Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-308/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarının ləğv olunması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarının ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********190378 saylı qərarına əsasən keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2020-ci il tarixli **********191705 saylı səyyar vergi yoxlaması aktından və “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarından şikayət verilməsi ilə bağlı İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən qərar cavabdeh tərəfindən iddiaçıya gec təqdim edilmişdir. Həmin qərardan iddiaçı X3 Araşdırılması Baş İdarəsinə çağrıldıqdan sonra məlumatları olmuş və qərarı aldıqdan 10 gün sonra iddia ərizəsi hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının elektron kabinetinə yalnız “səyyar vergi yoxlaması barədə” məktub, xx.xx.2020-ci il tarixli akt, səyyar vergi yoxlaması aktına baxılması haqqında protokol göndərilmişdir. Həmçinin, cavabdeh inzibati orqanının kargüzarlıq haqqında təlimatına əsasən vergi orqanının adından hazırlanmış sənədlər poçt vasitəsilə də təqdim edilməli idi. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar vaxtında təqdim edilmədiyi üçün buraxılmış prosessual müddət üzürlü hesab olunmalı və işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı da nümayəndəsi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək izahatında bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərar cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********054300 saylı məktubla xx.xx.2020-ci il tarixdə saat 11:11-də göndərilmiş və ididaçı tərəfindən xx.xx.2020-ci il tarixdə saat 11:03-də qəbul edilmişdir. X1 elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə, mübahisələndirilən qərarın təqdim olunma (çatdırılma) tarixi xx.xx.2020-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarı mübahisələndirilmişdir. Odur ki, məhkəmədən hazırkı iş üzrə iddia müddəti tətbiq edərək, mübahisələndirmə haqqında iddia ərizəsinin təqdim edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı halda iddiaçı mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərtinə əməl etmədiyindən, yəni qanunla bu növ iddiaları vermək üçün müəyyən edilmiş 30 günlük prosessual müddəti pozmaqla məhkəməyə müraciət etdiyindən onun iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. X5 Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. X5 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə qeyd olunur ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə, elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Şərh olunanlara əsaslanaraq Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə, iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçı inzibati aktı gec aldığını iddia etsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi “vergi ödəyiciləri ilə yazışmalar barədə Hesabatdan” və Sistemdən çıxarışdan isə görünür ki, mübahisələndirilən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərar xx.xx.2020-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə həmin inzibati qərar iddiaçı tərəfindən oxunmuşdur. Bundan başqa iddiaçı tərəfindən təqdim olunan onun elektron kabinetinə daxil olan sənədlərə dair məlumatdan da görünür ki, mübahisələndirilən qərar xx.xx.2020-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Beləliklə, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarı təqribən 10 aydan sonra mübahisələndirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Ona görə də iddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, müddətin üzürlü səbəblərdən buraxılması dedikdə, müvafiq hərəkətin vaxtından edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sairə edilə bilər. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. İddiaçı tərəfindən isə həmin müddətdə müvafiq hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və onun iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197414 nömrəli qərarının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-308/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-308/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver