Məhkəmə qərarları › İş №2-1(114)-3096/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3096/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3096/2024 08.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X8) qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikah haqqında AZ-İ 048641 nömrəli şəhadətnaməyə əsasən İddiaçı ilə X9 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2005-ci il tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir.

2. X1 Aktlarının Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş 01004110 qeydiyyat nömrəli G 340/2010 2 reyestr nömrəli Doğum haqqında qeydiyyat reyestrinə və Doğum haqqında G340/2010 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2010-cu il tarixdə Neumünster, Friesenstr, 11 ünvanında anadan olmuşdur.

3. Doğum haqqında xx.xx.2011-ci il tarixli 362 nömrəli akt qeydinə və xx.xx.2011ci il tarixli AZ-İİ 620115 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2010-cu il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 362 nömrə ilə qeyd edilmişdir.

4. İddiaçı nümayəndəsi Nümayəndə doğum haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin şöbənin xx.xx.2024-cü il tarixli 102 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə X3 açılmış 362 saylı doğum akt qeydini ləğv etmək səlahiyyətləri xaricindədir. Ona görə də aidiyyəti üzrə akt qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur.

5. Məhkəmənin sorğusuna Tovuz rayon Aşağı Quşçu kənd həkim məntəqəsinin cavab məktubunda bildirilmişdir ki, həmin tarixdə verilmiş arayışların qeydiyyat kitabı olmadığına görə dəqiq məlumat verilə bilmir, arxiv sənədləri tapılmamışdır.

6. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2- 2652/2024 nömrəli məktubu ilə xx.xx.1980-ci il təvəllüdlü İddiaçı və xx.xx.1986-cı il təvəllüdlü X4 2009-2011-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır:

İddiaçı: Həsənova Günay: Tarix İstiqamət xx.xx.2009 Giriş Tarix İstiqamət xx.xx.2009 Çıxış II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 620115 saylı doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş 362 saylı xx.xx.2011-ci il tarixli akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 fevral 2005-ci il tarixdə X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. 2009-cu ildə 2 qız övladları ilə birlikdə Azərbaycan Respublikasından çıxmışlar və AFR-da yaşayırlar. Birgə nikahdan xx.xx.2010cu il tarixdə AFR-nın Neumünster şəhərində X10 üçüncü övladları anadan olmuşdur. Lakin uşağa həm də Azərbaycan Respublikasında Cavabdehndə 01 mart 2011-ci il tarixdə AZ-İl 620115 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum yeri Tovuz rayonu Aşağı Quşçu kəndi göstərilmişdir. Doğum şəhadətnaməsi onlar qeydiyyat şpbəsinə müraciət etmədən, uşağın doğumu ilə bağlı tibbi şəhadətnamə verilmədiyi halda yalnız onun valideyninin müraciəti əsasında verilmişdir. Hazırda uşağın doğum yeri ilə bağlı Almaniya Respublikasında vətəndaşlıq əldə etmək istəyirlər. Lakin uşağa iki fərqli doğum şəhadətnaməsinin verilməsi ilə əlaqədar bunu edə bilmirlər. Hazırda onlar doğum şəhadətnamənin ləğv edilməsi üçün cavab orqana müraciət etdikdə bundan imtina etdilər. Halbuki, onların tələbi qanuni tələb idi. Belə ki, onlar Azərbaycan Respublikasının sərhədindən 2009-cu ildə çıxdıqda onlar iki qız övladları ilə birlikdə ölkəni tərk etmişlər. Həmin tarixdən sonra Azərbaycana gəlməmişlər. Azərbaycan Respublikasında olmadıqları halda, 2010-cu ildə burada hər hansısa bir övladları ola bilməzdi. Sərhəd Xidmətinə sorğu edilməklə onların ölkəni nə zaman tərk etmələri barədə məlumat əldə etmək və beləliklə də, onların iddiasının əsaslı olması qənaətinə gəlmək mümkündür.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdehin yerləşdiyi yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı etirazları məhkəməyə daxil olmamışdır.

20. Üçüncü şəxs X8 məhkəməyə ünvanlandığı notarial təsdiqli razılıq ərizəsində xx.xx.2010-cu il tarixdə Almaniya Federativ Respublikasının Neumünster şəhərində anadan olmuş övladı X5 Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş AZ- İİ620115 saylı xx.xx.2011-ci il tarixli akt qeydinin ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikah haqqında AZ-İ 048641 nömrəli şəhadətnamə; - X1 Aktlarının Qeydiyyatı İdarəsinin G 340/2010 2 reyestr nömrəli Doğum haqqında qeydiyyat reyestri; - Doğum haqqında G 340/2010 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.2011-ci il tarixli 362 nömrəli akt qeydi; - Doğum haqqında xx.xx.2011-ci il tarixli AZ-İİ 620115 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 102 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Tovuz rayon Aşağı Quşçu kənd həkim məntəqəsinin cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-2652/2024 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə X8 xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X10 adlı uşaqları anadan olmuşdur.

24. X5 doğumu barədə X1 Aktlarının Qeydiyyatı İdarəsinin 01004110 qeydiyyat nömrəli G 340/2010 2 reyestr nömrəli Doğum haqqında qeydiyyat reyestri tərtib edilmiş və həmin qeydiyyat reyestri əsasında Doğum haqqında xx.xx.2024-cü il tarixli G 340/2010 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X5 doğum yeri Almaniya Federativ Respublikası, Neumünster şəhəri kimi qeyd edilmişdir.

25. Eyni zamanda, X5 doğumu Tovuz rayon VVADQ şöbəsində xx.xx.2011-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 362 nömrə ilə qeyd edilmiş və bu barədə doğum haqqında xx.xx.2011-ci il tarixli AZ-İİ 620115 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X5 adı “X7” kimi, doğum yeri isə Tovuz rayonu, Aşağı Quşçu kəndi kimi qeyd edilmişdir.

26. Göründüyü kimi, hazırda X5 barəsində iki doğum haqqında akt qeydi mövcuddur.

27. Hazırda iddiaçı qeyd olunan sənədlər arasında uyğunsuzluq olduğunu və uşaqlarının faktiki olaraq Almaniya Federativ Respublikası, Neumünster şəhərində doğulduğunu əsas gətirərək, Cavabdehndə tərtib edilmiş xx.xx.2011-ci il tarixli 362 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasını xahiş edir.

28. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

29. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

30. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-2652/2024 nömrəli məktubu ilə xx.xx.1980-ci il təvəllüdlü İddiaçı və xx.xx.1986-cı il təvəllüdlü X4 2009-2011-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar əsasında müəyyən edilir ki, X5 doğulduğu xx.xx.2010-cu il tarixdə atası İddiaçı və anası X8 Azərbaycan Respublikasında olmamışlar. Belə ki, İddiaçı və X8 xx.xx.2009-cu il tarixdə ölkədən çıxış etmişlər və 2011-ci ilədək ölkəyə girişləri olmamışdır.

31. Digər tərəfdən, X6 doğum haqqında 362 saylı xx.xx.2011-ci il tarixli akt qeydində doğumunu təsdiq edən sənəd qismində qeyd edilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli tibbi sənədin təqdim edilməsi üçün sorğu verilmiş və Tovuz rayon Aşağı Quşçu kənd həkim məntəqəsinin cavab məktubunda bildirilmişdir ki, həmin tarixdə verilmiş arayışların qeydiyyat kitabı olmadığına görə dəqiq məlumat verilə bilmir, arxiv sənədləri tapılmamışdır.

32. Məhkəmə onu da qeyd edir ki, X5 barəsində ilkin tərtib edilmiş akt qeydi X1 Aktlarının Qeydiyyatı İdarəsi tərəfindən 01004110 qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli akt qeydidir, Cavabdeh tərəfindən X2 doğumu barəsində tərtib edilmiş xx.xx.2011-ci il tarixli 362 nömrəli doğum akt qeydi isə sonradan tərtib edilmişdir.

33. Yuxarıda sadalanan halların hamısı məcmu halında qiymətləndirilərkən, X5 Tovuz rayonunda deyil, Almaniya Federativ Respublikası, Neumünster şəhərində doğulduğu müəyyən edilir ki, bu da X1 Aktlarının Qeydiyyatı İdarəsinin 01004110 qeydiyyat nömrəli G 340/2010 2 reyestr nömrəli Doğum haqqında qeydiyyat reyestrinin və Doğum haqqında G340/2010 nömrəli şəhadətnamənin etibarlılığına dəlalət edir.

34. Məhkəmə qeyd edir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

35. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

36. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.

37. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur).

38. İddiaçının övladı da Almaniya Federativ Respublikası, Neumünster şəhərində doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda isə yenidən qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır.

39. Bu vəziyyət onu deməyə əsas verir ki, Cavabdeh tərəfindən X5 Tovuz rayonunda doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır.

40. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

41. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehndə tərtib edilmiş xx.xx.2011-ci il tarixli 362 nömrəli doğum haqqında akt qeydi ləğv edilməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 doğumu barəsində tərtib edilmiş xx.xx.2011-ci il tarixli 362 nömrəli doğum akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar