Məhkəmə qərarları › İş №2-1(114)-309/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-309/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-309/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsi 38-ci sahədə onun adına olan 450 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci ildən xx.xx.1996-cı il tarixə kimi “Billur” X5 işləmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 758 saylı Sərəncamı ilə “Billur” X6 işçilərinə bağçılıq-yoldaşlığı üçün 0,9 ha torpaq sahəsi ayrılmışdır. Həmin bağçılıq yoldaşlığın üzvü olmuşdur. “Billur” X6 160 nəfər işçisinə bağ evi tikmək üçün torpaq sahəsi verilmiş və adlı siyahı tərtib edilmiş iddiaçı siyahıda 74-cü sırada qeyd edilmişdir. “Billur” X6 hər bir işçisinə Məhsəti qəsəbəsində (keçmiş Sevinc) 450 kvadratmetr torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 15 noyabr 2023-cü il tarixli məktubla onun müraciətinin icrasına imtina verilmişdir. Lakin həmin imtina məktubunu iddiaçı əsassız və qanunsuz hesab edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, "Billur" bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir. Torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki və hüquqmüəyyənedici sənəd əlavə edilmədiyi həmçinin faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən xüsusi mülkiyyətə aid (digər və infrastruktur) əraziyə düşdüyü müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin 83 kv.m hissəsi X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, sahə B-3 ünvanında yerləşən torpaq sahəsinə dair X1 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra etiraz ərizəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının qanunu ilə əsaslandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə dair məhkəməyə etiraz ünvanlamamışdır. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 408,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsi 38-ci sahədə yerləşən 365,2 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 15 mart 1995-ci il tarixli 758 nömrəli sərəncamı, xx.xx.1971-cü il əmək kitabçası, “Billur” EİBnin bağçılıq yoldaşlıq üzvlərinin siyahısı, “Billur” EİB-nin Həmkarlar Komitəsinin xx.xx.1955-ci il tarixli 04 nömrəli protokol qərarından çıxarış, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və məhkəmə qərardadı üzrə alınmış mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, «Billur» BYB-nin xx.xx.1995-ci il tarixli 04 nömrəli protokolu əsasında bağçılıq üçün birliyin üzvü İddiaçı 450 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmiş və sonuncu tərəfindən imtina bununla əsaslandırılmışdır ki, «Billur» BYB tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməmiş və faktiki torpaq sahəsinin 83 kv.m. hissəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Aparılan araşdırma zamanı, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən heç bir texniki sənəd əlavə edilmədiyi, həmçinin faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən xüsusi mülkiyyətinə aid (digər və infastruktur) əraziyə düşdüyü müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi «Billur» X2 xx.xx.1995-ci il tarixli 04 nömrəli iclas protokolu ilə ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçı naturada təqdim etdiyi 450.0 kv.m torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) xüsusi mülkiyyət olaraq göstərilmişdir. Lakin torpaq sahəsinə dair hər hansı sənəd nömrəsi qeyd olunmamışdır. Daxil olmuş iş materiallarında mövcud olan, İddiaçı adına tərtib olunaraq Gəncə şəhərinin baş memarı A.Əliyev tərəfindən təsdiq edilmiş 05 may 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən 450.0 kv.m torpaq sahəsi də, Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) xüsusi mülkiyyət olaraq göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), İddiaçı naturada təqdim etdiyi 450.0 kv.m torpaq sahəsinin, 441.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, şərti yararsız torpaq sahəsi, 9.0 kv.m hissəsi isə ifrastruktur sahə (yollar və küçələr) olaraq göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), daxil olmuş iş materiallarında mövcud olan, İddiaçı adına tərtib olunaraq Gəncə şəhərinin baş meman A.Əliyev tərəfindən təsdiq edilmiş 05 may 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən 450.0 kv.m torpaq sahəsinin 221.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, şərti yararsız torpaq sahəsi, 229.0 kv.m hissəsi isə ifrastruktur sahə (yollar və küçələr) olaraq göstərilmişdir. Qeyd edək ki, əraziyə keçirilən baxış zamanı, naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Lakin, 05 may 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən 450.0 kv.m torpaq sahəsinin 41.3 kv.m hissəsi üzərində başqa şəxs tərəfindən tikili inşa edildiyi aşkarlandı. İddiaçı naturada təqdim etdiyi 450.0 kv.m torpaq sahəsi. İddiaçı adına tərtib olunaraq Gəncə şəhərinin baş memarı A.Əliyev tərəfindən təsdiq edilmiş 05 may 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən 450.0 kv.m torpaq sahəsi ilə 59.7 kv.m hissədə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi 450.0 kv.m torpaq sahəsinin 75.8 kv.m hissəsi. elektron kadastr məlumat bazasına istinadən, xx.xx.2016-cı il qeydiyyat tarixli **********47 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsilə üst-üstə düşür. Elektron kadastr məlumat bazasına istinadən, 05 may 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən 450.0 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydə alınmış Çıxarış sənədi aşkarlanmamışdır. Göründüyü kimi cavabdeh orqanın imtinası iddiaçının faktik istifadəsində olan torpaq sahəsinə münasibətdə olmuşdur. Həqiqətən iddiaçının naturada təqdim etdiyi 450 kv.m torpaq sahəsinin 75,8 kv.m hissəsi X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 9,0 kv.m hissəsi isə ifrastruktur sahə (yollar və küçələr) olaraq göstərilmişdir. Bu hal mütəxəssis rəyi və torpaq sahəsinə ortofoto görüntüsü ilə təsdiqin tapır. Bu hal iddiaçının nəzərinə çatdırılmış və iddiaçı öz növbəsində faktiki istifadəsində olan torpaq sahəsinin 365,2 kv.m. hissəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınmasını istəmişdir. Həmin hissə üzrə isə torpaq sahəsinin üst-üstə düşməsi halı mövcud deyildir. Göründüyü kimi, İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi ayrılan zaman səlahiyyətli qurumun qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış və ondan təyinatına uyğun istifadə etmək istəyir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə «Billur» X2 üzvü kimi bağçılıq üçün torpaq sahəsi ayrılmış, həmin qərarda torpaq sahəsinin ölçüləri göstərilmiş, habelə iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmişdir. Bu halların mövcudluğu «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərə iddiaçı tərəfindən əməl edildiyi nəticəsinə gəlməyə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Gəncə şəhəri. Məhsəti qəsəbəsində yerləşən İddiaçı faktik sahibliyində olan 365,2 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar