Məhkəmə qərarları › İş №2-1(114)-3111/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3111/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3111/2023 12.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə rayonu Arabaçılar bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə rayonu Arabaçılar bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdehlər Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə rayonu Arabaçılar bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Nizami adına Aqro-İstehsal müəssisəsi Yerli İstehsalat Komissiyası tərəfindən Bərdə rayonu, Arabaçılar kəndinin ərazisində ona kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmədiyi üçün Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatı, Bərdə rayon Arabaçılar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə Bərdə rayonu, Arabaçılar kəndində anadan olmuş və həmin kənddə yaşamaqla orada böyümüşdür. Ailə üzvləri atası X7, anası X9, qardaşları X12, X14, X10 və X5 ibarət olmuşdur. Ailə üzvləri həmişə Bərdə rayonu Nizami adına kolxozda kolxozçu işləmişlər. Həmçinin o da 1998-ci ilə kimi Bərdə rayonu Nizami adına kolxozda kolxozçu işləmişdir. xx.xx.1998-ci il tarixdə X13 ilə ailə həyatı qurmuşdur. X19 evlənəndən sonra da xx.xx.2002-ci il tarixə kimi Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olmuşdur. 1998-ci ildən başlayaraq ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar olaraq həmin kolxozun bazasında yaradılmış Bərdə rayonu Nizami adına Aqrar-İstehsal müəssisəsi Yerli islahat Komissiyası tərəfindən Bərdə rayonu, Arabaçılar kəndinin ərazisində kənd sakinlərinə kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilməyə başlanılmışdır. Həmçinin atası X1, anası X2, qardaşları X6, X8, X3 və X5 ibarət ailə üzvlərinə hər birinə 0,55 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Lakin Bərdə rayonu Nizami adına AİM-də Hüseynalılar kənd icra nümayəndəliyi ərazisində torpaq payı alan şəxslərin yekun siyahısında ailə üzvlərinin adlarının qeyd edilməsinə baxmayaraq onun adı qeyd edilməmişdir. Ona görə də ona kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilməmişdir. Pay torpağı verilən ərəfədə və bundan sonra yerli islahat komissiyasına və digər qurumlara müraciət etsə də nəticəsi olmamış və ona pay torpaq sahəsi verilməyərək, adının siyahıda olmaması bildirilmişdir. Beləliklə ölkədə keçirilmiş torpaq islahatından uzun müddət keçməsinə baxmayaraq o kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ala bilməmişdir. Bununla bağlı dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Rəsmi müraciət etməyinə baxmayaraq Bərdə Rayon İcra Hakimiyyəti və Bərdə ryonu Arabaçılar bələdiyyəsi müraciətə cavab verməmişdilər. Ona görə də ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməməsi nəticəsində hüquqları pozulmuşdur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

5. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım göstərilməsi barədə sərəncam göndərilmişdir.

6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməyərək, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Bərdə rayonu Hüseynalılar kəndində aqrar islahat gedən zaman o, həmin kənddə qeydiyyatda olmasına baxmayaraq, ona pay torpaq sahəsi verilməmişdir. Hazırkı iddia ilə aqrar islahat zamanı ona verilməli olan, lakin verilməmiş pay torpaq sahəsinin ayrılıb verilməsini tələb edir. O, iddia tələbini dəyişdirmək istəmir, hazırkı tələbinə baxılmasını xahiş edir.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddiaçının düzgün formada iddia qaldırmadığını, Ərazi İdarəsinin pay torpaq sahəsi ayıran orqan olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh orqanların iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. İddia ərizəsinin məzmunu, o cümlədən iddiaçının izahatı və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı islahat zamanı onun adının pay torpaq sahəsi alacaq subyektlərin adlı siyahıya salınmaması və ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (pay torpağı) verilməməsindən narazıdır və bu əsasla cavabdehlər Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə rayonu Arabaçılar bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsindən ona pay torpaq sahəsinin verilməsini tələb edir.

14. Hansı ki, iddiaçıya pay torpaq sahəsi verilməsi cavabdeh orqanların səlahiyyətində deyil. İddiaçı da cavabdehlər tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Buna görə də, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir.

15. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının torpaq islahatı zamanı ona pay torpaq sahəsinin ayrılmaması ilə əlaqədar “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahatı komissiyasına və Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına şikayət etmək hüququ olmuş, lakin o, bunu vaxtında etməmişdir. Ölkə ərazisində aqrar islahat xeyli müddət əvvəl başa çatdığından və həmin komissiyalar ləğv edildiyindən iddiaçının yerli aqrar islahat komissiyasının qərarından məhkəməyə şikayət etmək hüququ olmuşdur.

16. “Torpaq islahatı haqqında” Qanununa görə: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

17. Yəni, iddiaçı Bərdə rayonu, Hüseynalılar kəndində aqrar islahatla əlaqədar yerli aqrar islahat komissiyasının qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

18. Bununla bağlı ona məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13cü maddəsinin tələblərinə müvafiq olaraq hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Arabaçılar kəndində keçirilən torpaq islahatı zamanı Bərdə rayon Nizami adına Aqroistehsal müəssisəsi Yerli İslahat Komissiyası tərəfindən ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılmamasından narazıdır. Belə olan halda, iddiaçı tələbində hüquqi marağına uyğun olaraq yerli aqrar islahat komissiyasının qərarını mübahisələndirməlidir. Bu zaman qaldırdığı iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi zəruridir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu səbəbdən tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünü hesab etdiyi təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi iddiaçıya təklif olunmuş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı bildirilmişdir.

19. İddiaçı isə iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmiş, lakin bununla yanaşı məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlayaraq, buraxılmış müddətin bərpasını xahiş etmişdir.

20. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələbini dəyişdirərək, yerli aqrar islahat komissiyasının qərarını mübahisələndirəcəyi halda onun iddiası mübahisələndirmə haqqında iddia növü aid olmaqla, müddət məsələsi müzakirə edilə bilərdi. İddiaçının hazırkı tələbi isə ona pay torpağının verilməsi ilə bağlıdır və həmin tələblə bağlı müddət nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə iddiaçının müddətin bərpası barədə ərizəsini müzakirə etməyə lüzum görməmişdir.

21. O da qeyd edilməlidir ki, məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya təkrarən iddia tələbini dəyişdirmək təklif olunsa da, o, hazırkı tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir.

22. Bu səbəbdən iddia tələbi iddiaçı tərəfindən onun hüquqi marağına və qanunun tələblərinə uyğun dəyişdirilmədiyindən, yəni iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, iddiaçının hazırkı tələbi üzrə isə cavabdehlər tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

23. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar