Məhkəmə qərarları › İş №2-1(114)-3092/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3092/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3092/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 739 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixində İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, ona işləməyi ilə əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsi əsas götürülməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və ödənişi davam etdirilir. Bildirilmişdir ki, Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Sözügedən Qaydalarda bort operator vəzifəsi nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq sözügedən səhmdar cəmiyyət uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğunu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqlarına görə uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib, eyni zamanda, Qanunun 9.3-cü maddəsinə deyil, 9.1-ci maddəsinə əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları vurğulanıb. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda bildirilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də "İnzibati icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 27 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filialın Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 43 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli aktından görünür ki, **********0 nömrəli xidməti məruzəyə əsasən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala gəlmiş, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda ona pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X6 şəhər Kəpəz rayon şöbəsi tərəfindən sözügedən vəzifələrdə işlədiyi xx.xx.1989-xx.xx.2007-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2007-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3- cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, ona vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunmaqla pensiya ödənişinin cari aydan dayandırılması barədə yeni qərar qəbul edilib. Nəticədə ona xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 222039,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli 124-3-7/4885/22 nömrəli məktubunda göstərilir ki, İddiaçı "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin bort operatoru vəzifəsində uçuş heyətinin üzvü qismində işləyir.

6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 196-22/SWA/HR nömrəli arayışında göstərilir ki, İddiaçı "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin bort operatoru vəzifəsində işləyir.

7. "xxxx" MMC-nin İL-76 tipli X5 Təlimatından görünür ki, xx.xx.1985-ci il tarixdə qüvvəyə minmiş İL-76T (TD) X5 Təlimatının ikinci nəşrinin 1.1-ci bəndinin – “Təyyarə haqqında qısa məlumat” ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq İL-76T (TD) Hava Gəmisinin ekipajı 7 nəfərdən ibarətdir: - hava gəmisinin komandiri; - ikinci pilotu; naviqatoru; -bortmühəndisi; - bortadisti; - böyük bortoperatoru; - bortoperatoru. "xxxx" İL- 76T (TD) X5 Təlimatının nüsxəsi Hava Gəmisinin konstruktor bürosu olan X3 ASC-nin istinad nüsxəsi ilə xx.xx.2022-ci il tarixində uzlaşdırılaraq təsdiq edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarı ilə “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ona 72955,11 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. O, uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.1989-cu ildən etibarən "X7" şirkətində bortoperator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyaları haqqında" AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» AR Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsi qismində inzibati icraatda mövqeləri dinlənilmiş, lakin irəli sürdükləri əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının 2.1-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci pilot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradist və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC- də bort operator vəzifəsi mövcud deyildir. İkincisi, araşdırma apardıqları şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X7 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. Təmsil etdiyi şəxs tərəfindən həmin Agentliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan lATA-nın, eləcə də Agenntlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, ona ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cüil tarixli 2-1(112)-5465/2023 nömrəli qərardadı ilə hazırki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1723/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1723/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

17. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

18. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

20. İş materiallarından görünür ki, hazırda mübahisələndirilən qərarlar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir .

21. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

23. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

25. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” və xx.xx.2022-ci il tarixli **********7 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və vəkil olan nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və əvvəlki məhkəmə iclası zamanı hazırkı iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə iddiaçının və vəkil olan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur.

30. Etiraz onunla əsaslandırılmışdır ki, göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin iddiaçının Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.1989-xx.xx.2007-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2007-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının "bort operator" vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraata başlanılmışdır. Daha sonra iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktub ünvanlanmışdır. Bununla əlaqədar olaraq, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbula gəlmişdir, qəbul zamanı iddiaçıya vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra iddiaçının yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. İddiaçının mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bildirilir ki, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunmuş, pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə ona xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 222039,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

31. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında etirazda qeyd edilənlərə istinadla iddianın təmin edilməməsini xahiş etmişdir.

32. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmənin əvvəlki iclaslarında bildirmişdir ki, "xxxx" MMC-nin İL-76 tipli Hava Gəmisi yük gəmisidir. "xxxx" QSC-də İL-76 tipli Hava Gəmisi olmadığından həmin şirkətdə bortoperator vəzifəsi də mövcud deyildir. Hər bir yük hava gəmisinin bortunda mütləq yüklə birlikdə bortoperator da uçur, bortoperator olmazsa yük gəmisinin uçuşunun baş tutması mümkün deyildir. Belə ki, bortoperator hava gəmisi ilə daşınacaq yükləri təyyarənin bortuna yığır və uçuş zamanı təyyarənin bortunda əyləşərək, yükün təyinat nöqtəsinə saz (sağlam) vəziyyətdə çatdırılmasını təmin edir. Bu zaman bortoperator pilotla daima radio əlaqədə olmaqla, pilotun hava gəmisinin surətini tənzimləməsi üçün bortdakı yüklərin vəziyyəti barədə məlumat verir, uçuşda yüklərin tarazlığına, salondakı təzyiqə nəzarət edir və bu kimi vəzifələri yerinə yetirir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdi, bu zaman isə yaş həddi deyil, uçuş saatı nəzərə alınırdı. İddiaçı həmin əsasla 2007-ci ildən 2022-ci ilədək pensiya almış, daha sonra cavabdeh orqan iddiaçının uçuş heyəti üzvü olmaması əsası ilə iddiaçıya pensiya təyinatı qərarının ləğvi üzrə inzibati icraat başlatmışdır. Cavabdeh orqan iddia etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsi ilə pensiya təyin oluna bilər, lakin həmin halda da iddiaçının pensiya hüququnun yaranması üçün 60 yaş tələb olunduğu və iddiaçı 58 yaşında olduğu üçün əmək pensiyasının dayandırılması da qərara alınmışdır. Lakin həmin qərarlar qanunsuz və əsassızdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarları; - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli 124-3-7/4885/22 nömrəli məktubu; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 196-22/SWA/HR nömrəli arayışı; - "xxxx" MMC-nin İL-76 tipli X5 Təlimatı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ********** nömrəli və xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli aktı; - İddiaçının pensiya işi üzrə icraata materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.

35. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya "xxxx" MMC-nin İL-76 tipli Hava Gəmisinin bort operatoru olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi əsas götürülməklə xx.xx.2007-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş və 2022-ci ilin dekabr ayınadək ona pensiya ödənişi həyata keçirilmişdir.

36. Sonradan cavabdeh orqan hesab etmişdir ki, həmin Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Sözügedən Qaydalarda bort operator vəzifəsi nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Ona görə də, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

37. Bununla bağlı cavabdeh orqan tərəfindən inzibati icraat başlanılmış və icraatın yekunu olaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarla “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması qərara alınmış, eyni zamanda xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarla İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qərara alınmışdır.

38. Hazırda iddiaçı cavabdeh orqanın ona pensiya təyin edilməsinə dair qərarın ləğvi barədə və əmək pensiyasının dayandırılması barədə qərarları mübahisələndirir.

39. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarın ləğvi” barədə xx.xx.2022-ci il tarixli **********5 nömrəli və “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılması” barədə xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarları qanunsuz və əsassız qəbul edilmişdir və bu əsasla ləğv edilməlidir.

40. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: - 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; - 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

41. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olması mübahisəsizdir. Mübahisəli olan hal iddiaçının pensiya hüququnun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci yoxsa 9.3-cü maddəsinə əsasən təmin olunmalı olmasıdır.

42. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

43. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 9.1 və 9.3-cü maddələr yuxarıda qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.

44. Hazırkı işdə mübahisə iddiaçının tutduğu bortoperator vəzifəsinin “mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrə” və ya "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 21.3-cü bəndinin 9-cu hissəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperatora aid olması ilə bağlıdır. Belə ki, həmin Qərarın qeyd edilən bəndinin 7-ci hissəsində hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlərə aid edilməsinə dair qeyd vardır.

45. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir.

46. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hava gəmilərinin bort operatorunun yerinə yetirdiyi funksiyalar yük və sərnişin gəmilərində fərqlidir.

47. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli 124-3-7/4885/22 nömrəli məktubuna və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 196-22/SWA/HR nömrəli arayışına əsasən İddiaçı "xxxx" MMC-də uçuş dəstəsinin (uçuş heyətinin üzvü) İL-76 tipli HG-nin bort operatoru vəzifəsində uçuş heyətinin üzvü qismində işləyir.

48. Hava gəmilərinin bort operatorları (geniş anlamda) aviasiya personalına daxildir. Lakin nəzərə almaq lazım gəlir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən onlar daha dəqiq anlamda hava gəmisinin ekipajına daxildir. Qeyd edilən ekipaj (uçuş heyəti) isə öz növbəsində iki tərkib hissədən ibarətdir: 1) Kabin heyəti (pilotlar, naviqator (şturman), bort mühəndisi, bortmexanik və digər uçuş mütəxəssisləri); 2) Salon heyəti (bort bələdçiləri, stüard və stüardessalar və s.).

49. Vəzifələrinə aid tələblərə uyğun olaraq bort operatorlar aidiyyəti treninqlərdə iştirak edərək müvafiq sertifikatlara malik olmalıdırlar. Sözügedən sertifikatlara malik olan bort operatorlar yükləmə operasiyaları zamanı hava gəmilərinin mürəkkəb texniki qurğularından istifadə edilməsinə buraxılırlar. Bu tələblər yüklərin daşınması üçün nəzərdə tutulan mülki hava gəmilərinin istənilən növü üçün eynidir.

50. Hesab edilir ki, bort operatorlar tərəfindən həyata keçirilən işin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onların fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında dolayısı ilə iştirak edilməsi məsələləri bort operatorların “digər uçuş mütəxəssisləri” sırasında daxil olmalarını labüdləşdirir.

51. “ИЛ-76Т” X5 istismarı ilə bağlı rəhbər təlimata əsasən hava gəmisi iriqabaritli texnikanın və yüklərin magistral hava xətlərində daşınması üçün nəzərdə tutulmuşdur.

52. "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: -hava gəmisinin komandiri; -hava gəmisinin pilotu; -naviqatoru; -bortmühəndisi; -bortradisti; -böyük bortoperatoru; -bortoperatoru.

53. "xxxx" MMC tərəfindən bildirilmişdir ki, “İL-76” tipli hava gəmilərinin “uçuş istismarı üzrə təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL-76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur.

54. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir.

55. İddiaçı tərəfin bildirdiyinə görə, İddiaçı hava gəmisinin bortoperatoru olaraq hava gəmisi ilə daşınacaq yükləri təyyarənin bortuna yığır və uçuş zamanı təyyarənin bortunda əyləşərək, yükün təyinat nöqtəsinə saz (sağlam) vəziyyətdə çatdırılmasını təmin edir. Bu zaman bortoperator pilotla daima radio əlaqədə olmaqla, pilotun hava gəmisinin surətini tənzimləməsi üçün bortdakı yüklərin vəziyyəti barədə məlumat verir, uçuşda yüklərin tarazlığına, salondakı təzyiqə nəzarət edir və bu kimi vəzifələri yerinə yetirir.

56. "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına görə: Bənd 4.1.2. Avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. Bənd 4.1.3. Uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: -pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar. Bənd 5.2.7. Böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və “SİLK WAY” avia şirkətinə məxsus “İL-76 TD/TD 90” hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. Bənd 5.4.2. “SİLK WAY” avia şirkətində kabin heyəti nəzərdə tutulmamışdır. Bənd 5.2.8. Bort operatorlar uçuş heyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına görə: Bənd 2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: - 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); - 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); - 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; - 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları.

58. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər.

59. Cavabdeh orqan inzibati icraat zamanı iddiaçının işlədiyi bortoperator vəzifəsinin X5 heyətinin üzvü yoxsa hava gəmisinin heyət üzvünə aid olmasının dəqiqləşdirilməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" QSC-yə) sorğular ünvanlanmış və müvafiq şirkətin verdiyi cavabda uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğunu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqlarına görə uçuş heyəti üzvləri hesab edilmədikləri, eyni zamanda, onların Qanunun 9.3-cü maddəsinə deyil, 9.1-ci maddəsinə əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları vurğulanmış və cavabdeh orqan həmin məktubu əsas götürməklə mübahisələndirilən qərarları qəbul etmişdir.

60. Halbuki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində deyil, "xxxx" MMC-yə məxsus “İL-76” tipli hava gəmisinin bortoperatoru vəzifəsində işləyir.

61. İddiaçı tərəf "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “İL-76” tipli hava gəmisinin olmadığını, “İL-76” tipli hava gəmisinin məhz "xxxx" MMC-yə məxsus olmaqla, yük təyyarəsi olduğunu və həmin hava gəmisində bortoperator vəzifəsinin məhz uçuş heyətinin üzvü olduğunu qeyd edərək, həmin halın təsdiqi kimi həmin X5 təlimatına istinad etmişdir.

62. Həmçinin, iddiaçının cavabdeh orqana təqdim etdiyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli 124-3-7/4885/22 nömrəli məktubunda da İddiaçı "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin bort operatoru vəzifəsində uçuş heyətinin üzvü qismində işlədiyi qeyd edilmişdir.

63. Cavabdeh orqan isə istinad etdiyi hallara dair, yəni iddiaçının barəsində qəbul edilmiş qərarların qəbul edilməsini şərtləndirən əsaslara dair sübut təqdim etməmiş, yalnız iddiaçının işləmədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubu əsasında sözügedən qərarları qəbul etmişdir. Cavabdeh orqan eyni zamanda iddiaçının istinad etdiyi halların əksini təsdiq edəcək, yəni məhz "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “İL-76” tipli hava gəmisinin mövcud olmasına və həmin hava gəmilərində bortoperator vəzifəsinin olmasına dair hər hansı sübut təqdim etməmişdir.

64. Halbuki, hazırkı iddia növü olan mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü məhz mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqanın üzərinə düşür. Belə ki, İPM-nin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

65. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət hesab olunduğundan və hazırkı işin hallarına əsasən “İL-76 T (TD)” hava gəmisinin sahibi (təlimata əsasən) və istismarçısı ("xxxx" MMC) tərəfindən bort operatoru məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş uçuş heyətinin “digər uçuş mütəxəssisləri”nə aid edilmişdir.

66. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

67. Odur ki, iddiaçının işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsi (sərnişin gəmilərindən fərqli olaraq) heyət üzvü deyil, uçuş heyətinin üzvüdür və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur.

68. Cavabdeh qurum isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun yuxarıda qeyd edilənlərə əsasən “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmasını araşdırmadan, eləcə də sorğusuna cavab olaraq həmin hava gəmisinin istismarçısı "xxxx" MMC təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almadan qanunsuz əlverişsiz inzibati akt(lar) qəbul etmişdir.

69. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

70. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirilən qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

71. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

72. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.

73. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar