Məhkəmə qərarları › İş №2-1(114)-3099/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3099/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3099/2023 23.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun pensiya təyin edilməsi barədə cavabdeh orqana ediyi müraciətinə xx.xx.2023-cü il tarixli məktubu ilə “əl ilə qaynaq aparan elektrik, qaz və s. qaynaqçısı” vəzifəsi kimi qeyd olunmadığı üçün imtina cavabı verilmişdir. Halbuki, vəzifənin adının əmr və ya əmək kitabçasında bu formada qeyd olunmaması onun təqsiri ucbatından olmamışdır, işlədiyi sahədə əl ilə olmayan qaynaq işləri mövcud olmamışdır. xx.xx.1982-xx.xx.1993-cü il tarixlərdə Ağdam 42 nömrəli təsərrüfatlararası səyyar mexanikləşdirilmiş dəstədə və xx.xx.1994-xx.xx.2008-ci illərdə "xxxx" ASC-nin Ağdam 2 saylı açıq tipli filialında qaynaqçı olaraq karkaslar hazırlanmış, lentlərin birləşdirilməsi, kəsilməsi imi işləri əllə qaynaq etməklə icra etmişdir. Eləcə də əmək kitabçasında qeyd edilmiş əmrlərdə "qaynaqçı" kimi işə götürüldüyü qeyd edilmiş və qaynaqçı işinin əllə qaynaq edən qaynaqçı olmamasını, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıya aid olmayan qaynaqçı işi olmasını göstərən bir halın mövcud olması ilə bağlı imtinada əsas göstərilməmişdir. Bundan başqa imtina məktubunda xx.xx.2006xx.xx.2008-ci illərdə "xxxx" ASC-nin Ağdam 2 saylı açıq tipli fililında qaynaqçı işlədiyi müddətdə onun adına məcburi sosial sığorta ödənişlərinin fərdi hesabının sığorta hissəsində aşkar edilməməsi göstərilmişdir. Hesab edirəm ki, bu hal da onun təqsiri ucbatından baş verməmişdir. Məcburi sosial sığorta ödənişlərinin işçinin fərdi hesabına ödənilib-ödənilməməsinə nəzarət etməli qurum elə cavabdehin özüdür və bu səbəbdən də fərdi hesabında bu ödənişlərin görünməməsi də təqsiri deyildir. Həmçinin imtinada qeyd edilir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun ağır işlərdə 12 il 6 aylıq iş stajının olması müəyyən edilmir. Ancaq əmək kitabçasında olan qeyddən görünür ki, xx.xx.2014-cü il tarixdən hazırkı vaxtadək də "xxxx" MMC-də qaynaqçı peşəsində çalışır. Ancaq cavabdeh bu hissədə iş stajına dair heç bir münasibət bildirməmişdir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.

5. İddiaçı iclasda vəkil olan nümayəndəsi X2 ilə təmsil edilmiş, cavabdehin nümayəndəsi X4 da məhkəmə iclasına gəlmişdir. lll. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. İddiaçının vəkil olan nümayəndəsi X2 işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini, iddiaçı məcburi köçkün kimi Bakı şəhərində məskunlaşsa da, Ağdam rayonu Sarcalı kəndində qeydiyyatda olduğundan işə Gəncə İnzibati Məhkəməsində baxılmasını istədiklərini bildirmişdir.

7. Cavabdehin nümayəndəsi X4 işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

11. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.

12. İddiaçının qeydiyyatda olduğu yer Ağdam rayonu Sarcalı kəndi olsa da, iddiaçı məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonunda yerləşən, İqtisad Universitetinin 3 saylı yataqxanasında müvəqqəti olaraq məskunlaşmışdır.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

15. İddiaçının faktiki yaşayış yeri olan Bakı şəhərinin Binəqədi rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.

16. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.

17. Məhkəmə iddiaçının vəkil olan nümayəndəsi X1 iddiaçı məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmasına baxmayaraq, Ağdam rayonu Sarcalı kəndində qeydiyyatda olduğundan işə Gəncə İnzibati Məhkəməsində baxılmalı olması barədə izahatına münasibətdə isə qeyd edir ki, istənilən hüquq normasının müddəaları tətbiq edilərkən, onun mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası ilə yanaşı, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.

18. İPM-in 8.1.2-ci maddəsinin dəyişiklikdən əvvəlki redaksiyasında deyilirdi: Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunu ilə 8.1.2-ci maddəyə “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;” məzmununda dördüncü cümlə əlavə edilmişdir.

20. Qanunvericinin həmin dəyişikliyi etməkdə güddüyü məqsəd isə şəxslərin məhkəməyə əlçatanlığının və işlərə ağılabatan müddətdə baxılmasının təmin edilməsidir ki, iddiaçı da faktiki olaraq Bakı şəhərində yaşadığından onun Bakı şəhərində yerləşən məhkəmədə işinə baxılması ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə zəmin yaradır.

21. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar