Məhkəmə qərarları › İş №2-1(114)-3072/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3072/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3072/2024 07.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “mülki işin başqa icra məmuruna həvalə edilməsi” tələbinə dair işə məhkəmə binasında məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi: Cavabdeh böyük icra məmuru X1 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-212/2024 nömrəli qətnaməsinə əsasən daxil olmuş icra sənədi üzrə icraata başlanılmasını qərara almışdır. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, borclu olduğu Gəncə Şəhər Məhkəməsinin 2(125)- 212/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı işinin icra məmuru X2 alınaraq, başqa icra məmuruna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-212/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə o, cavabdeh qismində iştirak etmişdir. İndiyədək bu qətnamədə göstərilən tələbin icrasında icra hərəkətlərinin həyata keçirilməsi zamanı könüllü olaraq iştirak etmişdir. Lakin icra məmuru Səməd İsmayılov onun ünvanına göndərdiyi xx.xx.2024-cü il tarixli, 88953/2024-21-21-003 saylı "xəbərdarlıq" da iddiaçı tərəfindən "İcra haqqında" qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələbin könüllü olaraq təmin etmədiyi əsassız olaraq qeyd olunub. Əvvəllərdə də həmin icra məmuru başqa icra sənədləri üzrə ona qarşı kobudluq edərək, onun hüquqlarının pozulmasına yol vermişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 42.3 və 42.6-cı maddələrinə əsasən icra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. İcra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəməyə daxil olmuş iddia ərizədən görünür ki, İddiaçı tələbi borclu olduğu Gəncə Şəhər Məhkəməsinin 2(125)-212/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı işinin icra məmuru X2 alınıb başqa icra məmuruna verilməsidir. Yəni İddiaçı icra məmuru X3 etiraz edir. Məhkəmə qeyd edir ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbinə görə icra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən həll edilir. İcra məmuruna etiraz təmin edilmədikdə isə həmin qərardan müvafiq məhkəməyə şikayət verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, icra məmuruna etiraz etmə məsələsinin həll edilməsi üçün İddiaçı ilk öncə icra qurumunun rəhbərinə müraciət etməlidir. Yalnız icra qurumunun rəhbəri tərəfindən qəbul edilmiş qərardan narazı qalarsa həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, icra sənədinin icra olunması ilə bağlı icra qurumunun qərar və hərəkətləri (o cümlədən hərəkətsizlikləri) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra qurumunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən qətnamənin icrası qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti inzibati orqanlara aid edilsə də, bu xidmətin icra qurumlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə inzibati məhkəmədə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 7ci bəndinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-cü maddələrinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar