Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3079/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əlavə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş vaxtından artıq işlədiyi iş saatlarına görə əlavə əmək haqqının ödənilməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə (kontraktına) əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinə müfəttiş vəzifəsinə təyin edilmiş və 2024-cü ilin mart ayında işdən azad olunmuşdur.
2. İddiaçı iş vaxtından artıq işlədiyi iş saatlarına görə əlavə əmək haqqının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-43-92/2-Oxx/xx/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, 01 mart-02 mart 2024-cü il tarixində ezamiyyətdə olduğu vaxtın xərcliyi ödənilmiş, lakin növbədə olduğu məsələ ilə bağlı Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 101-ci maddəsinin “a” bəndində “dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi” iş vaxtından artıq işlərə yol verilən müstəsna hal kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olmadığı üçün ona əlavə əmək haqqının ödənilməsi nəzərdə tutulmamışdır. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2015-2022-ci ilin müxtəlif vaxtları üzrə Qazax rayon şöbəsində sutkalıq növbəyə təyin olunmağına dair “Sutkalıq naryadların qeydiyyat kitabı” üzrə rəsmi olaraq əmrlər üzrə həqiqətən əmək hüquqlarının pozularaq sutkalıq növbətçi təyin olunmağına dair sorğu edilərək dəqiqləşdirilməsinə və “Əmək Məcəlləsi”nə uyğun olaraq əlavə iş saatlarının cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmaqla ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-2024-cü il tarixlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində mülki müfəttiş vəzifəsində çalışdığı müddət ərzində 2015-2022-ci ilin müxtəlif vaxtlarında onunla bağlanmış əmək müqaviləsində göstərilən iş (Əmək məcəlləsnin 89-cu maddəsi ilə tam iş vaxtı həftəlik 40 saat müəyyən edilmişdir) rejimindən əlavə haqqı ödənilmədən sutkalıq növbətçi təyin olunmuşdur (gecəni şöbənin binasında qalmaqla). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı olaraq iş saatından əlavə haqqı ödənilməyən Qazax rayon şöbəsi üzrə sutkalıq növbətçilik günlərimin ödəniş haqqını istəsə də xx.xx.2024-cü il tarixli 3-43-92 /2-0-xx/xx/2024nömrəli məktubda "Əmək məcəlləsi"nin 101ci maddəsinin "a" bəndini rəhbər tutaraq əsassız olaraq onun pozulmuş hüquqları təhrif edilmişdir. Bildirir ki, mülki işçilərin sutkalıq naryada təyin olunması qanunsuz olduğu üçün keçmiş Xidmət rəisi general-polkovnik Arzu Rəhimovun xx.xx.2022-ci il tarixli ƏN/1616N-li göstərişinin 3-cü bəndində mülki işçilərin sutkalıq naryada təyin olunması "qəti qadağan" etmiş və heç bir mülki əməkdaş 2022-ci il iyun tarixindən əlavə xidmətə cəlb edilmir (Gəncə şəhər Nizami rayon şöbəsinin keçmiş əməkdaşının iddiasından sonra). Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və sair qurumlarda da mülki işçilər çalışır və heç bir mülki qulluqçu sutkalıq növbətçi təyin olunmur (Sutkalıq növbətçi Nizamnaməyə uyğun olaraq hərbi qulluqçulardan təyin edilir). 2020-ci ilin sentyabrnda Prezidentin hərbi vəziyyət elan etməsindən sonra Vətən mühaibəsi zamanı qoşunların komplektləşdirilməsi üçün gecə və gündüz şöbədə Qazax rayonu üzrə səfərbərlik tapşırıqlarını yerinə yetirdiyi vaxt (Qazax rayonu üzrə döyüş tapşırığının böyük hissəninin onun tərəfindən yerinə yetirilməsni birmənalı olaraq hər kəs təsdiq edə bilər) Əmək məcəlləsinin 101-ci maddəsinin "a" bəndi sayılır və o da heç vaxt müharibə dövründə əlavə iş saatlarını dilə gətirməmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia (şikayət) ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
8. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə (kontraktına) əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinə müfəttiş vəzifəsinə (mülki işçi) təyin edilmiş və 2024-cü ilin mart ayında işdən azad olunmuşdur.
9. Hazırkı mübahisə işəgötürənlə işçi arasında iş vaxtından artıq işlədiyi iş saatlarına görə əlavə əmək haqqının ödənilməsi ilə bağlı yaranmışdır ki, bu da həmin mübahisənin işəgötürən-işçi arasında olan əmək münasibətləri ilə bağlı olduğunu deməyə əsas verir. Bu halda mübahisəli məsələnin həlli əmək qanunvericiliyi ilə tənzimləndiyindən ona mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
10. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtin etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
11. Hazırkı işdə isə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.
12. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
13. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi inzibati hüquqa aid deyil, işəgötürən-işçi münasibətlərini əhatə edir və əmək hüquq sahəsinə əsaslanır.
14. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan rayon (şəhər) məhkəməsinə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva