Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-311/2024 06.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “aqrar islahat zamanı zəbt kimi çıxılmış 0,72 ha torpaq sahəsinin 0,18 ha, 0,33 ha və 0,21 ha ölçülərdə həyətyanı torpaq sahəsi kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Tərtər rayonu Xoruzlu kənd inzibati ərazi vahidi nümayəndəliyinin V.Orucov adına kolxozun islahatı ilə əlaqədar Bayandur, Kəbirli, Xoruzlu kəndləri üzrə torpaq payı alacaq subyektlərin siyahısından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı1 və ailəsinin qaytanlanmış kitabda həyətyanı sahəsinin ölçüsü 0,13, faktiki torpaq sahəsinin ölçüsü 0,15 qeyd olunmuş, bununla belə ailə üzvü 1928-ci il təvəllüdlü X7 faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,70 göstərilmişdir. Tərtər rayonu V.Orucov adına kolxoz X18 komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı protokoluna əsasən qərara alınmışdır:
2. Ərazinin əhatə etdiyi Qapanlı, Qaraqoyunlu və İlxıçılar kəndləri üzrə islahat komissiyası tərəfindən tərtib edilmiş torpaq payı almaq hüququna malik subyektlərin adlı siyahısı təsdiq edilsin.
3. Dövlət mülkiyyətində saxlanılan 93,3 hektar, bələdiyyə mülkiyyətinə ayrılan 562,8 hektar, o cümlədən bələdiyyənin ehtiyat fonduna və yaşayış məntəqələrinin gələcək inkişafı üçün ayrılmış 70,0 hektar torpaq sahəsi (daha sonra mürəkkəblə yazılmışdır özəlləşən torpaq sahəsi 1533, 7 hektar) təsdiq edilsin Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarına əsasən Tərtər rayonu V.Orucov adına kolxoz X18 komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı protokolu təsdiq edilmişdir (3-cü bəndi). X11 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 07 nömrə ilə qeydiyyat aparılmışdır. DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0173 nömrəli dövlət aktına əsasən, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinə - İddiaçı2, X5, İddiaçı4, X9 2,48 ha kənd təsərrfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi/sertifatı/da torpaq sahəsinin konkret ölçüsü 24796,35 kv.m göstərilmişdir. X15 Kitabında xx.xx.2008-ci il tarixdə uçota alınmış A seriyalı, 031217 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli, 14 nömrəli qərarı ilə 1509,75 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədin “torpaq sahəsinin kadastr göstəriciləri / torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində torpağın ölçüsü 1501,71 kv.m əks olunmuşdur. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 125 nömrəli arayışına əsasən İddiaçı1 və ailə üzvlərinə 0,72 ha zəbt torpaq sahəsi yzılmışdır. Həmin 0,72 ha zəbt torpağın sənədi yoxdur. Tərtər rayonu Xoruzlu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayışına əsasən ərazidə hər nəfərə 0,68 hektar pay torpağı verilməsi nəzərdə tutulmuşdur. Ancaq İddiaçı1 0,72 hektar zəbt torpağı olduğu üçün və islahat aparılarkən adına yazıldığına görə onun ailəsinə 3,40 hektar pay torpağı deyil, yəni zəbt etdiyi 0,72 hektar torpaq və 0,72 hektar Torpaq Komitəsi tərəfindən hesablanmış vafsent çıxıldığı üçün onun ailəsinə 2,48 hektar pay torpağı verilmişdir. İddiaçı1 xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edərək dövlət aktına əsasən 3,20 ha torpaq sahəsindən zəbt kimi çıxılmış 0,72 ha olan hissəsinə dair müvafiq sənədlərin hazırlanıb verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-346/2-Ə-100558/2023 nömrəli məktubunda bildirmişdir ki, Tərtər rayon Vəzir Orucov adına təsərrüfatın Xoruzlu kəndində torpaq islahatı, rayon aqrar islahat komissiyası və yerli aqrar islahat komissiyası tərəfindən aparılmışdır. İddiaçının qeyd etdiyi 0,72 ha zəbt torpağı, yerli aqrar islahat komissiyasının üzvləri tərəfindən ölçülmüş və zəbt yazılaraq pay torpağından 0,72 ha çıxılmışdır. Torpaq islahatı haqqında qanuna uyğun olaraq ərazidə aparılmış islahatdan sonra mülkiyyətə verilən torpaq sahəsinin əskik olması barədə bir ay müddətinə yerli aqrar islahat komissiyasına şikayət edə bilərdilər. İddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə Tərtər rayonun Xoruzlu kəndində yerləşən torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN:173, kod 61113018 saylı Dövlət Aktı əsasında verilməli olan 3,20 ha torpaq sahəsi əvəzinə verilmiş 2,48 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və zəbt sahəsi kimi çıxılmış 0,72 ha olan hissəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə Tərtər rayonun Xoruzlu kəndində yerləşən torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN:173, 61113018 kodlu Dövlət aktı əsasında verilməli olan 3,20 ha torpaq sahəsindən zəbt kimi çıxılmış 0,72 ha ölçüdə olan hissəsinin 0,18 ha, 0,33 ha və 0,21 ha ölçülərdə olmaqla üç müxtəlif sahədə yerləşən hissələrinin həyətyanı torpaq sahəsi kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3320/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçılara 3,20 ha əvəzinə 2,48 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu hal JN:173, kod 61103018 nömrəli dövlət aktı rəsmiləşdirilmişdir. Onların mülkiyyətinə 3,20 ha əvəzinə 2,48 ha torpaq sahəsi ona görə verilmişdir ki, güya iddiaçıların 0,72 ha zəbt torpaq sahəsi olmuşdur. Lakin sonradan müəyyən edilmişdir ki, heç bir zəbt torpaq sahəsi olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda tələb etdikləri 0,72 ha torpaq sahəsinin harada yerləşməsindən məlumatları yoxdur. Yalnız onlara həmin ölçüdə əlavə torpaq verilməli olduğunu bilirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında digər iddiaçılar iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə iddiaçı X6, İddiaçı3, İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3346/2023 nömrəli etirazında imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 və X2 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X8 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Xoruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 338 nömrəli məktubu və ona əlavə edilmiş təsərrüfatbaşına kitablardan çıxarışların surətlərinə əsasən iddiaçılar ilə X3 təsərrüfatları ayrı olmuş, hazırda iddiaçıların faktiki istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi vardır.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Hesab edirəm ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 4-cü maddəsində göstərilir ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddələrin tələblərinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr, dövlət aktları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin iddiaçının təqdim etdiyi və "xxxx" MMC-nin təqdim etdiyi sənədlərdə aqrar islahat komissiyasının qərarının nömrələri fərqlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, MMC tərəfindən aqrar islahat komissiyasının qərarlarının təsdiqlənmiş surəti məhkəməyə təqdim edildiyi və iddiaçı tərəfindən təqdim edilən plan ölçü sənədində və dövlət aktında əks olunan aqrar islahat komissiyasının qərarını tapmaq mümkün olmaması səbəbindən məhkəmə arxiv bazasında saxlanılan ilkin sənədləri etibarlı hesab edir. Hazırkı mübahisə üzrə aqrar islahat zamanı tərtib edilmiş sənədlərə əsasən iddiaçılara verilən həyətyanı torpaq sahəsinin ölçüsü 0,13 ha-dır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların 0,72 ha torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdu. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüşdür və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar islahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “aqrar islahat zamanı zəbt kimi çıxılmış 0,72 ha torpaq sahəsinin 0,18 ha, 0,33 ha və 0,21 ha ölçülərdə həyətyanı torpaq sahəsi kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev