Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3130/2024 05.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Allahverdıyeva Gülnarə Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 22 may 2024-cü il tarixli 2/2-6231 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə MNnin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 408 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdə iddiaçının müalicəyə getməsi, lakin müalicədən xidmət yerinə qayıtmaması, həmin tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, o, Birinci Qarabağ müharibəsi dövründə əvvəlcə 708, sonra isə N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlər zamanı xx.xx.1994-cü ildə yaralanaraq xəsarət almışdır. 3 aydan artıq müddət hərbi hospitalda stasionar müalicədə olduğu üçün N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 223 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci tarixli 43 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a bəndi əsas götürülərək aldığı xəsarətin hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq olunmuşdur. Aldığı xəsarətə görə xx.xx.2012-ci ildən xx.xx.2021-ci il tarixədək ona üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2024-cü il tarixdə etiraz vermiş, etirazın dəlilləri imtina məktubunun məzmunu ilə eyni olmuşdur. Cavabdeh öz etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 22 may 2024-cü il tarixli 2/2-6231 nömrəli imtina məktubu və xx.xx.2024-cü il tarixli etirazı, cavabdehin xx.xx.2024-cü il tarixli, 2197 nömrəli məktubu, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1994-cü il tarixli, 278 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 99 nömrəli əmrinin arxiv çıxarışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 1588 nömrəli məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci tarixli 43 nömrəli qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsi Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı: 1.1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: ... 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı cavabdehin əsas dəlili isə iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar olunmamasından ibarətdir. Məhkəmə araşdırmasının nəticəsi göstərir ki, iddiaçının döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Bu fakt cavabdehin xx.xx.2024-cü il tarixli, 2197 nömrəli məktubunda əks olunmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1994-cü il tarixli, 278 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 99 nömrəli əmri ilə uzun müddət hospitalda müalicədə olduğuna görə iddiaçının siyahıdan çıxarılması barədə məlumat vardır. Göründüyü kimi, cavabdeh özü də təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuş və hərbi hissənin siyahısından çıxarılma müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, bu səbəbdən müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə siyahıdan çıxarıldığından onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2011-ci tarixli 43 nömrəli qərarı ilə qərara almışdır ki, iddiaçının xx.xx.1993-cü və xx.xx.1994-cü illərdə aldığı, müayinə və müalicə olunduğu güllə və qəlpə yaralanmaları “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Həmin qərar ləğv olunmamış, geri çağrılmamış və hazırda da qüvvədədir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 1588 nömrəli məktubu). Bundan sonra da ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş və 4400 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, onun ən azından xx.xx.2012-ci ildən sonuncu müayinə tarixinədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması, bu səbəbdən ona 4400 manat məbləğində birdəfəlik sığorta məbləği verilməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən də cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1989/2023 saylı, 04 oktyabr 2023- cü il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev