Məhkəmə qərarları › İş №2-1(114)-310/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-310/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-310/2021 15.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı3, üçüncü şəxs X1 və onun vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı (üçüncü şəxs Şəmkir rayonu Qasımalılar bələdiyyəsi və X5) protokolun ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərracın keçirilməsinin nəticəsi barədə xx.xx.2018-ci il tarixli 646 nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Şeyidlər kəndinin şərq hissəsindən “Əsgər təpəsi” deyilən ərazidən 0.20 ha torpaq sahəsi uzun müddətdir iddiaçıların istifadəsindədir. Lakin həmin torpaq sahəsinə dair Şəmkir rayonu Qasımalılar kənd Bələdiyyəsi onlarla rəsmi icarə müqaviləsi bağlamamışdır. Lakin buna baxmayaraq iddiaçılar istifadə etdiyi torpaq sahəsinə dair bələdiyyəyə haqq vermişlər. Çox saylı xahiş və müraciətlərdən sonra Şəmkir rayonu Qasımalılar kənd Bələdiyyəsi ilə İddiaçı2 arasında kənd təsərrüfatı məqsədi ilə “Əsgər təpəsi” deyilən ərazidən illik icarəsi 68 manat olan 0.20 ha torpaq sahəsini xx xxxx 2018-ci il tarixdə 30 nömrəli “Torpaq istifadəsi müqaviləsi” haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə xx xxxxxx 2018-ci il tarixli iclasının xx.xx.2018-ci il tarixli 646 nömrəli protokoluna əsasən Şəmkir rayonu, Şeyidlər kəndində yaşayan X5 bələdiyyənin mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin icarəyə verilməsi üçün açıq torpaq müsabiqəsinin qalibi elan olunmuşdur. Protokolun nəticəsinə əsasən Zamiq Məhəmmədli bələdiyyə ilə xx xxxxxx 2018-ci il tarixdə mübahisəli torpaq sahəsinin xx.xx.2033-cü il tarixədək illik 55 manat ödəmək şərti ilə icarəçi X6 icarəyə verməsinə dair notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlamışdır. İddiaçılar hesab edir ki, onların rəsmi müqavilə əsasında istifadə etdiyi 0.20 ha torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxsə icarəyə verilməsi qanunsuzdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə protokolun məhkəmədə mübahisələndirilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçıların vəkili X9 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçılar həmin sahədən 2017-ci ildən istifadə ediblər, sahənin koordinatları barədə isə sənəd yoxdur. Üçüncü şəxs X5 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, hazırda sahə onun istifadəsindədir. Üçüncü şəxsin vəkili X8 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxsə torpaq sahəsi 2018-ci ilin yanvar ayında verilib, iddiaçıya isə sonradan həmin ilin iyun ayında verilib. İddiaçılar həmin sahəni X2 verildiyindən xəbər tutduqda, dərhal sahəni zəbt ediblər, lakin məhkəmə qərarı ilə onların həmin sahədən çıxarılması qət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2018-ci il tarixli 30 nömrəli Torpaq istifadə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Qasımalılar bələdiyyəsi tərəfindən 0.20 ha torpaq sahəsi illik icarə haqqı 68 manat olmaqla İddiaçı2 istifadəsinə verilmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Şeidlər kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində 15 il müddətinə (xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək) X3 icarə hüququ qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının “torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx xxxxxx 2018-ci il tarixli iclasının 646 nömrəli protokolunun surətindən görünür ki, Şəmkir rayonu ərazisində yerləşən Qasımalılar bələdiyyəsinin mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin icarəyə verilməsi üçün açıq torpaq müsabiqəsinin qalibi X7 olmuşdur. -Şəmkir rayonu Qasımalılar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, X6 icarəyə verilmiş 0.20 ha torpaq sahəsinin İddiaçı2 müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.2018-ci il tarixli 30 nömrəli “Torpaq istifadə müqaviləsi” ilə onların istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2018-ci il tarixli 646 nömrəli protokoluna əsasən X3 icarəsinə verildiyini və bu əsasla həmin protokolun onların hüquq və maraqlarına toxunduğunu iddia edərək, qeyd olunan protokolun ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu ərazisində yerləşən Qasımalılar bələdiyyəsinin mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin icarəyə verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə hərrac keçirilmiş və komissiyasının “torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx xxxxxx 2018-ci il tarixli, 646 nömrəli protokoluna əsasən X7 ən yüksək məbləği təklif etdiyinə, həmçinin müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərini yerinə yetirməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. Ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq icarəyə verən Qasımalılar bələdiyyəsi mülkiyyətində olan 0.20 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək X3 icarəsinə vermiş və sonuncunun həmin torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların isə istinad etdiyi xx.xx.2018-ci il tarixli 30 nömrəli “Torpaq istifadə müqaviləsi” ilə onların istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi üzərində müvafiq hüquqları dövlət qeydiyyatına alınmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin 2017-ci ildən onların istifadəsində olduğunu bildirsələr də, İddiaçı1 xx.xx.2018-ci il tarixdə mübahisəli torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı ərizə ilə Qasımalılar bələdiyyəsinə müraciət etmişdir, hansı ki, həmin vaxt mübahisəli torpaq sahəsi artıq (xx.xx.2018-ci il tarixdən) Zamiq Məmmədlinin icarəsinə verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun:- -6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. -6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Göründüyü kimi iddiaçılar həmin torpaq sahəsi üzərində icarə hüququ əldə etmək üçün bələdiyyəyə vaxtında ərizə ilə müraciət etmədikləri üçün xx.xx.2018-ci il tarixdə keçirilən torpaq müsabiqəsində iştirak etməmişlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun:- -11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. -12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. -26-cı maddəsinə əsasən icarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı2 ilə bələdiyyə arasında xx.xx.2018-ci il tarixli 30 nömrəli “Torpaq istifadə müqaviləsi” bağlansa da istifadəyə verilməsi nəzərdə tutulmuş sahənin koordinatlarını müəyyən edən sənəd işlənməmişdir. Bu hal isə iddiaçı ilə üçüncü şəxsə verilmiş sahələrin üst-üstə düşməsini araşdırmağa imkan vermir. Bundan başqa Qasımalılar bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda X6 icarəyə verilmiş 0.20 ha torpaq sahəsinin İddiaçı2 müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçıların tələbi formal mülahizələrə əsaslanan və öz-özlüyündə mötəbər sübutlara söykənməyən iddia olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı protokolun ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar