Məhkəmə qərarları › İş №2-1(114)-3115/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3115/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3115/2023 30.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan İddiaçı S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmiş, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən icarəyə ayrılmış torpaq sahəsinin – dörd tərəfdən (şimaldan, şərqdən, qərbdən və cənubdan) dren ilə həmsərhəd olmaqla 15 (on beş) hektar torpaq sahəsinin yerində ölçülüb icarəyə (25 il müddətinə) heyvandarlığı inkişaf etdirmək məqsədilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan İddiaçı verilməsinin təmin edilməsinin Bərdə Torpaq şöbəsinə tapşırılması qərara alınmışdır.

2. Sözügdən torpaq sahəsinə dair xx.xx.2003-cu il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir.

3. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 15.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı təqdim edilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə ayrılmış 15.0 ha torpaq sahəsi onun icarəsinə 25 il müddətinə verilməsinə baxmayaraq, mövcud qanunvericiliyə görə örüş torpaq sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər.

4. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Mübahisəli torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı 2 saylı qış otlaq sahəsidir. 2) Həmin torpaq sahəsi naturada ölçülmüş və koordinatları müəyyən edilmişdir. Bu rəyə əlavə edilmiş planda öz əskini tapmışdır. 3) Mübahisəli torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən hər-hansı hüquqla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. 4) Həmin torpaq sahəsi üzərində hal-hazırda mühəndis kommunikasiya xəttləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində (Çələbilər kəndində) yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 saylı sərəncamı ilə ona S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə icarəyə torpaq sahəsinin ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktının təsdiq edilərək, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsi icarəyə verilmişdir. Sözügedən torpaq sahəsi - dörd tərəfdən (şimaldan, şərqdən, qərbdən və cənubdan) dren ilə həmsərhəd olmaqla 15 ha torpaq sahəsinin yerində ölçülüb heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 25 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Sözügdən torpaq sahəsinə dair xx.xx.2003-cu il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı da verilmişdir. Uzun illərdir həmin torpaq sahəsindən istifadə edir və ötən illər ərzində icarə haqqını vaxtı-vaxtında ödəyir. Yalnız sonuncu ayı ödəməmişdir və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin göndərdiyi məktubdan görünür ki, 169 manat icarə borcu qalmışdır. Qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Bu səbəbdən də ərizə və sənədlərlə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona xx.xx.2023-cü il tarixli **********87 saylı imtina məktubu ilə icarə hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. Hansı ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, hüququnun qeydə alınması üçün sənədləri kifayət qədərdir və qanuna uyğundur. Sözügedən torpaq sahəsi 2028-ci ilədək onun icarəsində olmasına baxmayaraq cavabdeh təşkilat hüquqlarını pozur və icarə hüququnu qeydə almaqdan imtina edir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

17. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

19. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamının təsdiqli surəti; - Torpaq sahəsinin yerquruluşu planının təsdiqli surəti; - xx.xx.2003-cü il tarixli sahəseçmə aktının təsdiqli surəti; - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********764800 nömrəli xəbərdarlıq məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli **********87 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə Bərdə rayonu S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən 15.0 (on beş) ha torpaq sahəsinin heyvandarlığı inkişaf etdirmək məqsədilə 25 (iyirmi beş) il müddətinə İddiaçı icarəyə verilməsi qərara alınmışdır. İddiaçı yuxarıda göstərilən sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 15.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı təqdim edilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə ayırlmış 15.0 ha torpaq sahəsi onun icarəsinə 25 il müddətinə verilməsinə baxmayaraq, mövcud qanunvericilikdə örüş torpaq sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər.

23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinası qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin xx.xx.2023-cü il tarixədək olan redaksiyasına görə: Maddə 16.1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Maddə 16.3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 56.6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 93.1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Maddə 93.2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Maddə 93.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir: müqavilənin tərəfləri; müqavilənin növü; müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas); torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər; torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər); torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi; əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri; tərəflərin öhdəlikləri.

24. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 5. Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: yay və qış otlaqlarının torpaqları; Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 11. Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.

25. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə dövlət mülkiyyətində olan yay və qış otlaq sahələrinin fiziki şəxslərə verilməsi həm bu barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, həm də tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilməsi birmənalı şəkildə təsbit edilmişdir. Belə ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir və icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

26. Yəni, hazırkı halda iddiaçının ona icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüququnun yaranması üçün təkcə müvafiq icra hakimiyyəti orqanının qərarı kifayət deyil, bununla yanaşı tərəflərin hüquq vəzifələrini, icarənin şərtlərini, icarənin müddətini, icarə haqqını və digər məsələləri özündə ehtiva edən müqavilənin də bağlanması zəruridir. Hazırkı işdə isə tərəflər arasında icarə müqaviləsi mövcud deyil.

27. Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə ayrılmış 15.0 ha torpaq sahəsi iddiaçının icarəsinə 25 il müddətinə verilmişdir. Halbuki, torpaq sahəsi icarəyə verilən zaman qüvvədə olan torpaq qanunvericiliyinə görə, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

29. Adıçəkilən Qanunda hüquqların dövlət qeydiyyatı üçün əsas qismində müvafiq icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar dedikdə müvafiq icra hakimiyyəti orqanın qərarı, eyni zamanda icarə müqaviləsi nəzərdə tutulur.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar