Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3090/2024 02.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə müəyyən olunur ki, əri X2 tağım komandiri kimi xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. X2 xx.xx.1995-ci il tarixdə kəllə beyin travmasından vəfat etmişdir. Ona şəhid ailəsi vəsiqəsi verilmişdir və şəhidlər üçün təyin edilmiş pensiyanı alır. 2023-cü ilin mart ayınadək qanunla müəyyən edilmiş miqdarda Prezident təqaüdü almış və hmin vaxtdan təqaüdün ödənilməsi dayandırılmışdır. O, Prezident təqaüdünün bərpa edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və Fondun imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2-Q-734238/23 saylı məktubunda mərhum əri X1 şəhid adının verilmədiyi bildirilmişdir. Lakin həmin məktubdan da göründüyü kimi, xx.xx.2009-cu il tarixdən ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsi icraata qəbul edilmiş və cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
11. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
12. Elektron məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, iddiaçı Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatdadır.
13. Lakin məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-2529/2024 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında faktiki olaraq məskunlaşmışdır.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
15. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün kimi faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşıb yaşadığından onun işinə Bakı şəhərində yerləşən inzibati məhkəmədə baxılması şəxslərin məhkəməyə əlçatanlığının və işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi, habelə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün daha əlverişlidir.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə- Hüquq Şurası tərəfindən müəyyən olunur.
17. İddiaçının yaşayış yeri olan Bakı şəhərinin Binəqədi rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
18. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
19. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva