Məhkəmə qərarları › İş №2-1(114)-3102/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3102/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3102/2023 19.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı məcburi köçkün kimi məskunlaşması barədə arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı məcburi köçkün kimi məskunlaşması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1979-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur, atası X14, anası X10r. Onun doğumu xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmış və buna müvafiq olaraq o, xx.xx.1979-cu il tarixdə İİ-SL (CJ1) seriyalı 279718 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir.

2. X15 xx.xx.1999-cu il tarixli AB seriyalı 000482 nömrəli qaçqın vəsiqəsinə əsasən xx.xx.1956-cı il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1988-ci ildə daimi yaşayış yerini tərk etmiş, xx.xx.1999-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatdadır.

3. xx.xx.1956-cı il təvəllüdlü X1 dəfə xx.xx.2015-ci il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 14897646 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

4. X14 xx.xx.2022-ci il tarixli AZ-İİ 244608 nömrəli şəhadətnaməyə əsasən xx.xx.2021-ci tarixdə Bakı şəhərində vəfat etmişdir.

5. Cəlilov X9 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xx.xx.2022-ci il tarixli himayə sənədi ilə vətəndaşlığı olmayan şəxs kimi himayəyə alınmışdır.

6. İddiaçı 1991-1992-ci illərdə Göygöl rayonu, Çaykənd kəndinin ərazisində qaçqın kimi məskunlaşması barədə arayışın verilməsi ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə həmin inzibati orqanın xx.xx.2023-cü il tarixli 5-47-4/2-C- 2xx-xx/2023 nömrəli cavab məktubu ilə Göygöl rayon Çaykənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışın surəti ona göndərilmişdir.

7. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışından məlum olur ki, İddiaçı Aftandil oğlunun və onun ərizədə adları qeyd edilmiş ailə üzvlərinin X3 və X6 Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında qeydiyyatları yoxdur və onlar haqqında Nümayəndəliyin heç bir məlumatı yoxdur.

8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/1-C-xx/xx/2023-07-1819/18 nömrəli arayışına əsasən BMT QAK-ın himayəsində olan vətəndaşlığı olmayan şəxs xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (himayə sənədi ***-*******0 nömrəli) Dövlət Miqrasiya Xidməti tərəfindən 27 may 2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

9. B.Sultanov adına 34 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1979-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş İddiaçı 1992-ci ilin oktyabr ayında Göygöl rayonu Çaykənd tam orta məktəbindən Bakı şəhəri, Nərimanov rayon 34 nömrəli tam orta məktəbin Vİİ (yeddinci) sinfinə daxil olmuşdur (xx.xx.1992-ci il tarixli 195 nömrəli əmr). Vİİİ (səkkizinci) sinfi bitirən İddiaçı 1994-cü ilin noyabr ayında Nərimanov rayon 34 nömrəli tam orta məktəbdən xaric edilmişdir (xx.xx.1994-cü il tarixli 24 nömrəli əmr).

10. Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli 02 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1979-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunu Yeniyol kəndində anadan olmuş İddiaçı həqiqətən 1991-1992-ci tədris ilində Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin Vİ sinfində oxumuşdur. 1992-ci ilin 09 sentyabrında Çaykənd kənd tam orta məktəbin 100 əmrinə əsasən Vİİ sinifdən xaric olunmuşdur.

11. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 66 nömrəli məktubunda bildirilmişdir ki, onun 1991-1992-ci illərdə keçmiş Xanlar rayonunun Çaykənd kəndində yaşaması və qeydiyyatda olub-olmaması barədə Göygöl rayon Arxivlər İdarəsinə müraciət etməsi tövsiyyə olunur. Çünki Çaykənd kəndinin təsərrüfatbaşına kitabları 1991-2015-ci ilə kimi həmin arxiv idarəsinə təhvil verilmişdir.

12. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 228 nömrəli məktubunda bildirilmişdir ki, Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1988-1992-ci illərə aid təsərrüfatbaşına kitabları Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Bu səbəbdən də onun və valideynləri X14 və X6 Çaykənd kəndində qeydiyyatda olub-olmaması barədə məlumat vermək mümkün deyildir.

13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2020-ci il tarixli K/C-1754 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-2542/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-36/2-3713/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsində edilmiş dəyişikliklərə əsasən Komitə qaçqın statusunun müəyyənləşdirilməsi ilə məşğul olmur.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-2941/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən 2005-ci ilədək verilmiş qaçqın statusunu təsdiq edən vəsiqələrin verilməsinə əsas olmuş sənədlər Komitənin arxivində saxlanılmadığından, X11 verilmiş qaçqın statusunu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş sənədlərin surətini təqdim etmək imkan xaricindədir.

16. Məhkəmənin sorğusuna BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZE/337/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən şifahi şəkildə verdiyi məlumat və təqdim etdiyi qoşmaya əlavə olunan təsdiqləyici sənədlər, belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli K/C 4630 nömrəli məktubu, doğum haqqında şəhadətnaməsi və hərbi bileti əsasında BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə alınmışdır.

17. Həmin məktuba əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli göndərişindən görünür ki, sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 170 nömrəli əmri əsasında xx.xx.1999-cu il tarixdə Nərimanov rayon Hərbi Komissarlığında qeydiyyata durmaq üçün getməyi təklif olunmuşdur. - AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1979-cu il təvəllüdlü İddiaçı hərbi bilet verilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli K/C 4630 nömrəli cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respulikasının tərəftar çıxdığı beynəlxaql müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Odur ki, 1992-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8167/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən A.Cəlilovla M.Cəlilovanın övladı xx.xx.1979-cu il təvəllüdlü İddiaçı doğumu haqqında akt qeydinin Bakı İnzibati Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bərpa olunduğu müəyyən edilmişdir. Həmçinin, informasiya sistemində axtarış aparılarkən A.Cəlilovla M.Cəlilovanın başqa övladının doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır.

19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-35996/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, adları qeyd olunan şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Həmin şəxslərə ilk dəfə şəxsiyyət vəsiqələri verilərkən onların fərdi uçot kartoçkaları məhkəməyə göndərilir.

20. Həmin məktuba əlavə edilmiş fərdi uçot kartoçkalarından görünür ki, Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1983-cü il təvəllüdlü X12, Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1977-ci il təvəllüdlü X18, Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1976-cı il təvəllüdlü X16 şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər.

21. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-294xx-xx/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X4, xx.xx.1981-ci il təvəllüdlü X2, xx.xx.1976-cı il təvəllüdlü X7 və xx.xx.1977-ci il təvəllüdlü X13 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyənləşdirilməsinə dair Dövlət Miqrasiya Xidmətinə sorğu daxil olmamışdır. Yuxarıda adları qeyd olunan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq sorğu vərəqinə uyğun şəkildə tərtib olunaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunması zəruridir. II. Məhkəmədə icraat

22. İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1991-1992-ci illərdə Göygöl rayonunun Çaykənd kəndində qaçqın kimi məskunlaşması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Göygöl Rayon İcra Hakimiyyətinə müraciət edərək, Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin və Bakı şəhəri B.Sultanov adına 34 nömrəli tam orta məktəbin arayışlarına istinad etməklə ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də ailə üzvü kimi onun adının) atası X5, o da mümkün deyilsə, anası X6 adına Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi üçün “onun 1991-1992-ci illərdə Göygöl rayonu, Çaykənd kəndinin ərazisində qaçqın kimi məskunlaşmağı” barədə arayış verilməsini xahiş etmişdir. Göygöl Rayon İcra Hakimiyyəti isə onun Göygöl rayon Çaykənd kəndində 1992-ci ilin yanvarın 1-dən əvvəl qaçqın kimi məskunlaşdığını təsdiq edən həmin məktəblərin arayışlarını nəzərə almadan Göygöl rayon Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, onun Göygöl rayon Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında qeydiyyatının olmadığı və haqqında nümayəndəliyin heç bir məlumatının olmadığının qeyd olunduğu arayışı ona göndərmişdir. Hesab edir ki, Göygöl Rayon İcra Hakimiyyətinin onun müraciətinə verdiyi cavab əsassızdır və bu, onun hüquqlarının pozulmasına səbəb olur. Birincisi, ona görə ki, o, Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etməmişdən əvvəl ilkin olaraq Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmişdir və Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “cavab olaraq bildiririk ki, sizin 1991- 1992-ci illərdə keçmiş Xanlar rayonunun Çaykənd kəndində yaşamağınız və qeydiyyatda olub-olmadığınız barədə Göygöl rayon Dövlət Arxivinə müraciət etməyiniz tövsiyyət olunur. Çünki Çaykənd kəndinin təsərrüfatbaşına kitabları 1991-2015-ci ilə kimi həmin arxiv idarəsinə təhvil verilmişdir”. Bundan sonra o, Göygöl rayon Dövlət Arxivinə müraciət etmişdir. Arxiv ona cavab verib ki, Göygöl rayon X21 kəndi üzrə 1996-2015-ci illər üzrə təsərrüfatbaşına kitabları mühafizə olunur. Göründüyü kimi, Çaykənd kəndi üzrə 1996-ci ildən əvvəl təsərrüfatbaşına kitablar nə Nümayəndəlikdə, nə də Arxivdə mövcuddur. Belə olan halda - Çaykənd kənd inzibati ərazi dairəsində onun arayış istədiyi dövr üzrə (1 yanvar 1988 - 1 yanvar 1992) təsərrüfatbaşına kitablar saxlanılmadığı halda cavabdehin Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışına istinad etməklə onun müraciətini cavablandırması əsassızdır. Belə ki, mövcud olmayan arxiv üzrə onun barəsində məlumatların axtarılması mümkün ola bilməzdi. İkincisi, ona görə ki, aşağıda istinad etdiyi sənədlərdən görünür ki, o, həmin dövrdə Göygöl rayonunun Çaykənd kəndinin ərazisində qaçqın kimi məskunlaşmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən verilmiş İİ-SL (CJ1) seriyalı, 279718 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamədən görünür ki, onun doğumu xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmışdır, atası X14, anası X10r, valideynləri milliyyətcə azərbaycanlıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə onun mənşə ölkəsinin Ermənistan olmasını və milliyətcə azərbaycanlı olduğunu təsdiqləyir. Azərbaycanlıların Ermənistanda təqibə məruz qalması hamıya bəlli olan faktdır, hamıya bəlli olan faktların sübuta ehtiyacı yoxdur. Hamıya bəlli olan digər fakt bundan ibarətdir ki, Ermənistandan deportasiya edilərək 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycana gəlmiş və Azərbaycan Respublikasının ərazisində məskunlaşmış etnik azərbaycanlıların hamısı Azərbaycan dövləti tərəfindən qaçqın kimi tanınmışdı. Azərbaycan Respublikasının BMT QAK-a təqdim etdiyi məlumatlara əsasən, həmin dövrdə (xx.xx.1988 - xx.xx.1992-ci illər) Ermənistandan gələrək Azərbaycanda 240000-dən çox etnik azərbaycanlı - qaçqın məskunlaşıb. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri B.Sultanov adına 34 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, o - İddiaçı 1992-ci ilin oktyabr ayında Göygöl rayonu Çaykənd tam orta məktəbindən Bakı səhəri Nərimanov rayon 34 nömrəli tam orta məktəbin 7-ci sinfinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş, Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli arayışdan görünür ki, o- 1991-1992-ci tədris ilində Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbinin 6-cı sinfində oxumuşdur. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, o, etnik azərbaycanlı olaraq Ermənistandan Azərbaycana gəlmişdir və 1991-1992-ci illərdə Göygöl rayonunun Çaykənd kəndində qaçqın kimi məskunlaşmışdır. Belə ki, o Çaykənd kəndində yaşamasaydı, 1991-1992-ci tədris ilində Göygöl rayon S.Əlivev adına Çaykənd kənd tam orta məktəbində təhsil ala bilməzdi. Lakin bütün bu faktlara baxmayaraq, Göygöl Rayon İcra Hakimiyyəti təqdim etdiyi sənədlər əsasında ətraflı araşdırma aparmamış, mövcud olmayan arxivə əsaslanan arayışı ona göndərməklə kifayətlənərək onun hüquqlarını pozan hərəkətə yol vermişdir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən ona 1991- 1992-ci illərdə Göygöl rayonu, Çaykənd kəndinin ərazisində qaçqın kimi məskunlaşdığına dair arayış verilmədiyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün icraatın aparılması da mümkün olmur. Bu səbəbdən də o, şəxsiyyəti təsdiq edən sənəd olmadan vətəndaşsızlıq vəziyyətində yaşamağa məcbur olur. Belə ki, iş materiallarına əlavə edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, İddiaçı vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi ***-*******0-dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/1-C-xx/xx/2023-07-18/9/18 nömrəli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan şəxs İddiaçı xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmağı üçün Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilməlidir. Bunun üçün isə o, 1992-ci ilin yanvarın 1-nə qədər Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məşkunlaşdığını sübut etməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

25. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

26. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

27. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

28. Cavabdehin yerləşdiyi Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

29. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır

30. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

31. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

32. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

33. İddiaçı və onu vəkil olan nümayəndəsi məhkəmə prosesində iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

34. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1979-cu il tarixli İİ-SL (CJ1) seriyalı 279718 nömrəli doğum haqqında şəhadətnamə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli göndərişi; - xx.xx.1999-cu il tarixli AB seriyalı 000482 nömrəli qaçqın vəsiqəsi; - xx.xx.2022-ci il tarixli AZ-İİ 244608 nömrəli ölüm haqqında şəhadətnamə; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli K/C 4630 nömrəli cavab məktubu; - Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-47-4/2-C-2xx-xx/2023 nömrəli cavab məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayşı; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/1-C-xx/xx/2023-07-1819/18 nömrəli arayışı; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi B.Sultanov adına 34 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışı; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Göygöl rayon Təhsil Sektoru Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli 02 nömrəli məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 66 nömrəli məktubu; - Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 228 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2020-ci il tarixli K/C-1754 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-2542/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-36/2-3713/2023 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-2941/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZE/337/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8167/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-35996/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-294xx-xx/2023 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Onun doğumu xx.xx.1979-cu il tarixdə Amasiya rayonunun Yeniyol kənd sovetliyi tərəfindən 3 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o, xx.xx.1979-cu il tarixdə İİ-SL (CJ1) seriyalı 279718 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşərək, ailəsi ilə birlikdə Azərbaycan Respublikasında – Göygöl rayonu, Çaykənd kəndində məskunlaşmışdır.

38. İddiaçı 1991-1992-ci illərdə qaçqın kimi Göygöl rayonu, Çaykənd kəndində məskunlaşması barədə arayışın verilməsi ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqan müraciətdən imtina edərək Göygöl rayon Çaykənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışı ona göndərmişdir. Həmin arayışda isə qeyd olunmuşdur ki, İddiaçı Aftandil oğlunun və onun ərizədə adları qeyd edilmiş ailə üzvlərinin X3 və X6 Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında qeydiyyatları yoxdur və onlar haqqında Nümayəndəliyin heç bir məlumatı yoxdur.

39. Məhkəmə əvvəlcə qeyd edir ki, cavabdeh orqanın iddiaçının müraciətinə cavab məktubunda onun müraciətinin təmin edilməsindən imtina edilməsi qeyd edilməsə də, hərəkətsizlik göstərilərək müraciətinin təmin edilməsi və ya imtina edilməsi barədə cavab verilməmişdir.

40. Məhkəmənin əvvəlki iclasında cavabdeh orqanın nümayəndəsi İddiaçı 1991- 1992-ci illərdə qaçqın kimi Göygöl rayonu, Çaykənd kəndində məskunlaşması barədə icra nümayəndəliyində məlumat olmadığı üçün iddiaçıya arayış verilmədiyini bildirmişdir.

41. Məhkəmə cavabdehin orqanın həmin dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

42. Belə ki, iddiaçının anası xx.xx.1956-cı il tarixdə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş X11 xx.xx.1999-cu il tarixli AB seriyalı 000482 nömrəli qaçqın vəsiqəsi verilərək, həmin vəsiqədə onun 1988-ci ildə daimi yaşayış yerini tərk edərək, xx.xx.1999-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olması qeyd edilmişdir. İddiaçı da xx.xx.1979-cu il təvəllüd olmaqla 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan SSR-dan Azərbaycan Respublikasına gələrkən 9 yaşında olmuşdur.

43. İddiaçının anası və bacı-qardaşlarının qaçqın kimi 1988-ci ildə Ermənistan SSRdan Azərbaycan Respublikasına gələrkən 9 yaşlı iddiaçının gəlməməsi ağlabatan və məntiqli görünmür.

44. Digər tərəfdən, iddiaçının bacı-qardaşları Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1983-cü il təvəllüdlü X12, Ermənistan SSRnin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1977-ci il təvəllüdlü X18, Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1976-cı il təvəllüdlü X16, Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1981-ci il təvəllüdlü X8 şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər.

45. Həmçinin, məhkəmənin sorğusuna BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZE/337/23 nömrəli cavab məktubuna əlavə edilmiş AO № ******* nömrəli hərbi bilet Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində doğulmuş xx.xx.1979-cu il təvəllüdlü İddiaçı verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli göndərişindən görünür ki, sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 170 nömrəli əmri əsasında xx.xx.1999-cu il tarixdə Nərimanov rayon Hərbi Komissarlığında qeydiyyata durmaq üçün getməyi təklif olunmuşdur. Azərbaycan Respublikasında hərbi xidməti isə yalnız Azərbaycan Respublikası vətəndaşları keçirlər.

46. Habelə, Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli 02 nömrəli məktubunda xx.xx.1979-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş İddiaçı həqiqətən 1991-1992-ci tədris ilində Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin Vİ sinfində oxuması, 1992-ci ilin 09 sentyabrında Çaykənd kənd tam orta məktəbin 100 əmrinə əsasən Vİİ sinifdən xaric olunması, B.Sultanov adına 34 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışında isə xx.xx.1979-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş İddiaçı 1992-ci ilin oktyabr ayında Göygöl rayonu Çaykənd tam orta məktəbindən Bakı şəhəri, Nərimanov rayon 34 nömrəli tam orta məktəbin Vİİ (yeddinci) sinfinə daxil olması, Vİİİ (səkkizinci) sinfi bitirməklə 1994-cü ilin noyabr ayında Nərimanov rayon 34 nömrəli tam orta məktəbdən xaric edilməsi göstərilmişdir.

47. Göründüyü kimi, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları və işdəki sənədlərlə iddiaçının 1991-1992-ci illərdə ailəsi ilə birlikdə qaçqın kimi Göygöl rayonu, Çaykənd kəndində məskunlaşması yuxarıda qeyd olunan sənədlərdə öz təsdiqini tapmışdır.

48. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Maddə 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə 12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Maddə 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Maddə 12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən: - 12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; - 12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; - 12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; - 12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

49. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

50. Lakin hazırkı işdə inzibati orqan iddiaçının müraciəti üzrə inzibati icraatı düzgün aparmamış, onun Göygöl rayon Çaykənd kəndində 1992-ci ilin yanvarın 1-dən əvvəl qaçqın kimi məskunlaşdığını təsdiq edən sənədləri nəzərə almadan iddiaçıya əsaslandırılmamış cavab verərək, cavabında yalnız Göygöl rayon Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışı ona göndərməklə kifayətlənmişdir.

51. Bu əsasla məhkəmə cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1991-1992-ci illərdə Göygöl rayonu, Çaykənd kəndində məskunlaşması barədə arayışın verilməsi öhdəliyi Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar