Məhkəmə qərarları › İş №2-1(114)-311/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-311/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-311/2023 13.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X8 və vəkili Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayon Qırıqlı bələdiyyəsi, X13, X4, X5, X9, X16, X14, X6, X10) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Qırıqlı kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Qırıqlı Bələdiyyəsinin 28 avqust 2007-ci il tarixli, 06 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0.30 ha torpaq sahəsi ayrılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-yə satılmışdır. Hazırki torpaq sahəsi Xanlar Rayon XDS-nin xx.xx.1992ci il tarixli qərarına əsasən o zamankı S.Vurğun adına kolxozun torpaq sahəsindən ayrılaraq "xxxx" MMC-yə verilmişdir və həmin vaxtdan da sonuncunun mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının nümayəndəsi X17 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədən yüksək gərginlikli elektrik xətti keçmir, arteziana gələn xətt keçir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahəni bələdiyyə iddiaçıya satmamışdan əvvəl Xanlar rayon XDS RH-nin xx.xx.1992-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya verilmişdir. Odur ki, həmin sahənin kateqoriya və təyinatının hazırda qüvvədə olan qanunvericiliyə görə nəzərə alınması əsassızdır. Cavabdehin nümayəndəsi X15 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırma zamanı Göygöl rayonu, Qırıqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərazi idarəsinin elektron xəritə məlumatlarında öz əksini tapmadığı və faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi Ərazi idarəsinin elektron xəritə məlumatlarına əsasən, faktiki torpaq sahəsinin xx.xx.2016cı il tarixli, **********95 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmiş X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 445 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon XDS RH-nin xx.xx.1992-ci il tarixli 10 saylı protokolu ilə Xanlar rayon S.Vurğun adına kolxozun örüş sahəsindən 0.30 hektar ayrılıb «Qala Dərə » kiçik müəssisəsinə yeməkxana tikintisi ilə əlaqədar verilmişdir. -surəti işə əlavə edilmiş Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarından görünür ki, "xxxx" kiçik müəssisəsinə Xanlar rayonu Qırıqlı Bələdiyyəsinin ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,30 hektar ayrılıb ictimai iaşə obyektinin tikintisi üçün torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş A 018367 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndən görünür ki, bu sənəd Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə "xxxx" MMC-yə verilmiş 3000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6239/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.0482 ha torpaq sahəsi tam hissədə, xx.xx.2021-ci il tarixli çıxarışla X1 və qeyrilərinin mülkiyyətinə verilmiş 0.0604 ha torpaq sahəsi isə 0.016 ha hissədə, Göygöl rayon Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə "xxxx" MMC-ə satılmış və həmin qərar ilə işlənmiş A 018367 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə müəyyən edilmiş 3000 kv.m torpaq sahəsi ilə üst-üstə düşür, Göygöl rayon Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə "xxxx" MMC-yə satılmış və həmin qərar ilə işlənmiş A 018367 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə müəyyən edilmiş 3000 kv.m (0.30 ha) torpaq sahəsinin 0.0482 ha hissəsi, JN-351 saylı Dövlət Aktı əsasında X11 və qeyrilərinə verilmiş 1.05 ha torpaq sahəsinin 0.0482 ha hissəsi ilə üst-üstə düşür, lakin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən üst-üstə düşmə halı mövcud deyildir, JN-351 saylı Dövlət Aktı üzrə koordinatlarla, xx.xx.2020-ci il tarixli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.0482 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür, lakin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən üst-üstə düşmə halı mövcud deyildir, Göygöl rayon Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qəraı ilə "xxxx" MMC-ə satılmış və həmin qərar ilə işlənmiş A 018367 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə müəyyən edilmiş 3000 kv.m torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müşahidə olundu, həmin elektrik xəttinin hansı gərginliyə malik olduğu barədə, idarəmizin istifadəsində olan elektron baza mteriallarında məlumat mövcud deyildir, araşdırma aparılarkən, qərardada qeyd olunan sənədlərdəki koordinatlara, Göygöl (Xanlar) rayonu Qırıxlı kəndi S.Vurğun adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair tətrib olunmuş 2004-cü il tarixli, ərazinin kompleks yerquruluşu layihəsinə və mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlər (Çıxarış) barədə məlumatların öz əksini tapdığı yeni kadastr sisteminə həmçinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında azırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad edilmişdir. -X12 xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, "xxxx" MMC-ə məxsus torpaq sahəsinin yaxınlığından keçən xətt 35/10 kv-luq Məhsəti Y/st-dan çıxan 10 kv-luq Yeni Qızılca h/x-dən "xxxx" MMC-ə məxsus transformatoru qidalandıran budaqlanmadır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Beləki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xanlar rayon XDS RH-nin xx.xx.1992-ci il tarixli 10 saylı protokolu ilə Xanlar rayon S.Vurğun adına kolxozun örüş sahəsindən 0.30 hektar ayrılıb yeməkxana tikintisi ilə əlaqədar «Qala Dərə» kiçik müəssisəsinə verilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə alqı-satqı yolu ilə "xxxx" kiçik müəssisəsinə satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə 0.30 ha torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərazi idarəsinin elektron xəritə məlumatlarında öz əksini tapmaması, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, həmçinin, faktiki torpaq sahəsinin Ərazi idarəsinin elektron xəritə məlumatlarına əsasən, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçıya verildiyi zamana (1992-ci il) münasibətdə hazırki normalar tətbiq edilə bilməz. Yalnız hazırda qüvvədə olan qanunvericilik normaları kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satılmasını qadağan edir. İddiaçıya isə sahə 1992-ci ildə səlahiyyətli qurum tərəfindən verilmişdir. Sahənin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı qeyd olunur ki, X12 verdiyi məlumata görə həmin sahədən keçən xətt 10 KV-luq-dur və iddiaçının özünə məxsus transformatoru qidalandırır. Azərbaycan Respublikası Nazirlər Nabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 7-ci bəndinə görə gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Göründüyü kimi, sözügedən qaydalara əsasən torpaq istifadəçisi və ya mülkiyyətçisi bu qaydalara riayət etməklə elektrik xətti keçən sahədən istifadə edə bilər. Həmçinin, iş üzrə verilmiş müvafiq mütəxəssis rəyi ilə də müəyyən olunur ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halı mövcud deyildir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçıya məxsus Göygöl rayonu Qırıqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayonu Qırıqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar