Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3095/2022 12.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə iddiaya cavab verməli olan quruma, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şğbəsinə müraciət etmiş, eyni zamanda həmin qurumdan imtina aktı verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Normanın tələbindən göründüyü kimi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi səlahiyyətli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aiddir. Eyni zamanda qeyd olunan Əsasnaməyə görə Müdafiə Nazirliyinə tabe olan hərbi qurumlarda xidmət etmiş şəxslərə müvafiq vəsiqə həmin nazirlik tərəfindən verilir. İşdə olan müvafiq sənədlərdən görünür ki, iddiaçı Müdafiə Nazirliyinə tabe olan hərbi hissədə xidmət etməsi qeyd edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, verilmiş iddia ərizələri üzrə ilkin olaraq iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah edilir ki, hazırki tələblə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli, müsbət cavab ala bilmədikdə həmin qurumu cavabdeh qismində cəlb etməklə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3095/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3095/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver