Məhkəmə qərarları › İş №2-1(114)-3089/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3089/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3089/2024 29.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialına qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialına qarşı xx.xx.2024cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil haqqından azad olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq icraatı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz göndərərək bildirmişdir ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoyi Universitetinin Şəki filialında Məktəbəqədər təhsil ixtisasının ücüncü tədris ilində təhsil alır. İddiaçı DİM (X5)-nin xx.xx.2022-ci tədris ilində ödənişli əsaslarla ADPU-nun Şəki filialına qəbul olunmuşdur. Həmin ildən etibarən İddiaçı ilə Azərbaycan Dövlət Pedaqoyi Universitetinin Şəki filialı arasında tərəflərin hüquq və vəzifələrini müəyyən edən xx.xx.2022-ci il tarixli 25 saylı "Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında" müqavilə imzalanmışdır. İddiacı, onunla ADPUnun Şəki filialı arasında bağlanmış xx.xx.2022-ciil tarixli 25 saylı "Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında müqaviləni könüllü olaraq bağlamışdır. İddiacının təhsil haqqı ödəməklə bağlı öhdəliyinə dair hüquqi nəticə məhz həmin müqavilə əsasında yaranmışdır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarına görə İddiaçı Gəncə İnzibati Məhkəməsinin qətnaməsinə əsasən "Məcburi köckün" statusu verilmişdir. Azərbaycan Respublikası Təhsil Qanunun 14.8-1.5. maddəsinə əsasən Dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan "Qaçqınların və məcburi köckünlərin (ölkə daxilindən köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi köckün statusu olan Azərbaycan Resp vətəndaşlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Tələbənin ərizəsi və məcburi köckün vəsiqəsi nəzərə alınaraq ADPU-nun Şəki filialı üzrə 20 oktyabr 2023-cü il tarixdə 02/217 nömrəli əmr verilərək xx.xx.2024- cü il tarixdən təhsil haqqı ödənişindən azad edilmiş onun təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanmışdır. Tələbəİddiaçı məcburi köckün statusunu ADPU-ya təqdim etdiyi 16 oktyabr 2023-cü il tarixə kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən təhsil haqqı ödəməlidir. Tələbənin 15 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2023-cü il tarixinədək ödəməli təhsil haqqı borcu 1950 manatdır. ADPU keyfiyyətli təhsil verməsini tələbə isə vaxtlı-vaxtında təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər tədris ilinin başlanğıcında ADPU güzəşt hüququ olan tələbələr barədə Elm və Təhsil Nazirliyinə yazılı müraciət edir və həmin tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Əvvəlki illər ücün müraciətlər qəbul olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X2"nə, müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini, qeyd olunan ildə tələbənin müvafiq statusunun olmadığı üçün müvafiq məlumatların verilmədiyini, həmin maliyyə ilinin bağlandığını, sonradan formalaşmış öhdəliklərin əvvəlki maliyyə illəri üzrə geriyə doğru dəyişdirilməsinin qeyri-mümkünlüyünü, adambaşına maliyyələşdirilmə çərçivəsində iddia olunan ildə şəxsin güzəşt statusu olmadığı üçün, müvafiq prosedurların həyata keçilmədiyini, dolayısı ilə qeyd olunan maliyyə ilində bu məqsəd üçün maliyyə ayrılmadığını nəzərə alaraq vətəndaşın iddiasının təmin olunması qeyri-mümkün və qanuna ziddir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının "Məcburi köçkün" statusunu təsdiq edən sənədi sonradan əldə etməsinin ADPU-nun Şəki filialının təqsirli hərəkətləri nəticəsində baş vermədiyini əsas tutaraq Elm və Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şəki filialının cavabdeh kimi müəyyən edilməsi qanunauyğun deyildir. Bu səbəbdən də ADPU-nun Şəki filialının iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Diqqətinizə catdırmaq istəyirəm ki, ADPU publik hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşmir, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrdən və güzəşt hüququ olan tələbələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə əldə etdiyi gəlirlərlə maliyyələşən, bununla işcilərinin əmək haqqını qarşılayan ali təhsil müəssisəsidir. İddiaçı birinci tədris ilində "məcburi köckün" statusunu təsdiq edən sənədi ADPU-ya təqdim etmədiyindən qeyd edilən güzəşt hüququndan faydalana bilməmişdir. İddiacıya "Məcburi köckün" statusunu vaxtında verməyən, ona bilavasitə zərər vuran Qacqınların və X3 üzrə Dövlət Komitəsidir. Əgər bu Komitə vaxtında iddiacıya Məcburi köckün statusu versəydi bu günkü mübahisə də olmazdı. İddiacının "Məcburi köckün" statusunu təsdiq edən sənədi sonradan əldə etməsi ADPU-nun təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. ADPU müqavilə öhtəliyini tam icra etmiş, hər hansı qanun pozğuntusuna yol verməmişdir. Bu səbəbdən də ADPU-nun və Şəki filialının iddiacı qarşısında hər hansı öhdəliyi yoxdur. Hüquqi əsaslandırma aparmadan hazırkı mübahisə üzrə, ADPU və onun Şəki filialı cavabdeh kimi tanına bilməz. Məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi halda, tələbə təhsil haqqı ödəmiyə bilər. Birinci tədris ilinin təhsil haqqı dövlət büdcəsi tərəfindən Elm və Təhsil Nazirliyi tərəfindən (arxa tarixlə müraciətlərə baxılmadığı üçün) ADPU-nun Şəki filialına, İddiaçı adına 1950 manat ödənilməyib. Odur ki, iddianın rədd edilməsini xahiş edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialına qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 2834/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” barədə iddia tələbi təmin edilmiş, İddiaçı «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya AA No495231 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 01-08/143 saylı məktuba əlavə edilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında xx.xx.2022-ci il tarixli 25 saylı müqavilədən görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı öz öhdəsinə “Məktəbəqədər təhsil” ixtiasası üzrə ödənişli əsaslarla əyani bakalavr ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür. Tələbə oxuduğu hər tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl Təhsil Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etdiyi məbləğdə təhsil haqqını 1800 (bir min səkkiz yüz) manat ADPU-nun Şəki filialı hesabına keçirməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. – 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona təhsil verən təhsil müəssisəsinə ödədiyi pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu tələb təhsil xidmətinin göstərilməsi üzrə tərəflər arasında olan müqavilə münasibətlərindən yaranmışdır. Bu münasibətlərdə cavabdeh inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş hazırkı tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Tərəflər arasında olan bu münasibətlər müqavilə vasitəsilə tənzimlənməklə yaranan öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş təhsil haqqının geri qaytarılmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Məhkəmə onu da qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. İstinad olunan normadan görünür ki, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında X2”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. Belə olan halda müəyyən olunur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialına qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar