Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3142/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hazırkı ad və soyadının əvvəlki ad və soyadı olan Münasib Həsənova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli AZ-İ № 033385 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il tarixində doğulmuş X2 ad və soyadını İddiaçı olaraq dəyişdirmişdir.
2. İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, şöbənin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə İddiaçı adının və soyadının növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməmiş, ikinci dəfə ad və soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. II. Məhkəmədə icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, soyadının Məhəmmədov Həsənov, adının isə Nurəddindən Münasibə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə il əvvəl ad soyadını babasının ad soyadına dəyişdirilmişdir. O, bu gün soyadının və adının dəyişdirilməsinə görə çox əziyyət çəkir. Belə ki, onun keçmişdəki sənədlərinin hamısında soyadı Həsənov, adı isə Münasib olduğu üçün bu gün bir iş görən zaman mütləq çətinliklərlə üzləşir. Yəni soyadının və adının dəyişdirilməsi ilə bağlı arayışlar veriləndən sonra o, işini yoluna qoya bilir. Ona görə də köhnə soyadına və adına qayıtmaq zərurətində qalmışdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
6. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun hazırki “Məhəmmədov” soyadının “Həsənov” soyadına və hazırki “Nurəddin” adının “Münasib” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdehin yerləşdiyi yer olan Naftalan şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli AZ-İ № 033385 qeydiyyat nömrəli şəhadətnaməsi; - Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu;
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
20. İş materiallarından müəyyən olur ki, iddiaçının müraciəti ilə onun ad və soyadı X1 İddiaçı dəyişdirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə akt qeydi tərtib edilmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, ad və soyadının növbəti dəfə dəyişdirilməsini (əvvəlki ad və soyadına qayıtmasını) xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bu mümkün hesab edilməmişdir.
21. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə: Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır...
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
25. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yuxarıda istinad olunan normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
26. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin kontekstindən yanaşılır. Avropa İnsan Hüquqları Məhkəməsinin oturuşmuş presedent hüququna görə, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğu və əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılığının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alınaraq, şəxsin ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər tətbiq edilməsi mümkündür. Bu zaman bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyi də diqqətə alınmalıdır.
27. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasına dövlət orqanlarının istədiyi kimi müdaxiləsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq, həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn dövlətlər hər nə qədər geniş mülahizə sərbəstliyinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutur. AİHM-in oturuşmuş presedent hüququna görə, qeyd olunan hüquqdan istifadəyə hər bir müdaxilə konkret bir məqsədə, ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
28. Bu baxımdan məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir.
29. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur.
30. Sözügedən Qaydalarda ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür.
31. Hazırkı işdə isə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir.
32. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”.
33. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə ictimai marağın tələb etdiyi hallarda ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlərin tətbiq olunması mümkündür.
35. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
36. Bu mənada, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim maraqlardan irəli gəlir (Ali Məhkəmənin 6 iyun 2022-ci il tarixli, 2-1(102)-934/2022 nömrəli qərarı).
37. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu maneəsiz reallaşdırmışdır.
38. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyadı daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında, istinad olunan Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolverilən sayılmalıdır.
39. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçını ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər göstərməmiş, sadəcə olaraq ad və soyadını dəyişdirməsinin ona problemlər yaratdığı ilə əlaqələndirsə də, məhkəmə iddiaçının bildirdiklərini əsaslı səbəb kimi qəbul etmir.
40. Belə ki, iddiaçı hazırkı ad və soyadın onun üçün hüquq və azadlıqların həyata keçirilməsi baxımından real olaraq hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini, yəni konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutları təqdim edə bilməmişdir.
41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva