Məhkəmə qərarları › İş №2-1(114)-31/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-31/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-31/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Şəmkir rayonu Sabirkənd bələdiyyəsi, X36, X22 və X5) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 1 ha (10000 kv.m) torpaq sahəsinə mərhum atası X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X10 torpaq sahəsinin satılmasına dair Şəmkir rayonu, Sabirkənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən kənd təsərrüfatı məqsədi üçün 10000 kv.m torpaq sahəsi verilmişdir. Bələdiyyənin qeyd olunan qərarı əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. 2007-ci ildən bu günədək həmin torpaq sahəsini əkib-becərməklə öz tələbatlarını ödəmişlər. Atasından qalan torpağa mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqanın müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(114)- 806/2022 nömrəli qərardadla Şəmkir rayonu Sabirkənd bələdiyyəsi, xx.xx.2022-ci il tarixli, 2-1(114)-806/2022 nömrəli qərardadla isə X36, X22 və X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 12 yanvar 2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********15 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı Dövlət arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13 nömrəli arxiv arayışında adına qeyd edilmiş 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2020-ci il tarixdə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti araşdırılmış və torpaq sahəsinə dair yerquruluşu planından çıxarışı (torpaq sahəsinin yerini müəyyən edən sxem) olmadığı üçün ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bununla bağlı ona xx.xx.2020-ci il tarixli, **********91 saylı məktubla rəsmi cavab verilmişdir. İddiaçı şikayət ərizəsi araşdırılarkən məlum olmuşdur ki, onun iddia etdiyi torpaq sahəsinə uzun müddət istifadəçisi olmuş X31 xx.xx.2013-cü il tarixli, 1120 nömrəli arxiv arayışı və yerquruluşu layihəsindən çıxarış təqdim edərək xx.xx.2019cu il tarixli, **********36 reyestr nömrəli çıxarış almış və Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-848 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Bundan başqa təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Şəmkir rayon, Sabirkənd bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı və xx.xx.2007-ci il tarixli, Torpaqların alqı-satqısına dair Akt əsasında kənd təsərrüfatı məqsədi üçün 10000 kv.m örüş sahəsi satılmışdır. Hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bu səbəbdən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2007-ci il tarixdə 118 nömrə ilə uçota alınmış, A 015707 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli və xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubları, 312 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair akt, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və iclas protokolu, xx.xx.2007ci il tarixli, 146 nömrəli qəbz, Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, k-3-08 nömrəli məktubu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəmkir rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 255 nömrəli arayışının və xx.xx.2007-ci il tarixli, 562 nömrəli rəyinin təsdiq edilmiş surətləri, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 287 nömrəli məktubu, Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/2170-11 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin və xx.xx.2022-ci il tarixli, 10/6173 nömrəli ekspert rəyinin əslləri, “Torpağa mülkiyyət hüququna dair” JN-1455 nömrəli dövlət aktının təsdiq edilmiş surəti, ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın təsdiqlənmiş surəti, “Torpağa mülkiyyət hüququna dair” JN-855 nömrəli dövlət aktının təsdiq edilmiş surəti, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışların təsdiqlənmiş surətləri, “Torpağa mülkiyyət hüququna dair” JN-1383 nömrəli dövlət aktının təsdiq edilmiş surəti, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırki iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 1 ha (10000 kv.m) torpaq sahəsinə mərhum atası X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və iclas protokolu, xx.xx.2007-ci il tarixli, 146 nömrəli qəbz və 312 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair akta istinad etməklə həmin sənəd üzrə mərhum atası X10 verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, həmin torpaq sahəsinin faktiki olaraq ayrıayrı şəxslərin xüsusi mülkiyyətindədir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6173 nömrəli ekspert rəyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən də görünür ki, AN 015707 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü “sənədinə əsasən X13 ayrılmış 1 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Lakin elektron məlumat baza materiallarına əsasən Sabirkənd kəndinin (İnqilab təsərrüfatı) kompleks yerquruluşu xəritəsində və TEKUİS materiallarında həmin torpaq sahəsinə aid heç bir məlumat yoxdur və İddiaçı Məzahir oğlunun əvvəllər istifadəsi kimi təqdim etdiyi 1.33 ha torpaq sahəsi elektron uçot xəritəsinə əsasən 1455S, 855S və 465S saylı subyektlərin xüsusi mülkiyyətindədir. Məhkəmə rəylərdə qeyd olunan 1455S, 855S və 465S saylı subyektlərin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə sorğu ünvanlanmış və müəyyən edilmişdir ki, ünvan 2əsərrüfatı təyinatlı torpaq sahəsinə dair X14, X11, X18, X15 və X8 adlarına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 53 saylı qərarı və Şəmkir rayonu 1 saylı dövlət notariat kontorunun 01 iyun 2001-ci il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında JN-1455 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunun 21 aprel 2017-ci İ tarixli, 4Ə-624 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X23 adına özgəninkiləşdirilmiş və ona 30 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyesirdən çıxarış verilmişdir. Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X24, X28, X16, X17, X9, X25 və X4 adlarına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 53 saylı qərarı ilə JN-855 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Аktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi Şəmkir rayonu 1 saylı dövlət notariat kontorunun 03 aprel 2004-cü il tarixli, 4Ə-162 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 adına özgəninkiləşdirilmiş və ona 26 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli (0.3270 ha) və 28 aprel 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli (0.9094 ha) reyestrdən çıxarışlar verilmişdir. Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X2 adına ləğv olunmuş Dövlət Torpaq ve Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 53 saylı qərarı ilə JN-465 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinin 0.17 ha hissəsi Şəmkir rayonu 1 saylı dövlət notariat kontorunun 19 oktyabr 2001-ci il tarixli, 4Ə-161 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və həmin müqavilə əsasında yerdə qalan 0.01 ha hissəyə X2 adına ləğv olunmuş Dövlət Тоrраq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən JN-1383 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ayrı-ayrı hissələrdə X23, X12 və X2 xüsusi mülkiyyətlərindədir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan torpaq sahəsi ayrı-ayrı şəxlərin xüsusi mülkiyyətlərində olduğundan cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinin smetasından görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi təmin edilməsin. Ekspertiza xərci olan 50 (manat) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Adı: X6, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) tutulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar