Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-311/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli 2(043)-244/2019 nömrəli qətnaməsi ilə X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölməsi faktı müəyyən edilmiş, qətnamə 12.02.2019-su il tarixdə qanuni qüvvəsini almışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli 2(043)-244/2019 nömrəli qərardadı ilə qeyd olunan qətnaməyə izah verilmiş və qətnamənin nəticəvi “qət etdi” hissəsi X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 1993-cü ilin may ayında həlak olması kimi başa düşülməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə aktları əsasında Gəncə şəhəri, Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən X3 may 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ölməsi barədə 10.05.2019-cu il tarixli 08-bərpa akt qeydi tərtib olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının 05.07.2019-cu l tarixli məktubundan məlum olur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 yanvar 2019cu il tarixli qətnaməsi ilə X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 1993-cü ilin may ayında həlak olması faktı müəyyən edildiyindən, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4-cü bəndinə əsasən şəhid ailəsi statusu təsdiq edilir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) mərhum əri X4 şəhid statusunun verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh 08.07.2020-ci il tarixli 1022 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasında imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdə, mərhum X3 hərbi qulluqçu olub-olmaması qeyd edilmədiyi üçün, adının şəhid statusu verilmiş və Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş hərbi qulluqçuların müvafiq siyahılarına əlavə edilməsi hazırda mümkün olmaması qeyd edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı mərhum həyat yoldaşı 30.07.1962-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasnın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olduğundan ona şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 29.01.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 iyul 1962-ci il təvəllüdlü X7 ilə 03 mart 1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 1985-ci il təvəllüdlü X5, 1986-cı il təvəllüdlü X6 və 1988-ci il təvəllüdlü X9 adlı 3 övladı olmuşdur. Həyat yoldaşı X7 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı döyüşlərdə könüllü kimi fəal iştirak edərək 07.05.1993-cü il tarixdə döyüşlər zamanı həlak olaraq itkin düşmüşdür. O, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, əri X1 kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə 11 yanvar 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində baxılaraq ərizə təmin olunmuş, şahid ifadələri və toplanmış sübutlar əsasında əri X3 1993-cü ilin may ayında könüllü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olması faktının müəyyən edilməsinə dair 2(043)-244/2019 nömrəli qətnamə çıxarılmışdır. Qeyd olunan qətnaməyə əsasən Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsindən əri 30 iyul 1962-ci il təvəllüdlü X1 kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 1993-cü ilin may ayında ölməsinə dair 10 may 2019-cu il tarixli AZ-İ 994121 nömrəli ölüm haqqında şəhadətnamə də almışdır. Gəncə şəhər İcra Hakimiyyətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət edib əri X4 da “şəhid” statusu verilməsini xahiş etmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı onun müraciətinə 05 iyul 2019-cu il tarixli P-6-055 nömrəli məktubla cavab vermişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 yanvar 2019cu il tarixli qətnaməsi ilə əri X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 1993-cü ilin may ayında həlak olması faktı müəyyən edildiyindən, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4-cü bəndinə əsasən şəhid ailəsi statusu təsdiq edilir. Cavabdeh orqan isə müraciətinə 08 iyul 2020-ci il tarixli 1022 saylı imtina məktubu ilə cavab vermişdir ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsində təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi qeydiyyatlarla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısı”nda da Murad Piriyevin adı keçmir. M.Piriyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsində döyüşlərdə könüllü hərbiçi kimi iştirak etsə də, sənədlərdə onun 1993-cü ildə həlak olaraq itkin düşməsinin hərbi qulluğu ilə bağlı olması qeyd edilmir. Cavabdeh 09.03.2021-ci il tarixli 570 nömrəli məktubla iddiaya dair yazılı münasibət bildirmiş və qeyd etmişdir ki, iddiaçının müraciətinə əsasən toplanmış sənədlər aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatı tərəfindən daxil omuş 24.06.2020-ci il tarixli 3262 nömrəli məktubunda bildirilir ki, itkin düşmüş və Kəpəz Rayon Məhkəməsinin 11.01 2019-cu il tarixli qətnaməsi əsasında ölməsi faktı müəyyən edilmiş X13 və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş mülki şəxs və ya hərbi qulluqçu kimi qeydiyyata alınması barədə sorğuya cavab məktubu alınmışdır. Xidmətin Aparatına daxil olan 10.06.2020-ci il tarixli DK/136 nömrəli məktubda, araşdırma zamanı Müdafiə Nazirliyinin Mərkəzi X2 barədə heç bir məlumatın aşkar edilmədiyi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin statusunun müəyyən edilməsi Dövlət Komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Əlavə olaraq, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında da Murad Piriyevin adı keçmir. Təqdim olunan sənədlərdə, mərhum X3 hərbi qulluqçu olub-olmaması qeyd edilmədiyi üçün, adının “şəhid” statusu verilmiş və Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş hərbi qulluqçuların müvafiq siyahılarına əlavə edilməsi hazırda mümkün deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iş materiallarından məlum olduğu kimi mərhum ərinin mülki şəhid statusu təsdiq olunmuş, lakin hazırki tələbində ərinə mülki şəhid deyil, məhz hərbi hissədə hərbi xidmətdə olarkən həlak olduğundan hərbiçi kimi şəhid statusunun verilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, hər iki inzibati orqan məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməişdir. İş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli 2(043)-244/2019 nömrəli qətnamə və eyni nömrəli, 27.03.2019-cu il tarixli qərardad, cavabdehin imtinası və münasibəti, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin 26.05.2021-ci il tarixli 05/9-508 nömrəli məktubu, Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 05.07.2019-cu il tarixli P-6-055 nömrəli və 29.03.2021-ci il tarixli 03/319 nömrəli məktubu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 02.03.2021-ci il tarixli 9/2-1839 nömrəli məktubu, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 13.11.2019-cu il tarixli 6805 nömrəli və 04.06.2020-ci il tarixli 2978 nömrəli məktubu, Azərbaycan Respubikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin 16.04.2020-ci il tarixli 102 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 14.12.2018-ci il tarixli 9/2-20551 nömrəli, 24.12.2019-cu il tarixli 9/2- 202385 nömrəli məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin halların, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 05.07.2019-cu il tarixli P-6-055 nömrəli və 29.03.2021-ci il tarixli 03/319 nömrəli məktubu ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4-cü bəndinə əsasən şəhid ailəsi statusu təsdiq edilmiş, hazırki tələbində iddiaçı mərhum ərinə hərbi xidmətdə olan zaman həlak olduğundan şəhid statusu verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi norma “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 1-ci maddəsidir. Həmin maddəyə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırki işin həllində bu norma ilə yanaşı digər əlaqəli hüquq normalarının da nəzərdən keçirilməsi zəruridir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi) «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Silahlı Qüvvələri formalaşdıran hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci, 1.2.6cı və 2.1.2-ci bəndləri) Həmin Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının ərinin rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırılması, xidmətə göndərilməsi sübut olunmur. Əksinə iş materiallarında olan sorğular əsasında əldə edilmiş məlumatlarda Müdafiə Nazirliyinin arxiv sənədlərində, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinn Aparatının sənədlərində X3 xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunan normaların tələblərini önəçəkən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-311/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-311/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver