Məhkəmə qərarları › İş №2-1(114)-3125/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3125/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3125/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş test imtahanının nəticələri haqqında cavab kartlarının qrafik təsvirləri barədə məlumatdan görünür ki, İddiaçı 69 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.

2. İddiaçı səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması ilə bağlı Azərbaycan Respublikası X5 etdiyi müraciətə həmin Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-kol-4535-42-888/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmış və müraciətdə mübahisələndirdiyi tapşırığın (İqtisadiyyat və digər ixtisas sahələri istiqaməti, A variantı 77 nömrəli tapşırıq) ümumi dünyagörüşü səviyyəsinə uyğun tərtib edildiyi, tapşırığın məzmununun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu ona izah edilmişdir. Qeyd edilənlərə müvafiq olararaq nəzərinə çatdırılır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) və biliyi düzgün qiymətləndirilmişdir.

3. Azərbaycan Respublikası X4 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 9-3/2-H- 4608/2-42-923/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmışdır və əldə edilən nəticəni nəzərinə çatdırmaq istəyirlər. Belə ki, məktubda qeyd etdiyi tapşırığın (İqtisadiyyat və digər ixtisas sahələri istiqaməti, A variantı 77 nömrəli tapşırıq) ümumi dünyagörüşü səviyyəsinə uyğun tərtib edildiyi, tapşırığın məzmununun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu təsdiq edilmişdir. Bu barədə apellyasiya prosesi zamanı ona telefon bağlantısı vasitəsilə izah verilmişdir. Qeyd edilənlərə müvafiq olaraq nəzərinə çatdırılır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) və biliyi düzgün qiymətləndirilmişdir.

4. Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2023-cü il tarixli /K-13/518 nömrəli məktubunda göstərilmişdir ki, “Nəsimi” sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar, “Nəsimi bədii filminin (1973) ssenari müəllifi İsa Hüseynovdur.

5. Azərbaycan Prosessional Kinorejissorlar Gildiyasının xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, X6 tərəfindən test mərhələsində film sahəsinə aid aid olan suallardan istifadə edilərkən, sualın cavablandırılmasında dəqiqliyin təmin olunması üçün filmlərin janrlarının göstərilməsini daha məqsədəmüvafiq hesab edirlər.

6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 10 nömrəli məktubunda bildirilmişdir ki, X6 tərəfindən keçirilən bütün imtahanların sualları qanuna müvafiq olaraq, həmin qurum tərəfindən tətbiq olunur və hər hansı bir yanlışlığa görə məsuliyyət də bilavasitə onların üzərinə düşür. 1971-ci ildə lentə alınmış “Nəsimi” sənədli filminin və 1975-ci ildə çəkilmiş “Dədə-Qorqud” bədii filminin ssenarisi Xalq yazıçısı Anar Rzayevə məxsusdur. 1973-cü ildə ekranlaşdırılmış “Nəsimi” bədii filminin ssenarisi isə Xalq yazıçısı İsa Hüseynovdur. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən keçirilmiş test imtahanı nəticəsinin ona münasibətdə dəyişdirilməsi, Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə test 77-də səhvliyin müəyyən olunması və həmin testin xeyrinə hesab edilməsi, səhvlik müəyyən olunmuş testin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı test imtahanı mərhələsi keçirilmişdir. Test imtahanı mərhələsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası X6 tərəfindən aparılmışdır. O, (iş nömrəsi: 790215) qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələblərə uyğun olaraq "iqtisadiyyat və digər ixtisas sahələri" istiqaməti üzrə imtahanda iştirak etmişdir. İmtahan Bakı Dövlət Universitetinin Yeni korpusunda Z.Xəlilov 23 ünvanında keçirilmişdir. İmtahanda "A" variantı üzrə təqdim edilən test kitabçasında 100 test tapşırığından 69-nu düzgün həll edərək test imtahanından müvəffəqiyyət əldə etməmişdir. Test imtahanı zamanı verilən test tapşırıqları arasında 77-ci sualda səhvlik aşkar etmişdir. Bu barədə dərhal nəzarətçini məlumatlandırmışdır. Nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra X5 müraciət etməyini tövsiyyə etmişdir. Onun kimi bir neçə namizəd də imtahan zamanı həmin testlərin səhv olması barədə nəzarətçiləri məlumatlandırmışdır. Hər bir namizədə eyni qaydada cavab verilmişdir. Aşağıda qeyd etdiyi əsasları rəhbər tutaraq hesab edir ki, imtahan nəticələri dəyişdirilməli və həmin səhv sual imtahanda iştirak edən namizəd kimi onun xeyrinə hesablanmalıdır. Hüquqi əsaslandırmaya keçməmişdən qabaq, səhvlik olan test tapşırığını diqqətə çatdırır. Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə 77-ci sual belədir: Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır: a) Koroğlu; b) Nəsimi; c) Dədə Qorqud; d) Babək. Bilindiyi kimi, "Nəsimi" və "Dədə Qorqud" filmlərinin ssenari müəllifi Anar Rzazadədir. Bir testdə iki düzgün variantın qeyd olunması isə qanunvericiliyin tələblərinə ziddir. İmtahandan sonra yazılı qaydada imtahanda istifadə etdikləri test kitabçalarının əldə olunmasına şərait yaradılmasını xahiş etsələr də, həmin test tapşırıqları bu günə qədər onlara təqdim edilməmişdir. Testin nəticələri elan olunduqdan dərhal sonra o, X4 çağrı mərkəzi ilə əlaqə yaratmış və onun imtahan nəticələrinin dəyişdirilməsi, səhv test tapşırıqlarının namizəd kimi onun xeyrinə hesablanmasını xahiş etmişdir. Daha sonra isə elektron mail vasitəsilə yazılı müraciət etmişdir. X4 xx.xx.2023-cü il tarixli məktubunda isə müraciətinə cavab olaraq bildirilmişdir ki, "Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnaməyə" uyğun olaraq keçirilmiş test imtahanının nəticələri ilə bağlı vətəndaşların müraciətinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciəti araşdırılmış və müraciətində mübahisləndirilmiş tapşırıqların müvafiq olaraq rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünya görüşü səviyyəsinə uyğun şəkildə tərtib edildiyi, tapşırığın məzmunun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu ona izah edilmişdir. İmtahanda əldə etdiyi nəticə və biliyi düzgün qiymətləndirilmişdir. Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri cənab Anar Rzazadəyə 0949/23 saylı sorğu göndərilmişdir. 1K-13/518 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi sənədli filminin (1971) və "Dədə Qorqud" bədii filminin (1975) ssenari müəllifi Anar Rzazadə, "Nəsimi" bədii filminin ssenari müəllifi İsa Hüseynovdur. Qeyd edir ki, sualda yalnız bədii film deyil, ümumilikdə film nəzərdə tutulmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Gənzə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3125/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.

19. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X6 (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə yaradılmışdır və həmin X1 təsdiq edilmişdir. Nizamnaməsinə uyğun olaraq, Mərkəz dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.3-cü bəndinə əsasən müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Xidmət) təklifi əsasında Mərkəz tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. İddiaçı xx.xx.2023-cü il tarixində vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 69% (69 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir. Nəzərə çatdırılır ki, imtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, onların imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəz tərəfindən 2023-cü il 7 noyabr tarixində Apellyasiya komissiyası təşkil edilmiş və bununla da, namizədlərin imtahanası nəticələrinə dair şikayətlə komissiyaya müraciət etmək imkanı yaradılmışdır. İddiaçı dövlət vergi orqanlarına işə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına, eyni zamanda Mərkəzə xx.xx.2023-cü il tarixində yazılı olaraq müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı sual (77-ci test tapşırığı) bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-kd-4535-42-888/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilmişdir (əlavə olunur). Bundan başqa, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı və baxılması üçün aidiyyəti üzrə Mərkəzə göndərilmiş eyniməzmunlu müraciətinə Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixli 9-3/2-H-4608/2-42-923/2023 nömrəli məktubla müvafiq cavab verilmişdir (əlavə olunur). Ekspert qrupunun rəyinə əsasən, müvafiq test tapşırıqları ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edilmiş və tapşırıqların məzmunu imtahan üçün daha əvvəl elan edilmiş proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olaraq hazırlanmışdır. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 77 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir (əlavə olunur). Əlavə olaraq bildirilir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi sualla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında eyni məzmunlu inzibati iş üzrə İddiaçı icraata üçüncü şəxs qismində cəlb olunmaqla bağlı vəsatət vermiş, lakin vəsatət təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-4657/2024 nömrəli qərarı ilə eyni məzmunlu iddia təmin edilməmişdir.

21. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Vergi orqanlarına işə qəbulla əlqədar keçirilmiş test imtahanının nəticələri haqqında cavab kartlarının qrafik təsvirləri barədə məlumat; - Azərbaycan Respublikası X4 xx.xx.2023-cü il tarixli 9-3/2-kol-4535-42-888/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası X4 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 9-3/2-H- 4608/2-42-923/2023 nömrəli məktubu; - Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2023-cü il tarixli /K-13/518 nömrəli məktubu; - Azərbaycan Prosessional Kinorejissorlar Gildiyasının xx.xx.2024-cü il tarixli arayışı; - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 10 nömrəli məktubu; - X4 Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Orta təhsil üzrə şöbə müdiri X7.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: Bənd 1.1. Azərbaycan Respublikasının X6 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qrupların tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Bənd 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.

25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1.1.1. Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Maddə 1.1.2. Dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; Maddə 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə əsasən: Bənd 1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Bənd 1.3. Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında X6 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Bənd 3.7. Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bənd 3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir. Bənd 3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir. Bənd 3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

27. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqənin test imtahanı keçirilmiş və iddiaçı da həmin imtahanda iştirak edərək, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 69% (69 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir.

28. Hazırda iddiaçı müvəffəqiyyət əldə edə bilməməsini Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə 77-ci sualın qüsurlu tərtib edilməsi ilə əlaqələndirərək, hesab edir ki, həmin sual səhv tərtib edildiyindən onun xeyirinə şərh olunmalıdır.

29. Belə ki, iddiaçı həmin sualın iki düzgün cavabının olduğunu iddia edir.

30. Cavabdeh iddiaçının bu dəlillərinə qarşı həmin sual üzrə rəy təqdim etmişdir. Həmin rəydə göstərilmişdir ki: “A variantı, 77 saylı test tapşırığı ilə bağlı 5 noyabr 2023-cü il tarixində vergi orqanlarına işə qəbul olunmaq üçün X6 (bundan sonra - Mərkəz) tərəfindən keçirilən test imtahanında Yeni tarix və ümumi dünyagörüşü blokunda yer alan A variantı 77 nömrəli test tapşırığı aşağıdakı məzmunda təqdim edilmişdir:

77. Yazıçı Anar göstərilən filmlərdən hansının ssenari müəllifi olmuşdur? A) “Koroğlu” B) “Dədə Qorqud” C) “Babək” D) “Nəsimi” Qeyd olunan filmlərdən “Nəsimi”nin ssenari müəllifi İsa Hüseynov, “Dədə Qorqud”un ssenari müəllifi Anar, “Babək”in ssenari müəllifi Ənvər Məmmədxanlı, “Koroğlu”nun ssenari müəllifi isə Sabit Rəhmandır. Beləliklə, tapşırığın doğru cavabı В bəndi - “Dədə Qorqud” filmidir. İmtahan başa çatandan sonra tapşırığa yanlış cavab vermiş və keçid balını toplamamış bir qrup namizəd 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifinin yazıçı Anar olduğunu qeyd edərək tapşırığın yanlış tərtib edildiyini iddia etmiş və imtahandan sonra Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. Bu iddianın həm məzmun, həm də test metodologiyası baxımından əsassız olduğu namizədlərə izah edilmişdir. Test tapşırığının məzmun baxımından izahı. Yuxarıda verilən test tapşırığında qeyd olunan filmlərin hər biri Azərbaycan xalqının tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin həyatından bəhs etməklə Azərbaycanın kino tarixindəki ən məşhur filmlərdəndir. Bu filmləri Azərbaycanın tarixinə biganə olmayan hər bir şəxsin dəfələrlə izləmək və filmlərin ssenari müəllifinin kimliyi ilə tanış olmaq imkanı olmuşdur. Eyni zamanda, bu filmlərdən akademik nəşrlərin və mənbələrin (dərslik və ensiklopediyaların) mütləq əksəriyyətində “bədii” sözü işlədilmədən, sadəcə film olaraq bəhs edilir (məsələn, Azərbaycan Sovet Ensiklopediyası Vİİ cild. Bakı, 1983. səh. 231, Ali məktəblər üçün Vİİ cildlik Azərbaycan tarixi Vİİ cild. Bakı, 2007. səh. 185, Ümumtəhsil müəssisələrinin 9-cu sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2020. səh. 163, Ümumtəhsil müəssisələrinin 11-ci sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2019. səh. 163, Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilmiş və imtahana hazırlaşmaq üçün təqdim edilmiş yeganə vəsait olan Tarix vəsaiti, Bakı, 2023. səh. 361, Azərbaycan Kinematoqrafçılar İttifaqının internet saytında “Nəsimi” filmindən bəhs edən məqalə, link https://aki.az/nəsimi- filmi-bərpa-olunub/. Qeyd olunan bütün mənbələrin surəti rəyə əlavə olunur). Belə mənbələrin sayı yüzlərlədir. Yazıçı Anarın ssenari müəllifi olduğu qısametrajlı sənədli filmdən isə heç bir rəsmi mənbədə sadəcə film olaraq bəhs edilmir. Bu filmdən bəhs edən bütün rəsmi mənbələrdə filmin növü göstərilməklə “sənədli” ifadəsindən istifadə edilmişdir. İmtahanda təqdim edilən tapşırıqda isə “sənədli” ifadəsindən istifadə edilməmişdir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar, ilk növbədə dərsliklərə və akademik nəşrlərə əsaslanır. “Nəsimi” qısametrajlı sənədli filmi “Nəsimi” filmi ilə müqayisədə xeyli dərəcədə qeyripopulyar olsa da, bu ekran əsərlərinin hər ikisindən bəhs edən az sayda eyni mənbəyə də rast gəlmək mümkündür. Bu mənbələrdə belə, “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edildiyini açıq şəkildə görə bilərik. Məsələn, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 229 nömrəli tam orta məktəbdə Nəsimi yaradıcılığının təhlili ilə bağlı xəbərdə deyilir. ... “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirildi. Nəsimi haqqında sənədli filmlərdən nümunələr verildi.” Link https://bakimektebleri.edu.az/229/az/news/read/78414. Bundan başqa, İ.Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub ideya problemləri” adlı konfransın materiallarına müraciət edək (Bakı, 6-7 dekabr 2019). Burada doktorant Mikayılov Ülvi tərəfindən təqdim olunmuş məqalə belə adlanır: “Nəsimi düşüncələrinin ictimailəşməsində “Nəsimi” filminin və “Məhşər” romanının rolu”, səh. 225. Eyni konfransda dissertant Rüstəmova Aysel tərəfindən təqdim olunmuş digər məqalə isə belə adlanır: “Milli kino sənətində İmadəddin Nəsiminin həyat və yaradıcılığı. “Nəsimi” sənədli filminin motivləri əsasında”, səh. 235. (Hər iki mənbə rəyə əlavə olunur.) Beləliklə, yuxarıda verilən nümunələr və akademik nəşrlərə, mənbələrə əsaslanaraq əminliklə deyə bilərik ki, test tapşırığının tərtibində hər hansı yanlışlığa yol verilməmişdir. Test tapşırığının test metodologiyası baxımından izahı. Məlum olduğu kimi, ümumi dünyagörüşü də daxil olmaqla ictimai elmlər üzrə bilikləri yoxlayan test tapşırıqlarında yanlış cavabların doğru cavabdan uzaqlıq dərəcəsi eyni olmur. Belə ki, bu tapşırıqlarda yeganə birmənalı doğru cavab verilməklə bərabər, mütləq tapşırıq vasitəsilə yoxlanılan bilikləri tam mənimsəməmiş və ya qismən mənimsəmiş namizədləri də digər namizədlərdən ayırd edə bilən cavab variantlarına yer verilir. Buna görə də belə tapşırıqlara doğru cavab vermək üçün bütün cavab variantları diqqətlə oxunmalıdır. Yalnız yetərli məlumatlılıq səviyyəsinə malik namizədlər bu cavab variantları içərisindən yeganə doğru cavab variantını seçə bilərlər. Bu baxımdan təqdim olunmuş test tapşırığının yeganə birmənalı və doğru cavabı vardır. Çünki ölkəmizin kino tarixində yeganə “Dədə Qorqud” filmi var və onun da ssenari müəllifi Anardır. “Nəsimi” sənədli filmindən müqayisəyəgəlməz dərəcədə populyar olan və ssenari müəllifi İsa Hüseynov olan “Nəsimi” filmi haqqında məlumatlı hər hansı bir namizəd heç vaxt “Nəsimi” cavabını doğru cavab kimi götürə bilməz. “Nəsimi filmi” ifadəsinin elmi-metodiki baxımdan doğru bir ifadə olduğunu yuxarıda verilən nümunələr əsasında izah etmişik. Əgər namizəd “Nəsimi” filminin ssenari müəllifinin İsa Hüseynov, “Nəsimi” sənədli filminin ssenari müəllifinin Anar olduğunu bilsə belə, onda bu cavabın birmənalı doğru yox, qiymətləndirilməsi mümkünsüz cavab olduğunu müəyyən edə bilərdi. Qeyd etmək istərdik ki, bu suala “Babək” cavabını seçmiş namizəd verbal məlumatlarla bağlı test tapşırıqlarında verilən məlumatlar əsasında təklif edilən cavab variantlarının “doğru”, “yanlış”, “qiymətləndirilməsi mümkünsüz” cavablar ola biləcəyini, yəni test tapşırığının doğru cavabı ilə (doğru hesab edilməyən) qiymətləndirilməsi mümkün olmayan cavabının fərqli olmasını bilir. Bu faktlar göstərir ki, iddiaçı bu suala cavab vermək üçün lazım olan yetərli dünyagörüşü məlumatlarına malik olmamış, tamamilə yanlış seçdiyi “Babək” cavabına rəğmən, test tapşırığının iki doğru cavabının olması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə 77-ci sualı və onun açıqlaması ilə bağlı təqdim edilmiş mütəxəssis rəyini nəzərdən keçirərək hesab edir ki, dövlət orqanının bu qiymətləndirməsi ağlabatan və qəbul ediləndir.

32. Belə ki, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahanında verilən ümumi dünyagörüşü ilə bağlı suallar namizədin dünyagörüşü məlumatının ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə münasibətdə hansı ölçüdə olmasını müəyyən etmək məqsədilə verilir. Burada dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir. Bu zaman həmin sahə üzrə spesifik suallar deyil, mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ümumi xarakterli suallar tərtib edilir.

33. İddiaçının mübahisələndirdiyi A variantı 77-ci sualdan görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuşdur.

34. İddiaçı isə Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğu iddia edir.

35. Doğrudur, yazıçı Anarın “Dədə Qorqud” bədii filmi ilə yanaşı 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifi olması mübahisəsizdir.

36. Lakin məhkəmə hesab edir ki, bu hal mübahisəli sualın düzgün olmaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. Çünki sualda sənədli film deyil, məhz bədii filmdən bəhs olunması aşkardır.

37. Belə ki, birincisi, sualda qeyd olunan digər cavabların hamısı bədii filmdir, bu isə sualla tanış olan namizəddə ondan sənədli deyil, məhz bədii filmin soruşulması fikrini yaradır.

38. İkincisi, sualda göstərilən bütün filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan, hamıya bəlli olan filmlərdir və əgər sənədli film olması xüsusi qeyd edilmirsə, həmin adlar (o cümlədən Nəsimi) çəkildikdə, bədii filmdən bəhs edilməsi hamıya bəlli olan haldır.

39. Üçüncüsü, rəydə də göstərildiyi kimi, sualların hazırlanması üçün istifadə edilən mənbələrdə “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edilmişdir.

40. Bu zaman o da nəzərə alınmalıdır ki, həmin sual mədəniyyət sahəsi üzrə hər hansı bir vəzifəyə qulluğa qəbul üçün nəzərdə tutulan test imtahanında iştirak edən şəxsin ixtisası üzrə biliyinin yoxlanması məqsədilə deyil, dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün ümumi dünyagörüşünü ölçmək məqsədilə hazırlanmışdır.

41. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar