. Astiqmatizm, Hər iki gözün miopik astiqmatizmi" diaqnozu ilə diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X00167098CKS nömrəli göndərişlə müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli müayinə nəticəsində "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" diaqnozu təyin edilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya xx.xx.2024-cü il tarixli müayinə nəticəsində təyin edilmiş diaqnoz (F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) müayinə nəticəsində söz ifadəsi olaraq xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın müvafiq kodu və X1 qeyd olunan kod baxımından eyni olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, sözügedən diaqnoz (XBT kodu ilə birlikdə) xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın 7.7.1.1-ci bəndində öz əksini tapmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar