Məhkəmə qərarları › İş №2-1(114)-3086/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3086/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3086/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1959-cu ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. 824157 saylı diploma əsasən İddiaçı 1974-cü ildə Mirbəşir 96 nömrəli texniki peşə məktəbinə daxil olmuş, 1977-ci ildə bu məktəbin üzrə tam kursu bitirərərək rənksaz peşəsi və ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Tərtər Rayon Dövlət X2 xx.xx.2025-ci il tarixli 3-18-302/2-35/25 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Tərtər rayon peşakar yanğın hissəsinin rəisinin №4 nömrəli, xx.xx.1983-cü il tarixli əmirinə əsasən sürücü vəzifəsinə təyin olunmuş.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin №419 nömrəli xx.xx.2001-ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2025-ci il tarixli, məktubla bildirilmişdir ki, “'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitaiı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilib. Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyanı təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 7 il 4 ay 16 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 il 2 ay 24 gün sığorta stajına uyğun olaraq 7288,65 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1 ay 22 gün sığorta stajına uyğun olaraq 177,38 manat olmaqla, ümumilikdə 7466,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə təiəb olunan 40320,00 manat pensiya kapitalından az olduğundan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək (2 il 10 ay 26 gün) Tərtər (Mirbəşir) 96-№ li X8 məktəbində rəngsaz peşəsi və ümumi orta təhsil aldığım müddətin, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (9 ay 15 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində fəhlə işlədiyim müddətin, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək (2 il 14 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1980-ci ildən xx.xx.1981 -ci ilədək (1 il 5 ay 6 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində sürücü, xx.xx.1983-cü ildən xx.xx.2001-ci ilədək (18 il 9 ay 11 gün) Tərtər (Mirbəşir) X4 Tərtər (Mirbəşir) komandasında sürücü, xx.xx.2001 -ci ildən xx.xx.2005-ci ilədək (3 il 9 ay 29 gün ) "xxxx" ASC-də çilingər işlədiyim müddətin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 30 (otuz) il 2(iki) ay 9 gün ümumi iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla, onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 avqust 1959-cu ildə anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək (2 il 10 ay 26 gün) Tərtər (Mirbəşir) 96-№ li X8 məktəbində rəngsaz peşəsi və ümumi orta təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək ( 9 ay 15 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində fəhlə işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək (2 il 14 gün) keçmiş sovet ordusu sralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək (1 il 5 ay 6 gün) Tərtər (Mirbəşir) Kommunal Təsərrüfat Şöbəsində sürücü, xx.xx.1983-cü ildən xx.xx.2001 -ci ilədək (18 il 9 ay 11 gün) Tərtər (Mirbəşir) X4 Tərtər (Mirbəşir) komandasında sürücü, xx.xx.2001 -ci ildən xx.xx.2005-ci ilədək (3 il 9 ay 29 gün ) "xxxx" ASC-də çilingər işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti və iş (sığorta) stajı əmək kitabçasında, eləcə də diplomunda və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 30 il 2 ay 9 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini ərizə ilə cavabdehə göndərərək xx.xx.2024-cü ildə 65 yaşına çatmağını, xx.xx.2006-cı ilədək 30 il 2 ay 9 gün iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2024cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı ünvanladığı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə, həmçinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan hərbi xidmət dövrü də nəzərə alınmaqla) 7 il 4 ay 16 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01 2006-cı il tarixinədək 7 il 2 ay 24 gün sığorta stajına uyğun olaraq 7288,65 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1 ay 22 gün sığorta stajına uyğun olaraq 177,38 manat olmaqla, ümumilikdə 7466,03 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından az olduğundan, əmək pensiyasının minimum məbləğindən az olmayann pensiya təminatına imkan vermir. Bildiriilir ki, Fondun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Tərtər rayon X5 hissəsi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən iddiaçı Tərtər rayon X5 hissəsində 16.01 1983-cü il tarixində 4 №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmri aşkar edilməmiş, eyni zamanda, xx.xx.2001-ci il tarixində müəssisə hərbiləşdiyi üçün arxiv sənədlərinin olmadığı bildirilmişdir. Bundan əlavə İddiaçı əmək kitabçasında xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən doldurulma qaydası pozulduğundan (işə daxilolma tarixində düzəliş edildiyindən), həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” nın 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud isdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə. isdən azad etmək haqqında isə işçinin isdən çıxarıldığı gün edilir. Qanunvericiliyin normalarından müəyyən olunur ki, işçi isdən azad edilən zaman işdən azad olunma işəgötürən tərəfindən qeydlər aparılmaqla rəsmiləşdirilir, Sözügedən Qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Qanunvericiliyin normasından müəyyən olunur ki, işəgötürənin isdən azad etmə barədə əmri olmadıgda isdən azad edilmə faktı rəsmiləşmiş hesab oluna bilməz. Şəxsin işdən azad edilməsi barədə geyd əmək kitabçasında mövcud olmadıgda, bu artığ qanunvericiliyin normalarının pozulmasına gətirib çıxarır. X7 Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktda qeyd olunan məlumatlara əsasən Tərtər Avtonəqliyyat idarəsinin hüquqi ünvanı bəlli olsa da fəaliyyət göstərmədiyi, eyni zamanda arxiv sənədlərinin Tərtər Rayon Dövlət Arxivində saxlanılmadığı müəyyən edilib. Bundan əlavə bildiririk ki, bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdə sosial müavinət təyin olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı C.Evvazovun “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması’’ tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiya hüququnun yarandığı 8 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasında gəlməmiş,səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, iddiaçıya məxsus əmək kitabçası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Tərtər Rayon Dövlət X2 xx.xx.2025-ci il tarixli 3-18-302/2-35/25 nömrəli arayışı və digər sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçı onun pensiya hüququnun yarandığı 8 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının sığorta stajı iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Belə ki, cavabdeh orqan etirazında iddiaçı Tərtər rayon X5 hissəsində 16.01 1983-cü il tarixində 4 №-li əmrlə sürücü vəzifəsinə işə qəbul edilsə də, işdənçıxma əmri aşkar edilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Tərtər Rayon Dövlət X2 arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən Tərtər rayon peşakar yanğın hissəsinin rəisinin №4 nömrəli, xx.xx.1983-cü il tarixli əmirinə əsasən sürücü vəzifəsinə təyin olunmuş.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin №419 nömrəli xx.xx.2001ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya pensiya hüququnun yarandığı 8 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 8 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar