Məhkəmə qərarları › İş №2-1(114)-3110/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3110/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3110/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “ad və soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon Qeydiyyat şöbəsinin xx.xx.1950-ci il tarixli 69 nömrəli doğum haqqında akt qeydində səhvən qeyd edilmiş “Sudəbə” adının “Südabə” kimi, nikah bağlandıqdan əvvəlki səhvən qeyd edilmiş “Cahangirova” soyadının “Cahanova” kimi dəyişdirilməsi ilə bağlı müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1950-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçının Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 69 saylı xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində "Südabə” adı "Sudəbə" kimi, nikah bağlandıqdan əvvəlki "Cahanova" soyadı isə "Cahangirova" kimi qeyd edilmişdir. Beləliklə, iddiaçının təkrar aldığı doğum haqqında şəhadətnamədə adı olduğu kimi "Südabə", soyadı isə səhvən "Cahangirova" kimi qeyd olunub. Lakin, iddiaçının Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 69 saylı xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində "Südabə” adı səhvən "Sudəbə" kimi, nikah bağlandıqdan əvvəlki "Cahanova" soyadı isə səhvən "Cahangirova" kimi qeyd edilməsi üzündən problemlərlə, əlavə keçilməz əngəllərlə üzləşir. Elə bu səbəbdən də o, doğum haqqında akt qeydində adının "Südabə" kimi, nikah bağlandıqdan əvvəlki soyadının isə "Cahanova" kimi qeyd edilməsini istəyir. Sübut olaraq iddia ərizəsinə əlavə edilən iddiaçının yoldaşı ilə nikah haqqında şəhadətnamədə onun ad və soyadı olduğu kimi qeyd olunmuşdur. Bundan əlavə iddiaçının qardaş və bacılarının doğum haqqında şəhadətnamələrində və atasının ölüm haqqında şəhadətnaməsində soyadları "Cahanova" kimi qeyd edilmişdir. Bu məsələnin həlli ilə əlaqədar iddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, 20 may 2024-cü il tarixli 3-16-5/8-1438- 15/24 saylı məktub ilə müraciətinə imtina verilmiş, ona vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişlik edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1950-ci il tarixli 69 nömrəli Doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında “Cahangirova Sudəbə”, ata-anası haqqında məlumat qrafasında “X3” və “X7” qeyd edilmişdir. xx.xx.1965-ci il tarixli АБ 060821 №-li səkkiz illik təhsil haqqında şəhadətnamənin ad, soyad, ata adı qrafasında “X4” qeyd edilmişdir. xx.xx.1967-ci il tarixli İ-ЗЖ 204322 №-li nikah haqqında şəhadətnamənin qadının adı, soyadı, ata adı qrafasında “X4”, nikahdan sonra arvada verilən soyad qrafasında isə “Zeynalova” qeyd edilmişdir. xx.xx.1970-ci il tarixli AB 129155 №-li sənəddə ad, soyad, ata adı qrafasında “X4” qeyd edilmişdir. xx.xx.1988-ci il tarixli XİV-ЖГ 287619 №-li Doğum haqqında Şəhadətnamənin ad, soyad, ata adı qrafasında “X1” qeyd edilmişdir. xxxxxxx fərdi identifikasiya nömrəli, AA******* seriyalı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur. xx.xx.1960-cı il tarixli İ-ЗЖ 326447 №-li doğum haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.1960-cı ildə doğulmuşdur. xx.xx.1963-cü il tarixli İ-ЗЖ 638654 №-li doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.1965-ci il tarixli İ-ЗЖ 877445 №-li doğum haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.1965-ci ildə doğulmuşdur. xx.xx.1969-cu il tarixli İ-ЗЖ 050567 №-li doğum haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.1969-cu ildə doğulmuşdur. İddiaçı müraciətinə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Kəlbəcər rayon Qeydiyyat Şöbəsinin xx.xx.1950-ci il tarixli 69 nömrəli doğum haqqında akt qeydində vətəndaş İddiaçı “Südabə” adı “Sudəbə” kimi, nikah bağlandıqdan əvvəlki “Cahanova” soyadı isə “Cahangirova” kimi yazıldığından ərizənin təmin edilməsi imkan xaricindədir. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmədən əldə olunmuş sənədlərin kserosurəti nəzərdən keçirilərkən İddiaçı məxsus olduğu iddia edilən XİV-ЖГ seriyalı 287619 nömrəli doğum haqqında şəhadətnamədə qadının adı "X1", doğum yeri isə "Kəlbəcər rayonu" kimi yazıldığı, müvafiq sənədin Kəlbəcər rayon qeydiyyat şöbəsinin xx.xx.1950-ci il tarixli 69 nömrəli doğum haqqında akt qeydi əsasında tərtib olunduğu məlum olmuşdur. Həmçinin İddiaçı iş materiallarına əlavə etdiyi 1-3 seriyalı 204322 nömrəli nikah haqqında şəhadətnamədə isə qadın haqqında məlumat qrafasında onun adı "X4", doğum yeri isə "Ermənistan SSR, Basarkeçər rayonu, Əzizli kəndi" kimi yazıldığı və həmin nikahın xx.xx.1967-ci ildə Ermənistan SSR-nin Basarkeçər rayonunun Nərimanlı icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir. vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı iddia tələbi ilə doğum haqqında akt qeydində səhv qeyd edilmiş “Sudəbə” adının “Südabə”yə, “Cahangirova” soyadının isə “Cahanova”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, onun soyadı əslində Cahanova olmuş, adı isə Südabə qoyulmuşdur. Lakin doğum haqqında akt qeydi yazılarkən səhvə yol verilərək soyadı Cahangirova, adı isə Sudəbə qeyd olunmuşdur. Daha sonra aldığı bütün sənədlərdə adı və soyadının düzgün qeyd edilməsinə baxmayaraq, doğum haqqında akt qeydində səhv qalması ona bir çox maneələr yaradır. Qardaş və bacılarının soyadları da Cahanovadır. Cavabdeh orqan tərəfindən doğum haqqında akt qeydində ad və soyadının “Cahangirova Sudəbə” kimi qeyd olunması ilə əlaqədar İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə həqiqətən müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində soyadının “Cahangirova”, adının isə “Sudəbə” qeyd olunmasına baxmayaraq iddiaçıya məxsus təhsil haqqında, nikah haqqında şəhadətnamələrdə adı və soyadı “Cahanova Südabə” kimi, həmçinin şəxsiyyət vəsiqəsində adı “Südabə” kimi qeyd edilmişdir. Digər tərəfdən isə iddiaçının qardaş və bacılarına məxsus doğum haqqında şəhadətnamələrdə soyadları “Cahanova” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qardaş və bacılarının soyadları onlara məxsus doğum haqqında şəhadətnamələrdə “Cahanova” qeyd edilməsinə baxmayaraq iddiaçının soyadı sonuncunun doğum haqqında akt qeydində səhvən “Cahangirova” kimi göstərilmişdir. Həmçinin iddiaçınının adı da doğum haqqında akt qeydində səhv olaraq “Sudəbə” yazılmışdır. Belə ki, məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Azərbaycan adları siyahısında “Südabə” adının olmasına baxmayaraq “Sudəbə” adı mövcud deyil. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək adının “Sudəbə”dən “Südabə”yə, soyadının “Cahangirova”dan “Cahanova”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək adının “Sudəbə”dən “Südabə”yə, soyadının “Cahangirova”dan “Cahanova”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar