Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3131/2024 10.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra etdirilməsi prosesində hərəkətsizliyə yol vermiş icra məmuru haqqında qanunamüvafiq məsuliyyətə cəlb etmə tədbirlərinin görülməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra etdirilməsi prosesində hərəkətsizliyə yol vermiş icra məmuru haqqında qanunamüvafiq məsuliyyətə cəlb etmə tədbirlərinin görülməsi tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(114)-771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə “Ağ Naftalan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 aprel 2022-ci il tarixli 010422/2 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdeh “Ağ Naftalan” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş və həmin qətnamə icra olunmaq üçün Goranboy rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
2. Gəncə Regional Ədliyyə İdarəsinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-23/2-HŞ-422-6/2024 nömrəli məktubda bildirilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(114)-771/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “Ağ Naftalan” MMC-dən 11750 manat pul və 200 manat mediasiya xərcinin alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Bildirirlər ki, icraat zamanı borclunun bank hesabları müəyyən edilmiş və həmin hesablara inkasso sərəncamı tətbiq edilmişdir. İcra sənədi Goranboy rayon icra və probasiya şöbəsinin nəzarətindədir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən tələbkar və ya borclu qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. II. Məhkəmədə icraat
3. İddiaçı MMC ərizə ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Ağ Naftalan” MMC-dən cəmi 11950 manat pul tələbi barədə İddiaçı MMC-nin iddiası əsasında qəbul edilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra etdirilməsi prosesində hərəkətsizliyə yol vermiş icra məmuru haqqında qanunamüvafiq məsuliyyətə cəlb etmə tədbirlərinin görülməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-771/2023 saylı qətnaməsinə əsasən onların İddiaçı MMC-nin iddiası təmin olunmuş, cavabdeh "Ağ Naftalan» Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı müqaviləsi üzrə yaranmış 11750 manat pulun, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin icra sənədi icra olunması üçün Goranboy rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və onlar tərəfindən icraata qəbul edilmişdir. Lakin qətnamənin qəbul edilməsindən artıq xeyli müddət keçməsinə baxmayaraq, Dövlətin adından qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilməmişdir. Etdikləri müraciətə isə formal cavab verməklə məcburi icraya malik olan dövlət sənədini icra etməkdə aciz oduğu göstərilir. Gəncə Regional Ədliyyə İdarəsinə və Goranboy rayon İcra və Probasiya şöbəsinə, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə dəfələrlə ərizə yazmışlar, lakin həmin ərizələrinin əksəriyyətinə cavab verilməmiş, cavab veriləndə də aşkar bildirilir ki, qətnamə icra edilmir. Hətta göstərirlər ki, icra məmurunun hərəkətlərindən İnzibati Məhkəməyə müraciət etmək hüquqları vardır. Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmurları qətnamənin icrası ilə əlaqədar heç bir hərəkət etmirlər. «İcra haqqında» qanunun 43, 44-cü maddələrinə əsasən məcburi icra tədbirləri görmürlər. Qətnaməni qəsdən icra etməməyə görə məsuliyyət nəzərdə tutulur. Qanunvericiliyin bu tələblərinin heç biri icra edilmir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
8. Məhkəmə ilk öncə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 46.1.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, məhkəməyə müraciət iddia ərizəsi deyil, ərizə formasında verilmiş, tələbin yönəldiyi cavabdeh orqanın adı və hüquqi ünvanı qeyd edilməmiş, habelə tələb anlaşılmayan şəkildə göstərilmişdir.
9. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
11. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.
13. Həm icra haqqında qanunvericilikdən, həm Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
14. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur və pozulması ehtimal olunan hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılması istisna edilir. Belə ki, icra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.
16. Hazırkı iş üzrə İddiaçı MMC-nin tələbi də bilavasitə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(114)-771/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin Goranboy rayon icra və probasiya şöbəsi tərəfindən icra icraatı ilə bağlıdır. Belə ki, İddiaçı MMC həmin icra sənədi üzrə tələbkar kimi icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətsizliyini mübahisələndirərək, bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır.
17. Göründüyü kimi, iddiaçının mübahisəsi Goranboy rayon icra və probasiya şöbəsinin icra sənədinin icra olunmasına yönəlmiş fəaliyyəti ilə bağlıdır ki, bu halda İddiaçı MMC tərəfindən icra məmuru haqqında qanunamüvafiq məsuliyyətə cəlb etmə tədbirlərinin görülməsi ilə bağlı tələbi müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilməklə mübahisələndirilə bilər. Çünki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmənin elə icra sənədini verən (eyni zamanda icraya nəzarət etməli olan) məhkəmədir.
18. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
19. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
20. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.
21. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
23. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
24. Beləliklə, məhkəmə belə qərara gəlir ki, İddiaçı MMC müvafiq əsasların mövcudluğu halında icra məmurunun hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirmək üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir.
25. Bu zaman mübahisəli icra sənədini vermiş məhkəmənin Gəncə Kommersiya Məhkəməsi olması nəzərə alınaraq, qeyd edilməlidir ki, Gəncə Kommersiya Məhkəməsinin kommersiya işləri üzrə qəbul etdiyi məhkəmə qərarlarının icrasına nəzarəti həyata keçirməli olan məhkəmə də məhz Gəncə Kommersiya Məhkəməsidir.
26. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva