Məhkəmə qərarları › İş №2-1(114)-314/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-314/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-314/2020 05.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və pensiya fərqinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1950-ci il tarixdə Tərtər rayonun İrəvanlı kəndində anadan olmuş, hazırda ünvan 1 mənzil 1 ünvanda qeydiyyatdadır. İddiaçıya 2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təhsil aldığı illərin sığorta stajına daxil edilməklə hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubda bildirilmişdir ki, sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsi ilə müəyyənləşdirilmiş, həmin maddədə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 1968-1972-ci illər ərzində D.Bünyadzadə adına X2 ali təhsil müddətinin ümumi iş (sığorta) stajına hesablanması və bu əsasla pensiya hüququnun yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən 1968-1972-ci illər təhsil müddətinin sosial sığorta stajına hesablanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmiş xx.xx.1972-ci il tarixdə verilmiş Ю285386 nömrəli Diplomun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1968-ci il tarixdən 1972-ci il tarixədək D.Bünyadzadə adına Azərbaycan X2 əmtəəşünaslıq və ərzaq malları ticarətinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən sənədləri araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İddiaçının 1968-1972-ci illər ərzində D.Bünyadzadə adına X2 əyani təhsil alması işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin yarımbəndində qeyd olunur ki, ali, orta, ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda sadalanan maddi hüquq normasının tələbindən görünür ki, qeyd edillən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş mübahisələnən hüquq qazanılan vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. İddiaçının təhsil aldığı müddət artıq onun qazanılmış hüququdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 1968-ci il tarixdən 1972-ci il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İsntitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin “pensiya hüququnun yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun xx.xx.2017ci il tarixədək qüvvədək olmuş: - 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. - Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Digər tərəfdən, pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı mövcud qanunvericilikdə hər-hansı göstəriş nəzərdə tutulmadığından tələb həmin hissədə təmin edilə bilməz. Ona görə məhkəmə hesab edir ki, iddia həmin pensiya fərqinin birdəfəyə ödənilməsi hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə İddiaçı 1968- 1972-ci illər ərzində D.Bünyadzadə adına X2 təhsil aldığı müddətinin sosial sığorta stajına daxil edilməklə yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar