Məhkəmə qərarları › İş №2-1(114)-312/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-312/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-312/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X4 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1959-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, xx.xx.1981-ci il tarixdə X6 ilə nikahlarını rəsmiləşdirmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İddiaçının övladları – X5 xx.xx.1984-cü il tarixdə, X7 isə xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İddiaçı 1978-ci ildən 1980-ci ilədək Bakı Kooperativ Texnikumda qiyabi olaraq təhsil almışdır. xx.xx.1976-cı il tarixdə açılmış əmək kitabçasına əsasən iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işsizlik müavinəti almışdır. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-294/2023 nömrəli arayışında qeyd olunur ki, 124 nömrəli fondda mühafizə olunan X2 əmr kitablarına əsasən iddiaçı • xx.xx.1976-cı il tarixli 308 saylı əmrlə Qazax rayon X1 operator vəzifəsinə təyin edilmiş; • 26.04.1988-ci il tarixli 41/1 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarix də daxil olmaqla doğuşdan sonrakı analıq məzuniyyətinə buraxılmış; • xx.xx.1989-cu il tarixli 36/2 nömrəli əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarix də daxil olmaqla öz hesabına məzuniyyətə buraxılmış; • xx.xx.1989-cu il tarixli 100 saylı əmrlə uşağı körpə olduğuna görə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi öz hesabına məzuniyyətə buraxılmış; • 16.07.1991-ci il tarixli 56 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Həmin arayışa əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı 1983-cü ilin yanvar ayı, 1984-cü ilin aprel, iyun (dekret qeydi aparılmış), avqust-dekabr ayları, 1985-ci ilin yanvar-iyun ayları, 1988-ci ilin may, iyul-dekabr ayları, 1989-cu ilin yanvarfevral, aprel-dekabr ayları (mart ayında 13-cü əmək haqqı ödənilmişdir), 1990-cı ilin yanvar-mart ayları, 1991-ci ilin yanvar-iyul ayları üzrə əmək haqqı məbləği qeyd olunmamışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********578800 nömrəli məktubuna əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2021-ci il tarixdə 126 manat, xx.xx.2021-ci il tarixdə 0,60 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı pensiya təyini üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-104133/2023 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı 24 il 07 ay 08 gün təşkil edir. Bildirilmişdir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək iddiaçının təhsil aldığı dövr əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sözügedən dövrlərin sosial sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda xx.xx.2006-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24 il 5 ay 8 gün sığorta stajına uyğun olaraq 20.073,41 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 136,72 manat olmaqla, ümumilikdə 20.210,13 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qazax rayon Dövlət Arxivinin arayışına əsasən, əmək kitabçanısının surətində qeyd olunmuş Qazax rayonu "Statistika" idarəsindəki iddiaçının əmək fəaliyyəti zamanı 1990-cı il tarixində 8 ay, 1991-ci il tarixində isə 12 ay adınıza əmək haqqı hesablanmamışdır. Bu səbəblə, iddiaçının adına əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən mübahisələndirilən 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 176334/2023 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş haddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədak, xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1981-ci ildə 12 ay, 1982-ci ildə 12 ay,1983-cü ildə 11 ay, 1984-cü ildə 5 ay, 1986-cı ildə 12 ay, 1988-ci ildə 6 ay, 1990-cı ildə 12 ay, Mərkəzləşdirilmiş elektron asiya sisteminin Pensiya altsisteminə əsasən 2 ay (2021-ci il yanvar-fevral) əmək informa fəaliyyəti dövrü nəzərə alınmaqla, ümumilikdə 21 il 10 gün mübahisələndirilməyən sığorta staji müəyyən edilmişdir. Eyni zamanda, 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı Qazax rayonu Statistika İdarəsində əmək fəaliyyətilə bağlı 1987-ci il tarixinə aid əmək haqqı kitabında vərəqin olmaması, 1989-cu il tarixində əmək haqqı kitabında iddiaçının adına əmək haqqı yazılmaması, 1991-ci il tarixində isə əmək haqqı kitabında iddiaçının adının qeyd olunmaması məlum olmuşdur. Həmçinin adıçəkilən şəxs xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək öz hesabına analıq məzuniyy yətində olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-238085/2023 nömrəli etirazını təqdim etmiş və yuxarıda qeyd olunan demək olar təkrarlamış, fərqli 1985-ci il üzrə 06 ay dövrü mübahisələndirmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasının mötəbərliyinə, onun qeyd olunan müəssisədə işləməsinə şübhə yoxdur, lakin təcrübəyə əsasən əmək haqqı almadığı müddəti nəzərə almamışlar. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2022-ci il tarixdə 62 il 06 ay yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən (25 il 02 ay) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1991, xx.xx.1991xx.xx.2001-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə iddiaçıya işsizliyə görə müavinət ödənilmiş, iddiaçı tərəfindən 2021-ci ilin 2 ayı üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək 04 il 19 gün, xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək 09 il 05 ay 22 gün, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 06 ay 02 gün, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək 06 ay, 1981-ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay,1983-cü il üzrə 11 ay, 1984-cü il üzrə 5 ay, 1985-ci il üzrə 06 ay, 1986-cı il üzrə 12 ay, 1988-ci il üzrə 6 ay, 1990-cı il üzrə 12 ay, 2021-ci il üzrə 02 ay dövrü nəzərə alınmaqla, ümumilikdə 21 il 10 gün müddəti qəbul edir. İnzibati orqan iddiaçının 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün – cəmi 04 il 02 ay 10 gün işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə iddiaçının əmək haqqı almadığı dövrlərlə bağlı aşağıdakıları qeyd edir: • 1983-cü ilin əmək haqqı cədvəllərindən çıxarışlarından görünür ki, həmin ilin yanvar ayı üzrə iddiaçının adı olan 75-ci sırada «П» (məzuniyyət) qeydi qoyulmuşdur (01 ay). • 1984-1985-ci illərə münasibətdə, iddiaçının övladı X5 xx.xx.1984-cü il tarixdə anadan olmuş, bununla bağlı iyun ayı üzrə dekret qeydi aparılmışdır. Həmin dövrə dair əmrlər tapılmasa belə, həmin zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e" bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Bu normanın tələbləri də nəzərə alınarsa, iddiaçının əmək haqqı qeyd edilmədiyi 1984-cü ilin aprel, iyun, avqust-dekabr ayları, 1985-ci ilin yanvar-iyun ayları – 01 il 01 ay müddət ümumi əmək stajına daxil edilməlidir. • 1988-1991-ci illərə dair gəldikdə, iddiaçının digər övladı X7 xx.xx.1988-ci il tarixdə anadan olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e" bəndinin tələbləri nəzərə alınaraq, iddiaçı həmin dövrdə öz hesabına məzuniyyətdə olsa belə, onun uşağa görə məzuniyyətdə olduğu 1988-ci il üzrə 06 ay, 1989-cu il üzrə 01 il, xx.xx.1991-ci il tarixədək olan dövr (04 ay 01 gün) ümumi əmək stajına daxil edilməlidir. Həmin dövlərdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi: Maddə 70. məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) işə əslində sərf olunmuş vaxt; 2) fəhlə və ya qulluqçunun əslində işləmədiyi, lakin iş yerinin (vəzifənin) və əmək haqqının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirildikdə və sonra işə bərpa edildikdə haqqı ödənilmiş məcburi proqul vaxtı); 3) işçilərin əslində işləmədiyi, lakin iş yerini (vəzifəni) saxladığı və dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt; uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) qanunvericilikdə nəzərdə tutulmuş başqa vaxtlar. Maddə 74. Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e" bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Qeyd olunanlar baxımından, habelə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan dövrü onun fasiləsiz iş stajına daxil edilməlidir. • 1987-ci il tarixinə dair cavabdeh orqan əməkhaqqı kitabında vərəqin olmaması qeyd etsə də, əmək haqqı cədvəllərinin 123-cü sırasında iddiaçının adı və aldığı əmək haqları qeyd olunmuşdur. • 21.04.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək dövrlə bağlı ilə isə, iddiaçının həmin zaman haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasının iş materiallarında hər hansı əmrlə təsdiq edilməsi müəyyən olunmur və “Qazax rayon Dövlət Arxivi tərəfindən təqdim edilən arxiv arayışında da həmin tarixlərə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçıya dair əmək haqqı cədvəllərində əmək haqqı barədə məlumatın aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (62 il 06 ay yaş) çatmaqla, tələb olunan 25 il (mübahisəsiz 21 il 10 gün + mübahisəli 04 il 02 ay 10 gün = 25 il 02 ay 20 gün) sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar