Məhkəmə qərarları › İş №2-1(114)-313/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-313/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-313/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra həmin əlillik təyinatı ləğv edilmişdir.

2. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması. Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə. Arterial hipertenziya; Ağırlaşma – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə; Yanaşı xəstəliklər – İ10.0 – Essensial [birincili] hipertenziya, Arterial hipertenziya;

3. İddiaçı əlillik vəziyyəti həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması (Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və qeyd edilsin)” səbəbi ilə imtina verilmişdir.

4. Məhkəmənin qərardadına əsasən xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-13903/2024 nömrəli qərar qəbul edilmişdir.

5. Məhkəmənin qərardadına əsasən xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-794/2025 nömrəli qərar qəbul edilmişdir.

6. xx.xx.2023-cü il tarixli göndərişdən və xəstəlik tarixçələrindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “İ61 Beyindaxili qansızma” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci 8il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşddur.

7. X4 xx.xx.2024-cü il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, Sol gicgah nahiyəsində geniş sahəni əhatə edən metal artefakt səbəbi ilə dəyərləndirilmə suboptimaldır. İzlənə bildiyi qədəri ilə: Sol MCA hövzəsində metal artefaktlar mövcud olub, əməliyyat hekayəsi var isə əməliyyata bağlı dəyişikliklər və klips materialları olaraq dəyərləndirilə bilər. Pasientin göz almalarının morfologiyası və forması adidir. Optik sinirlərin trayektoriyasında və strukturunda pozulma izlənilmir. Retrobulbar sahədə qeyri-adi siqnalı olan strukturlar müşahidə edilmir. Paranazal sinuslarda selikli qişa qalınlaşmaları qeyd olunur. Ən böyüyü sağ tərəfdə 24 mm ölçüsündə olmaqla, hər iki maksillar sinusda retenziya kistaları mövcuddur. Subtentorial sahə: Beyincik parenximin morfologiya və siqnal intensivliyi təbiidir. Varoli körpüsünün siqnal intensivliyi təbiidir. İV mədəciyin ölçüləri və subtentorial likvor sahələrinin həcmi yaşa müvafiqdir. Kranial sinirlərin vizualizasiya edilən komplekslərində dəyişikliklər aşkarlanmır. Supratentorial sahə: Hippokampların koronar görüntüsü və siqnal intensivliyi simmetrikdir. Mezensefal strukturların anatomik görüntüsü təbiidir. Sol bazal qanqlionlar nahiyəsində ətrafinda T2 hipointens RİMİ olan 20x6 mm ölçüsündə xroniki ensefolomalaziya sahəsi mövcuddur. Ayrıca hər iki bazal qanqlionlar nahiyəsində dağınıq yerləşimli tək-tək millimetrik ölçülü qliotik ocaqlar izlənilməkdədir. Orta xətt strukturların lateral deviasiyası təyin edilmir. İİİ və yan mədəciklər yaşa bağlı mülayim geniş olaraq izlənilir. Periventrikulyar dərin ağ maddədə və semioval mərkəzlərdə monomorf siqnal mövcuddur. Hər iki hemisferanın dərin ağ maddəsində tək-tək millimetrik ölçülü bir neçə ədəd T2\FLAİR hiperintens qliotik ocaqlar qeyd edilir. Döyənək cisimdə patoloji dəyişikliklər müşahidə edilmir. Beyin şırımları yaşa bağlı mülayim geniş olaraq izlənilir. Beyin parenximasında diffuziyanı restriksiya edən sahə izlənilmədi.

8. X3 xx.xx.2024-cü il tarixli Beyin komputer tomoqrafiyası müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, Ekstrakranial sahə: Göz almaları simmetrikdirlər. Görmə sinirlərin trayektoriyaları deviasiyasızdır, eni normaldır. Retrobulbar toxumalarda və orbital əzələlərdə qeyri adilik təyin edilmir. Paranazal sinuslarda minimal divaryanı selikli qişa qalınlaşmaları qeyd edilir. Hər iki maksillar sinusda müxtəlif ölçülü retrenziya kistaları qeyd edilir. İntrakranial sahə : Subtentorial strukturlar: Uzunsov beyin. Varoli körpüsü konfiqurasiyaları dəyişməmişdir. Beyincik hemisferlərin lokal ocaqları izlənilmir. İV mədəciyin həcmi adidir. Supratentorial strukturlar: Mezensefal strukturların anatomik görüntüsü qaydasındadır. Orta xətt strukturların lateral deviasiyası təyin edilmir. Hər iki bazal qanqlionlar nahiyyəsində solda daha çox olmaqla hipodens qliotik ocaqlar və sol tərəfdə xroniki lakunar işemiya sahələri qeyd edilir. İİİ və lateral mədəciklər yaşa uyğundur. Periventrikulyar sahələrdə və semioval mərkəzlərdə abnormal ocaqlar aşkarlanmır. Beyin şırımların həcmi yaşa uyğundur. İntrakranial qanama qeyd olunmadı. Nativ KT olaraq beyin parenximasında solid və ya kistik lezyon izlənilmədi. Sol gicgah sümüyündə kraniotomiya deffekti qeyd edilir. Bu deffektdən sol temporal ACOM hövzəsinə qədər uzanan hipodens postop əməliyyat traktı qeyd edilir. pay ilə ACOM hövzəsində anevrizmanın metalik klips materialları müşahidə edilir.

9. X5 Mərkəzinin xx.xx.2024-cü il tarixli RP Rentgen nəticəsində göstərilmişdir ki, “Sol alın və gicgah sümüyündə 5x3.6 sm sümük defekti qeyd edilir. Türk yəhəri qonşuluğunda keçirilmiş əməliyyata müvafiq tikiş materialları qeyd edilir. Müayinə sahəsinə daxil olan hər iki haymor cibində retension kista qeyd edilir.

10. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 10400 nömrəli tibbi rəyində iddiaçıya “Damar mənşəli demensiya F01 MMSE=16” diaqnozu qoyulmuşdur. II. Məhkəmədə icraat

11. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə Rusiya Federasiyasının Moskva şəhərində 52 saylı Kliniki şəhər xəstəxanasında insult-infarktı diaqnozu üzrə başından müalicə almışdır. Sağlamlığı get-gedə ağırlaşdığından Moskva şəhərində “Neyrocərrahi ağrı, ultrasəs və lazer neyrocərrahiyə” Federal Reabilitasiya müalicə mərkəzində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə beynində ağır cərrahiyə əməliyyatı olunmuşdur. Bu əməliyyatdan sonra 2 il yataq xəstəsi olmuş, nəticədə yaddaşını itirmiş, yeriməyi və hərəkət etməyində problemlər yaranmış və 7 ildən artıqdır ki həmin problemlər qalmaqdadır. İddiaçı Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlərdə 3 (üç) dəfə yuxarıda qeyd edilmiş vaxtlarda xəstəxanada stasionar müalicə olmuş lakin səhhətindəki problemlər müalicəyə tabe olmadığından ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Lakin DSMF-nin Gəncə şöbəsinin əməkdaşlarının səhlənkarlığı ucbatından məlumatlar düzgün daxil edilmədiyindən xx.xx.2017-ci il tarixdən təyin olunmuş İİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən əlillik ləğv edilmişdir. Bundan sonra 2019-cu ildə əlilliyin yenidən təyin olunması üçün qeydiyyat üzrə poliklinikaya və göndərişlə Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına müraciət olunmuşdur. Həmin vaxtdan indiyədək (4 il) bir neçə dəfə stasionar müalicə təyin edilib, lakin heçbir nəticəsi olmamışdır. Bu müddətə və bir neçə epikrizin olmasına baxmayaraq forma 88 sistemə daxil edilməmiş və həkimlər səhlənkarlığı ucbatından uzun müddət heç bir nəticə olmamışdır. Tibb müəssisəsinin əməkdaşları tərəfindən süründürməçiliyə və kobud qanun pozuntularına yol verilmişdir. Nəhayət 142 qaynar xəttinə və Gəncə şəhəri səhiyyə idarəsinə edilmiş şikayətlərdən sonra xx.xx.2023-cü il tarixdə forma-88 sistemə daxil edilmiş, xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. Səbəb kimi forma 88-in “Yanlış və ya natamam doldurulmuşdur.” qeyd edilmişdir. Həmin qərar barədə də heç bir məlumat verilməmişdir. Müəyyən müddət sonra qərarın rəsmi təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə AR ƏƏSMN-nə və ərazi üzrə 8 saylı TSEK-ə yazılı müraciət olunmuş (əlavə olunur məktub, qəbz, xəbərnamə), lakin nəticə əldə olunmadığından xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinə yaxınlaşaraq qərardan çıxarışı əldə etmək mümkün olmuşdur. Tibb müəssisəsinin əməkdaşları xəstəliyin müalicə olunmadığını bilə-bilə vətəndaşı 4 ildir ki süründürür və nəticədə inzibati orqanın özünün formal səhvi ucbatından pensiya almaq hüququndan məhrum edir. Halbuki, iddiaçı 2016-cı ildə beynində aparılmış əməliyyatdan sonra yeni informasiyanı qavraya bilmir, gün ərzində baş vermiş hadisələri, getdiyi yerləri xatırlamır. Bu proses artıq 7 ildir ki davam edir və müalicəyə tabe olmur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir. İmtina barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə məlumat verildiyindən və iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, onun tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə cvabdehin nmayəndəsinin vəsatəti təmin edilməmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-cii il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsi dövründə qapalı kəllə beyin travması almışdır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı son dəfə 5 il müddətinə 2016-2021-ci illərdə təyin edilmişdir. “Diaqnozun mətni: Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə. Arterial hipertenziya.... X2: KKBT-nın qalıq əlamətləri ensefalopatiya Kəllə daxili hipertenziya t-t müşahidə olunan asteno nevrotik sindrom. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə‘zi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq....... diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. İPM, maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs üzrə elektron məlumat; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - xx.xx.2023-cü il tarixli göndəriş; - “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1- 13903/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-794/2025 nömrəli qərarlar; - Xəstəlik tarixçlərindən çıxarışlar; - X4 xx.xx.2024-cü il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi; - X3 xx.xx.2024-cü il tarixli Beyin komputer tomoqrafiyası, nativ müayinəsinin nəticəsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2017-ci il tarixli 332 nömrəli qərarı; - X5 Mərkəzinin xx.xx.2024-cü il tarixli RP Rentgen nəticəsi; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 10400 nömrəli tibbi rəyi;

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Həmin əlillik təyinatı xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və iddiaçı həmin məsələni mübahisələndirməmişdir.

29. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə.Arterial hipertenziya; Ağırlaşma – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə; Yanaşı xəstəliklər – İ10.0 – Essensial [birincili] hipertenziya, Arterial hipertenziya;

30. İddiaçı əlillik vəziyyəti həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması (Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və qeyd edilsin)” səbəbi ilə imtina verilmişdir.

31. Məhkəmə imtina qərarında qeyd edilən əsasın aradan qaldırılması, yəni əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün iddiaçının əyani müayinəsinin həyata keçirilməsi barədə iki dəfə qərardad qəbul etməklə, cavabdehin orqanın üzərinə öhdəlik qoymuşdur.

32. Nəticədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-13903/2024 nömrəli qərar qəbul edilmişdir. Həmçinin, məhkəmənin qərardadına əsasən xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-794/2025 nömrəli qərar qəbul edilmişdir.

33. Cavabdeh orqan sonuncu dəfə iddiaçının əyani müayinəsini həyata keçirən zaman Agentlikdə psixiatr profilli həkimin olmaması səbəbindən Psixi Sağlamlıq Mərkəzinə xx.xx.2024-cü il tarixdə göndəriş vermiş və nəticədə həmin publik hüquqi şəxs tərəfindən iddiaçı müayinə olunaraq, ona damar mənşəli demensiya F01, MMSE=16 diaqnozu qoyulmuşdur. Həmçinin, X5 Mərkəzinin xx.xx.2024-cü il tarixli RP rentgen nəticəsi ilə müəyyən edilmişdir ki, “Sol alın və gicgah sümüyündə 5x3.6 sm sümük defekti qeyd edilir. Türk yəhəri qonşuluğunda keçirilmiş əməliyyata müvafiq tikiş materialları qeyd edilir. Müayinə sahəsinə daxil olan hər iki haymor cibində retension kista qeyd edilir

34. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə qoyulmuş diaqnozlardan əsas diaqnoz – “İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə.Arterial hipertenziya” xəstəliyinin ağırlaşması – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

35. Belə ki, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndində Serebrovaskulyar xəstəliklər adı altında öz əksini tapmışdır. Həmin bəndin altyarımbəndlərində (qiymətləndirmə haqlında) sözügedən xəstəliyin hədəf orqanların pozuntusuna (mülayim, ciddi, ağır) səbəb olacağı halda, əlillik təyinatına əsas verdiyi təsbit edilmişdir.

36. Hansı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərlə onun hemorragik insult keçirdiyi, beynin cırılma baş vermədən anevrizmasının baş verdiyi və bu səbəblə cərrahi əməliyyat olduğu, eyniii zamanda iddiaçıda damar mənşəli demensiya F01, MMSE=16 halının yarandığı müəyyən edilir ki, bu da hədəf orqanların funksiyalarının ciddi pozulması kimi qiymətləndirilməlidir.

37. Məhkəmə qeyd edir ki, Hemorragik insult beynin parenximasına qansızma olub, beyin qan dövranının kəskin pozulması, zədələnmiş nahiyənin funksiyalarının itirilməsi, nüvədə və perifokal (nüvənin ətrafında) zonada patogenezin inkişafı ilə müşayiət olunur. Xəstəlik ümumi beyin və ocaqlı nevroloji simptomlarla təzahür edir. XBT-10 üzrə hemorragik insultların kodu İ60-İ62-dir. Hemorragik insult – kəllə boşluğuna spontan (qeyri – travmatik) qanaxmadır. “Hemorragik insult” termini, adətən, baş beynin hər hansı bir damar mənşəli xəstəliyi: ateroskleroz, arterial hipertoniya, amiloid angiopatiya və s. nəticəsində baş vermiş beyindaxili qanaxmanı qeyd etmək üçün istifadə olunur. Hemorragik insultlar daha çox yüksək qan təzyiqi fonunda baş verir. Xəstəliyin kliniki şəkli kəskin başlanğıc və sürətlə inkişaf edən simptomlar ilə xarakterizə olunur ki, onlar da bilavasitə damar zədələnməsinin yerləşmə nahiyəsindən asılı olur. Hemorragik insult təcili hemostatik, antihipertenziv və ödem əleyhinə müalicə tələb edir. Göstəricilərə əsasən cərrahi müalicə aparılır. Hemorragik insultlar daha çox arterial təziyiqin yüksəlməsi ilə təzahür edən xəstəliklər zamanı yaranır ki, bu da beyin qan damarlarının divarlarının xarakterik dəyişikliklərinə və keçiriciliyinin pozulmasına – plazmatik hopmaya, nekroza, mikroanevrizmlərin yaranmasına və onların cırılmasına gətirib çıxarır (https://nevropatologiya.az/2021/09/04/insult/).

38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

39. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

40. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

42. Həmin Əlavə:

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Serebrovaskulyar xəstəliklər İ60-İ69 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ 2.1.2. mərhələ, hədəf orqanların 65-80 2 il funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə

43. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz əsas diaqnoz – “İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insultparenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə.Arterial hipertenziya” xəstəliyinin ağırlaşması – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə” xəstəlikləri orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

45. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar