Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3101/2024 11.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarda uyğunsuzluğun aradan qaldırılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin korrdinatlarına və ayrılmış ərazinin sərhəddinə uyğun olaraq yerləşdirilməsi, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin korrdinatlarına və ayrılmış ərazinin sərhəddinə uyğun olaraq yerləşdirilməsi, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən torpaq sahəsi təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında qeydə alınmışdır. Bununla bağlı cavabdeh orqana müraciət olunmuş, lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinin icrası idarə tərəfindən mümkün olmadığına görə imtina verilmişdir. Nəzərə çatdırır ki, qeyd olunan torpaq sahəsi 0.06 ha ölçüdən ibarət olmuşdur. Torpaq sahəsi Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Buna dair JN-006D “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini isə X1 almışdır. Bununla da Bəhmən Ələsgərov ona etibarnamə vermişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı tərəfindən cavabdeh orqana müraciət olunmuş Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsindən kənarda inşa edildiyi müəyyən edilmişdir. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin icrası ərazi idarəsi tərəfindən mümkün olmamış və imtina verilmişdir. Qeyd etmək istəyir ki, qeyd olunan nöqsanlar dövlət orqanları tərəfindən baş vermişdir. Buna görə də həmin imtinanı əsassız hesab edir. Bu vaxta qədər heç kəs onlara həmin torpaq sahəsinin digər şəxsə məxsus olması barədə onlara məlumat verməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məktubu ilə qeyd olunan torpaq sahəsinin icrasının mümkün olmaması barədə cavab məktubu hazırlanaraq ərizənin icrasından imtina edilmişdir. Hazırda da həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Qeyd olunanlara görə də o, müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, cavabdeh orqana müraciəti Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı olduğu halda, iddia ərizəsində tələbi Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq yerləşdirilməsi, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Halbuki, cavabdeh inzibati orqana müraciət iddia tələbi ilə eyni məzmunlu olmalıdır, yəni ya cavabdeh inzibati orqana etdiyi müraciətin məzmununda iddia qaldırılmalı, ya da iddia ərizəsində qoyulmuş tələblə eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməlidir. Odur ki, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirərək, həmin tələblə eyni məzmunlu ərizə ilə inzibati orqana müraciət etməyiniz təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün vaxt verilmişdir. Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, cavabdeh orqana müraciəti Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı olduğu halda, iddia ərizəsində tələbi Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq yerləşdirilməsi, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Halbuki, cavabdeh inzibati orqana müraciət iddia tələbi ilə eyni məzmunlu olmalıdır, yəni ya cavabdeh inzibati orqana etdiyi müraciətin məzmununda iddia qaldırılmalı, ya da iddia ərizəsində qoyulmuş tələblə eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməlidir. Odur ki, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirərək, həmin tələblə eyni məzmunlu ərizə ilə inzibati orqana müraciət etməyi təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir.
8. Həmin sərəncam iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına, həmçinin qeydiyyatda olduğu ünvana göndərilsə də, üzərinə “”Bu ünvanda yaşamır” yazılaraq geri qayıtmışdır.
9. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, iddia mümkün sayılmamalıdır.
10. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
11. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva