Məhkəmə qərarları › İş №2-1(114)-31/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-31/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-31/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı qızı və vəkili X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi) Şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezidentin təqaüdünün ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 23.10.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 17 avqust 2007-ci il tarixdə şəhid ailəsi üçün təyin edilmiş Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 27.11.2019-cü il tarixli, 2- 1(83)2027/2019 nömrəli qərardad ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. X8 tərəfindən qəbul edilmiş 20.10.2020-ci il tarixli, 2-1(114) 214/2020 nömrəli qərdad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Şəmkir rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı 20.10.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərərk cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Şəmkir rayon şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. X8 tərəfindən qəbul edilmiş 20.10.2020-ci il tarixli, 2-1(114) 214/2020 nömrəli qərdad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Şəmkir rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 16.11.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(114) 214/2020 nömrəli qərardadından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11.02.2021-ci il tarixli, 2-1(104)-147/2021 nömrəli qərardad ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 09.07.2021-ci il tarixli, 2-1(114) 31/2021 nömrəli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 17 avqust 2007-ci il tarixdə şəhid ailəsi kimi Prezident təqaüdü təyin edilmişdir. Lakin Dövlət Sosial X9 rayon şöbəsi qanunsuz olaraq həmin təqaüdün ödənilməsini dayandırmış, əsas kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.03.1999-cu il taixli, 35 nömrəli qərarına istinad etmişdir. Dövlət Sosial X9 rayon şöbəsi həmin nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 09.09.2019-cu il tarixli, 233 saylı arayışında əri X2 Azərbycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması qeyd edilmişdir. DSMF-nin Şəmir Rayon Şöbəsi isə 13.09.2019-cu il tarixdə iddiaçıya imtina verərkən yeni, yəni 09.09.2019-cu il tarixli rəsmi sənədi deyil, köhnə yəni 05.03.1999-cu il tarixli rəsmi sənədə istinad etmişdir. Bu səbəbdəndə DSMF-nin imtinasını əsassız hesab edir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı qızı, iddiaçının vəkili X10 və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslərin nümayəndələri isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı qızı və vəkili X10 ayrı-ayrılıqa iddia tələbini müdafiə edərərk, iddia ərizəsinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin iddiaçıya ünvanladığı 13.09.2019-cu il tarixli, **********7 nömrəli məktub; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin iddiaçıya ünvanladığı 09.09.2019-cu il tarixli arayış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.08.2009-cu il tarixli, 2/13116 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin 06.09.2007-ci il tarixli 207 nömrəli arayışın surəti; - Məhkəmənin sorğusu əsasında alınmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 13.11.2019-cu il tarixli, 1918 nömrəli məktubu; - 10.10.2018-ci il tarixli Bank hesabının açılması və xidmətin göstərilməsinə dair müqaviləni surəti; - 13.10.2018-ci il tarixli Bank hesabının açılması və xidmətin göstərilməsinə dair müqaviləni surəti; - Məhkəmənin sorğusu əsasında alınmış, Dövlət Sosial X9 rayon şöbəsinin 13.12.2019-cu il tarixli, **********2 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış, Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının 16.12.2019-cu il tarixli, 9-27/1062 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin 23.10.2020-ci il tarixli, SB/203 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18.09.2017-ci il tarixli, 9/2-16227 nömrəli Arxiv arayışının surəti; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.02.2020-ci il tarixli, 1/71-2626 nömrəli məktubu; - 18.03.2020-ci il tarixli, 11/1688 nömrəli arayışı; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.08.2020-ci il tarixli, 11/3871 nömrəli məktubu; - Qazax Hərbi Prokurorluğunun 11.06.2020-ci il tarixli HP-12/2013 №-li məktubu; - Gəncə Apelyasiya Məhkəməsinin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 09.12.2020-ci il tarixli, 1910 nömrəli məktubu; - Məhkəməyə daxil olmuş 17.06.2021-ci il tarixli, 1/71-16979 nömrəli məktub; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş və itkin düşmüş zabitlərin qeydiyyatı kitabının surəti. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 13.09.2019-cu il tarixli, **********7 nömrəli məktubdan görünür ki, 17 avqust 2007- ci il tarixdən şəhid ailəsi kimi Prezident təqaüdü təyin edilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 iyul 2009cu il tarixdə 03/3-19 saylı icra üçün göndərilmiş məktubda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 iyun 2009-cu il tarixli, 20/3116 saylı arayışına əsasən iddiaçının ərinin kiçik leytenant X3 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 697 nömrəli 03 sentyabr 1993- cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 1999- cu il tarixli 35 nömrəli Qərarının tələblərinə uyğun olaraq “Şəhid” statusu verilməsinin imkan xaricində olması bildirilmişdir. Bu səbəbdən də şəhid ailəsi kimi verilən Prezident təqaüdü dayandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 09.09.2019-cu il tarixli, 233 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü kiçik leytenant X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.08.2009-cu il tarixli, 2/13116 nömrəli məktubundan görünür ki, mərhum kiçik leytenant X7 21.03.1995-ci il tarixdə Gədəbəy rayonunun Baskənd yaxınlığında qumbara partlayışı nəticəsində həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 697 nömrəli, 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 1999-cu il tarixli, 35 nömrəli Qərarına əsasən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslərə «Səhid» statusu verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X9 rayon şöbəsinin 06.09.2007-ci il tarixli, 207 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublİkası Prezideminin Təqaüdünün təsis edilməsi haqqında” 19 dekabr 2006-cı il tarixli, 493 nömrəli fərmanın icrası ilə bağlı təqaüdlərin qanuni əsaslarla verilməsi araşdırılarkən işçi qurupu tərəfindən X2 21.03.1995-ci il tarixdə şəhid olduğu təsdiq olundu. Ona görə də onun arvadı Könüllü kənd sakini İddiaçı Firudin qızına iki azyaşlı uşağı ilə birlİkdə 30 manat, Prezidentin təqaüdünün verilməsi davam etdirilir. Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.08.2020-ci il tarixli, 11/3871 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 nümrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində nəzərdə tutulan şərtlərin mərhum X3 şamil edilməsinin səbəbi, qumbara partlayışının hansı şəraitdə baş verməsinin müəyyən edilməməsidir. Qazax Hərbi Prokurorluğunun 11.06.2020-ci il taixli, HP-12/2013 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisinin köməkçisi, kiçik leytenant X221.03.1995-ci il tarixdə Başkənd yaxınlığında qumbara partlamaı nəticəsində həlak olmasıfaktı üzrə Qazax Hərbi prokurorluğunda cinayət işi istintaq olmamışdır. Qazax Hərbi Prokurorluğunda 01.01.2005-ci il tarixədək olan dövrdə ölümlə bağlı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar saxlama müddətinin başa çatması ilə əlaqədar 09.10.2015-ci il tarixdə məhv edildiyindən, kiçik leytenant Telman Həsənovun ölüm faktı barədə məlumat verilməsi mümkün deyildir. Məhkəmənin sorğusu əsasına alınmnış 09.12.2020-ci il tarixli, 1910 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin məktubundan görsənir ki, 02.12.1959-cu il tarixli mərhum kiçik leytenant X6 21.03.1995-ci il tarixdə Başkənd yaxınlığında qumbara partlayışı nəticəsində həlak olmuşdur. (əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0502 nömrəli, 12.05.1995-ci il tarixli əmri) əlavə olaraq kiçik leytenant X6 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş və itkin düşmüş zabitlərin qeydiyyat kitabında şəhid kimi qeydiyyatdan keçir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş və itkin düşmüş zabitlərin qeydiyyat kitabının 20-ci sırasında X2 adı qeyd olunmuşdur. İş materiallarında olan 10.10.2018-ci il tarixli və 13.10.2018-ci il tarixli Bank hesabının açılması və xidmətin göstərilməsinə dair müqavilələrdən müəyyən edilir ki, şəhid ailələri üçün nəzərdə tutulan pul X2 ailəsinə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Şəhid ailələrinə” Azərbaycan Respublikası “Prezidentinin təqaüdü” təsis edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Qaydaların 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydalarının” təsdiq olunması haqqında Nazrilər kabinetinin 10 saylı qərarında şəhid ailələrinin statusunun yaranması qaydası müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29.01.2007-ci il tarixli, 18 nömrəli qərarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qərarın 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; Həmin qərarın 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin qərarın 8-ci bəndinə əsasən Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda mərhum X2 adı şəhid kimi qeydiyyatdadır və cavabdeh inzibati orqan heç bir əsas olmadan, yəni şəxsin şəhidlik statusunun ləğv edilməsinə dair hər hansı bir qərarın olmamasını nəzərə almadan, mərhumun ailsəsinə təyin edilmiş təqaüdün verilməsini dayandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mərhum X2 ailəsinə şəhid ailəsi kimi təyin edilmiş prezidnet təqaüdünün ödənilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mərhum əri X3 görə 17.08.2007-ci il tarixdən İddiaçı qızına Prezidentin təqaüdünün ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar