Məhkəmə qərarları › İş №2-1(114)-3127/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3127/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3127/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasının xx.xx.2025-ci il tarixli qiymətləndirilməsinin ləğv edilməsinə və ona əlillik dərəcəsi verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı partlayış travması ilə xəsarət almışdır. 01 oktyabr 2022-ci il tarixli 11686 saylı xəstəlik haqqında şəhadətnaməsində Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Oratlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsının kəllədaxili hipertenziya, vegtetativ damar paroksizmləri ilə və qıcolma tutumaları ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsək nahiyyəsinin bərkidilmiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)." "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" Diaqnoz: "Hər iki gözün sadə miopik astiqmatizmı Em və M 1,0 D nəticəsində sağ gözün görmə itiliyinin 0,8-ə qədər azalması, sol gözün görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. 24, 25-ci dişlərin omaması. Əks dişləm". "Ümumi xəstəlikdir". Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin dırektoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən, habelə Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə iddiaçıya "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri F07.0." diaqnozu təyin edilmişdir. xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək üçüncü dərəcəli orqanizmin funksiyasının 40% pozuntusu ilə əlillik verilmişdir. Əlilliyin müddəti bitdiyindən Tibbi-Sosial Ekspert Komissiyasına əlilliyin verilməsi üçün müraciət etsə də, ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Sonuncu dəfə belə imtina xx.xx.2025-ci il tarixdə verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-3127/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxs ilə əvəzləşdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(114)-3127/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkil X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 oktyabr 2022-ci il tarixli, 11686 nömrəli qərarından görünür ki, İddiaçı qoyulmuş diaqnoz: “Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu parlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllədaxli hipertenziya, vegtetativ damar aroksizmləri ilə qıcol tutmaları müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsek nahiyəsinin bərkimiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq oxumalarının yad cismi (metal qəlpə) "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Səbəb əlaqəsi ilə təsdiq olunur. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar, İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 3452 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması Sticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F 07.0 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Stasionar müalicə aldığı müəssisələr Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Həkim müayinəsinin nəticəsi: xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu, özünə xəsarət yetirmələrlə. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. - Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, özünə xəsarət yetirmələrlə. xx.xx.2025-ci il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2150 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası"da "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2025-ci il tarixdən orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.1-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, iddiaçının barəsində xx.xx.2025-ci il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı həkim müayinəsinin nəticəsi “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0-F43.1 - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu, özünə xəsarət yetirmələrlə” olmuşdur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə əsas diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2150 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 oktyabr 2022-ci il tarixli, 11686 nömrəli qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Ona görə də iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əli Fuad oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar