Məhkəmə qərarları › İş №2-1(114)-314/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-314/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-314/2024 03.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun ehtiyata buraxılmağı haqda olan 2017-ci il tarixli əmrinin ləğv edilməsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0223gm nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-314/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tərtər hadisələri qurbanlarından biridir. Cavabdeh “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə onun ehtiyata buraxılmağı haqda əmr vermişdir. Məlum olduğu kimi bu hadisələr 2017-ci ildə baş vermişdir. Bir çox hərbçilər kimi o da həmin hadisələrdən zərər çəkmişdir. Fiziki və mənəvi zərərlərlə yanaşı həm də maddi zərər çəkmiş, qanunsuz və əsassız olaraq işindən uzaqlaşdırılmışdır. Uzun müddət istintaq getdiyinə görə o vaxtında iddia ərizəsi ilə müraciət edə bilməmiş, yalnız bu yaxınlarda buna imkan tapmışdır. Hesab edir ki, əmr tamamilə əsassız olduğu üçün ləğv edilməlidir. Çünki onun xidməti uyğunsuzluğunu təsdiq edəcək heç bir sübut və hal yoxdur. Tamamilə təqsirsiz olduğu halda xidmətdən uzaqlaşdırılmışdır. O, cavabdehdən əmrin surətini ala bilməmişdir. Cavabdehin məsul şəxsləri demişlər ki, bu sənəd yalnız məhkəmə sorğusu əsasında məhkəməyə verilə bilər. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə vəsatət ünvanlamış, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan ötürülmüş prosessual müddətin bərpa edilməsi haqda vəsatətdən, SX ******* nömrəli hərbi biletin surətindən və xx.xx.2017-ci il tarixli söhbət vərəqələrindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ”e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından xəbərdar olmuşdur. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizədə buraxılmış prosessual müddəti uzun illər istintaq getdiyi, bu dövrdə əmri mübahisələndirmək imkanının olmadığı, vaxtaşırı prokurorluğa və məhkəməyə çağırılmağı ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-73/2023 nömrəli hökmündən görünür ki, İddiaçı vəsatətdə qeyd etdiyi cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş, yəni istintaq təcridxanası və digər həbs yerlərində saxlanmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İPM-nin 38.1-ci maddəsi də yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, əmr barədə məlumatlı olduğu tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2017-ci il tarixli əmrin ləğvi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2017-ci il tarixli əmrin ləğvi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar