Məhkəmə qərarları › İş №2-1(114)-3146/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3146/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3146/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - AA******* nömrəli şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur; - Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/70-327/69 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1985-ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olmuş, bu barədə xx.xx.1985-ci il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 112 №-li doğum haqqında akt qeydi tərtib olunmuş, “atası” milliyəti azərbaycanlı olan X8 və “anası” milliyəti azərbaycanlı olan X2r; - xx.xx.1957-ci il tarixli komsomol bileti X6 məxsudur (orijinalda kiril əlifbasında və rus dilində: Исрафилов Джалал Гусан оглы); - xx.xx.1957-ci il tarixli attestat X3 məxsusdur (orijinalda kiril əlifbasında və rus dilində: Исрафилову Джалалу Гусейн о.); - xx.xx.1959-cu il tarixli ümumittifaq orduya, aviasiya və donanmaya könüllü yardım cəmiyyəti Azərbaycan SSR Respublika Komitəsinin vəsiqəsi X4 məxsusdur (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрəфилов Ҹалал Һусейн оглу); - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən **********25-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində X9, X7 və İddiaçı Cəlal oğlunun paylı mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; - xx.xx.1985-ci il tarixli, Xİ-ЖГ 257923 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрəфилов Талиб Ҹамал оглу) xx.xx.1985-ci il tarixdə anadan olmuş, “atası” qrafasında X8 (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрəфилов Ҹамал Һүсəн ог.) və “anası” qrafasında X7 göstərilmişdir; - xx.xx.1984-cü il tarixli İİİ-ЖГ 389791 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X10 (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрафилов Ҹалал Һүсəн о.) ilə X1 nikahı xx.xx.1984-cü il tarixdə bağlanmış, nikah bağlanandan sonra familiyası ərin “İsrafilov” (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрафилов), arvadın “Qafarova” olduğu qeyd edilmişdir; - Bərdə RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE 06807881 nömrəli şəxsiyyət vəsiqəsi X6 məxsusdur; - cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən, xx.xx.1985-ci il tarixli Ağcabədi rayonu, Yeni Qaradolaq kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydində vətəndaş İddiaçı soyadı “İsrəfilov”, adı “Qalib”, ata adı isə “Camal” kimi qeyd edilmişdir. Lakin vətəndaş İddiaçı atasının - X5 şəxsiyyətini təsdiq edən sənəddə adı “Calal” qeyd edilmişdir. Ata adınının dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş İddiaçı atasının doğum akt qeydi tərəflərindən araşdırılmış və akt qeydi aşkar edilməmişdir. Lakin, vətəndaş İddiaçı atasının xx.xx.1967-ci il tarixli nikah haqqında 55 saylı Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış akt qeydi Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində "X13" oğlu kimi aşkar edilmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 366/13-25 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 0212 1 0112 10071985 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kuybişev kəndində anadan olmuş, “ata haqqında məlumat” qrafasında xx.xx.1940-cı il təvəllüdlü X8 və “ana haqqında məlumat” qrafasında xx.xx.1953-cü il təvəllüdlü X7 göstərilmişdir. Doğum haqqında akt qeydi əsasında xx.xx.1985-ci il tarixli, Xİ JQ 257923 seriya nömrəli şəhadətnamə verilmişdir; - 1000 4 0447 xx.xx.2014 nömrəli nikah haqqında akt qeydinə əsasən, “evlənənlər haqqında məlumatlar” qrafasında xx.xx.1985-ci il təvəllüdlü İsrəfilov (evlənəndən sonra “İsrəfilov”) Qalib Camal oğlu və xx.xx.1988-ci il təvəllüdlü Vəliyeva (evlənəndən sonra “Vəliyeva”) Əsmər Rəfayıl qızı göstərilmişdir. Nikah haqqında akt qeydi əsasında xx.xx.2014-cü il tarixli, AZ-İ 991904 nömrəli şəhadətnamə verilmişdir.

3. Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-266/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.1984-cü il tarixli, 137 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən, “kişi” qrafasında İsrafilov (evlənəndən sonra “İsrafilov”) Calal Hüsən oğlu (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрафилов Ҹалал Һүсəн о.) və Qafarova (evlənəndən sonra “Qafarova”) Sədaqət Qoşqar qızı göstərilmişdir. Nikahın bağlanması haqqında akt qeydi əsasında İİİ-ЖГ 389791 nömrəli şəhadətnamə verilmişdir.

4. Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-340/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.1985-ci il tarixli, 112 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрəфилов Тaлиб Ҹамал) xx.xx.1985-ci il tarixdə anadan olmuş, “ata haqqında məlumat” qrafasında X8 (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Исрəфилов Ҹамал Һүсəн) və “ana haqqında məlumat” qrafasında X7 göstərilmişdir. Doğum haqqında akt qeydi əsasında Xİ- ЖГ 257923 nömrəli şəhadətnamə verilmişdir.

5. Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-622/2025 nömrəli məktuba əsasən, İsrafilov (İsrəfilov) Qalib Camal oğlunun bacı və qardaşı haqqında məlumat aşkar edilməmmişdir.

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və xx.xx.1985-ci il tarixli, 112 saylı doğum haqqında akt qeydində düzəliş edilərək ata adının “Calal”, soyadının “İsrafilov” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1985-ci il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olmuş, atası X9 vı anası X2r. İddiaçı anadan olduğu zaman valideynləri ona 10 iyul 1985-ci il tarixdə 112 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə almış, o, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı qeyd edir ki, hazırda bir çox sənədlərin hazırlanmasına müvafiq orqanlara müraciət etdiyi zaman orada sənədləri hazırlayıb sistemə yerləşdirdikləri vaxt ondan doğum haqqında şəhadətnaməmi tələb edirlər. Doğum haqqında şəhadətnaməmə baxıldığı zaman isə məlum olmuşdur ki, iddiaçının soyadını səhv olaraq “İsrəfilov”, ata adını isə “Camal” olaraq yazıblar. İddiaçı bildirir ki, əslində at adı “Calal”, soyadı isə “İsrafilov”dur. Onun atasının bütün sənədlərində, nikah haqqında şəhadətnaməsində, çıxarışda, SSRİ pasportunda, atasının şəxsiyyət vəsiqəsində və bir çox sənədlərdədə ata adı “Calal”, soyadı isə “İsrafilov” olaraq qeyd edilmişdir. İddiaçı qeyd edir ki, indi isə doğum haqqında şəhadətnasində ata adının “Camal”, soyadının isə “İsrəfilov” olaraq qeyd edilməsi ona bir sıra problemlər yaradır və doğum akt qeydində ata adının “Calal”, soyadının isə “İsrafilov” kimi düzgün olaraq olaraq yazılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

9. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlanmış, işin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərinin nəzərə alınmasını bildirmişlər.

11. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

12. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavadbehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-366/13-25 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-266/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-340/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-622/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

13. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

14. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır.

15. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

16. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

19. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

21. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.

22. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.

23. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas marağı onun doğum haqqında akt qeydində soyadının “İsrafilov” və ata adının “Calal” kimi düzəlişin edilməsi olmuş və bununla bağlı cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmiş və imtinada hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluqların mövcud olması göstərilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

24. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

25. Belə ki, məhkəmə inzibati məhkəmə araşdırmasını iki istiqamətdə aparmağı məqsədəuyğun hesab etmişdir.

26. Birincisi, iddiaçının hüquqi marağı olan ata adının “Calal” olaraq yazılması ilə bağlı qeyd etmək lazımdır ki, xx.xx.1957-ci il tarixli attestatda, xx.xx.1959-cu il tarixli ümumittifaq orduya, aviasiya və donanmaya könüllü yardım cəmiyyəti Azərbaycan SSR Respublika Komitəsinin vəsiqəsində və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da iddiaçının mərhum atasının adı “Calal” olaraq qeyd edilmişdir.

27. İkincisi, iddiaçının hüquqi marağı olan soyadının “İsrafilov” olaraq yazılması ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iddiaçının mərhum atasına məxsus olan xx.xx.1957-ci il tarixli komsomol biletində sonuncunun soyadı, adı və atasının adı “X10” şəklində və xx.xx.1957-ci il tarixli attestatda soyadı “İsrafilov” və adı “Calal” olaraq qeyd edilmişdir. Daha sonrakı illərdə, iddiaçının mərhum atası X10 və anası X7 arasında rəsmi nikah bağlanmış, rəsmi nikahları dövlət qeydiyyatına alınmış, bu barədə xx.xx.1984-cü il tarixli, 137 nömrəli nikahın bağlanması haqqında akt qeydi və xx.xx.1984-cü il tarixli İİİ-ЖГ 389791 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə tərtib edilmişdir. Adıçəkilən hüquqmüəyyənedici sənədlərdə iddiaçının mərhum atasının adı “Calal” və soyadı “İsrafilov” olaraq qeyd edilmişdir.

28. Sözügedən sənədlər tərtib edildikləri dövrə münasibətdə hüquqmüəyyənedici sənəd funksiyasını daşıyaraq şəxsin kimliyi barəsində məlumatları özündə əks etdirmişdir.

29. Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra iddiaçının mərhum atası, yəni X6 xx.xx.2009-cu il tarixdə Bərdə RPŞ tərəfindən AZE 06807881 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş, qeyd edilən sənəddə iddiaçının mərhum atasının adının və soyadının yazılışı hazırkı işdə iddiaçının əsas marağı olan formada, yəni soyadı “İsrafilov” və ata adı “Calal” olaraq öz əksini tapmışdır.

30. Məhkəmə onu vurğulamağı vacib hesab edir ki, istər Azərbaycan SSR, istərsə də Azərbaycan Respublikası dövründə soyadın, adın və ata adının texniki səhvlik səbəbi ilə yanlış yazılması və ya ümumiyyətlə qeyd edilməməsi vətəndaşın məsuliyyət dairəsinə aid edilməməli, bu, qanunvericilik tərəfindən birbaşa belə işlərə qanunvericiliklə səlahiyyətləri aid edilmiş inzibati orqanların həyata keçirməli olduqları məsul vəzifələr ilə bağlı olmalıdır. Belə ki, inzibati orqanlar bu istiqamətdə vacib hərəkətlər həyata keçirməli və vətəndaşların hüquqlarının müdafiəsi və lazımi istifadəsi istiqamətində təxirəsalınmaz tədbirlər görməlidirlər.

31. Uşaqların soyadının onların valideynlərinin soyadları ilə ümumi olaraq müəyyən edildiyini nəzərə alaraq, iddiaçının soyadı da atasının soyadına uyğun olaraq yazılmışdır. İnzibati icraat materiallarının bəzilərində cari iş üzrə iddiaçının hüquqi marağına uyğun şəkildə tam və ya qismən tam şəkildə yazılması onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus sənədlərdə yanlışlıq olmuş və bu, iddiaçıya məxsus sənədlərdə onun soyadının, ata adının səhv yazılmasına gətirib çıxarmışdır.

32. Son olaraq, məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçıya məxsus doğum akt qeyində soyadının və ata adının müvafiq ardıcıllıqla “İsrəfilov” və “Camal” kimi yazılmasında texniki səhvliyə yol verilmiş və bu isə iddiaçının hüquqlarının pozulmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada onlardan istifadə etməsində maneə yaranmasına səbəb olur.

33. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı doğum haqqında akt qeydində soyadın “İsrəfilov”dan “İsrafilov”a və ata adının “Camal”dan “Calal”a düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı adına tərtib edilmiş xx.xx.1985-ci il tarixli, 112 nömrəli doğum haqqında akt qeydində soyadının “İsrəfilov”dan “İsrafilov”a və ata adının “Camal”dan “Calal”a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar