Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-314/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2020ci il tarixli, 1/Ə-13965 saylı məktubu ilə İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrində adı və ata adı tam yazılmadığından və hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 132 nömrəli əmrində adı “Fəhrad” və ata adı “Seyidalı” yazıldığından müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. 1974-cü il tarixdən 1976-cı il tarixə qədər keçmiş SSRİ silahlı Qüvvələrində əsgər kimi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qoşulmuş, bir çox qaynar nöqtələrdə olmuşdur. Sonradan xx.xx.1992-ci il tarixdə xidmətdən təxris edilmiş və bununla bağlı xx.xx.2020-ci il tarixli arxiv arayışında da göstərilmişdir. Lakin sənədləri arxivə təhvil verilərkən ad və ata adının birinci hərfləri yazılmışdır. Müdafiə Nazirliyi bu səbəbə görə xx.xx.2020-ci tarixli məktubu ilə ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti; - NZ ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, 1/Ə-13965 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8859 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-10926 nömrəli məktubu və ona əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 02 nömrəli və xx.xx.1992-ci il tarixli 132 nömrəli əmrlərindən çıxarışlar; - İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə əlavə edilmiş Qazax rayonunun Daş Salahlı kənd sakini X1 məxsus AZE seriyalı 13410034 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, QZ 040021 nömrəli hərbi biletin surəti və izahatı. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin mahiyyət baxımından da əsaslı olduğu müəyyən edilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrindən çıxarışdan görünür ki, sıravi İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq bölük komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 132 nömrəli əmrilə muzdlu hərbi qulluqçu X4 3-cü batalyonun 1-ci bölüyünün şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan silinmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8859 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrində sıravi İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq bölük komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Bundan başqa, muzdlu hərbi qulluqçu X2 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 132 nömrəli əmrilə 3-cü batalyonun 1-ci bölüyünün şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan silinmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə əlavə edilmiş X1 məxsus QZ 040021 nömrəli hərbi biletinin surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N () nömrəli hərbi hissədə bölük komandiri olmuşdur. X3 izahatında göstərmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N () nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində xidmət etmiş, həmin dövrdə İddiaçı da onunla bir bölükdə könüllü olaraq xidmət etmişdir. 1992-1993-cü illərdə İddiaçı başqa onların bölüyündə “İddiaçı” adlı hərbi qulluqçu olmamışdır. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxiv arayışında qeyd olunmuş məlumatın iddiaçıya aid olmasının bilinməməsini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, həmin əmrlərin iddiaçıya aid olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, 6 travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verilir. Yuxarıda qeyd olunduğu kimi iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/2-8859 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrində sıravi İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq bölük komandiri vəzifəsinə təyin edilməsi, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 132 nömrəli əmrilə (əmrdə atasının adı Seyidalı, adı Fəhrad yazılmışdır) 3-cü batalyonun 1-ci bölüyünün şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan silinməsi barədə arxiv məlumatları vardır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidmət etməsini və qanuni əsaslarla ehtiyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-314/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-314/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver