Məhkəmə qərarları › İş №2-1(114)-3149/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3149/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3149/2023 06.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletə və xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Klara Setkin adına sovxozun şərab zavodunda fəhlə, xx.xx.1979-cu il tarixli 62 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən X10 spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1980-ci il tarixli 200 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən Şərabçılıq tullantılarının emalçısına 3-cü dərəcə verilmiş, xx.xx.1983-cü il tarixli 222 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Şərabçılıq tullantılarının emalçısına 4-cü dərəcə verilmiş, xx.xx.1996-cı il tarixli 42 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən Şərabçılıq tullantılarının emalçısına 5-ci dərəcə verilmiş, xx.xx.2008-ci il tarixli 4 nömrəli əmrlə xx.xx.2008-ci il tarixdən zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsinə görə daşıdığı işdən azad edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli k-1-181 nömrəli arayışında göstərilmişdir ki, Şəmkir Filialında mühafizə olunan “K.Setkin” adına sovxozun əmr kitablarına əsasən İddiaçı sovxozun xx.xx.1975-ci il tarixli 133 nömrəli əmri ilə sovxozun nəzdində olan şərab zavoduna fəhlə qəbul edilmiş və xx.xx.1976-cı il tarixli 138 nömrəli əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad olunmuşdur. Sovxozun əmək haqqı kitablarında İddiaçı 1975-1976-cı illərdə işləyərək qazandığı əmək haqqı aşağıdakı kimi müəyyən olmuşdur: 1975-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 1976-cı ilin yanvar, fevral, mart, aprel, mart, iyun, iyul, avqust, sentyabr ayları. Filialda mühafizə olunan Şamxor Konyak zavodunun arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixli 62 nömrəli əmrlə zavodun spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. Zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmışdır. Əmr kitablarında işdən azad olunma əmri aşkar edilməmişdir. Şəmkir Konyak zavodunun 1996cı ildən sonrakı illərə dair əmək haqqı kitabları filiala təhvil verilmədiyi üçün İddiaçı 1996-cı ildən sonra işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. Şamxor Konyak zavodunun 1984-1988-ci illəri əhatə edən əmək haqqı kitabları filiala təhvil verilməmişdir.

5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil edir. Təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları X8 Filialına təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-70/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəmkir rayonu “Konyak” zavodu 1996-2008-ci illərdə fəaliyyət göstərmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1996-2006-cı illərdə Şəmkir (sabiq Şamxor) konyak zavodunda işləməyinə dair illərin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir (sabiq Şamxor) rayonun «Klara-Setkin» adına sovxozda xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əmək haqqı almaqla fəhlə işləmişdir. xx.xx.1976-cı il tarixdən hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. Hərbi xidməti çəkdikdən sonra, yəni xx.xx.1979-cu il tarixli Şəmkir Konyak zavodunun müvafiq əmri ilə zavodun spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə qəbul edilərək mütəmadi olaraq əmək haqqı almaqla xx.xx.2008-cı il tarixədək həmin zavodda fəhlə işləmişdir. Odur ki, yaşa görə pensiya almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmişdir. Tərəfindən təqdim edilmiş 12 oktyabr 1976-cı il tarixli ******* saylı əmək kitabçasında hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil etməsinə, həmçinin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli K-l-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları Dövlət arxivinin filialına təhil verilmədiyindən xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamasına görə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şəmkir konyak zavodunun xx.xx.1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitablarının X8 filialına təhvil verilməməsinə görə o, məsuliyyət daşımır. Mübahisəli müddətdə, yəni xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək onun faktiki olaraq əmək haqqı almaqla Şəmkir konyak zavodunda işləməyini əmək kitabçasında aparılan qeydlər və onunla eyni vaxtda həmin zavodda işləmiş şahidləri, təsdiq edir. Buna baxmayaraq cavabdeh yaşa görə ona əmək pensiyası təyin etməkdən əsassız olaraq imtina etmişdir. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

18. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı tarixədək X9 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.

23. Etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil edir. Həmçinin, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əməkhaqqı cədvəlləri X8 Filialına təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Dövlət X5 xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxıldığı eyni zamanda əmr kitablarında işdən azad olunma əmrinin aşkar edilmədiyi qeyd olunmuşdur. X3 Şəmkir filialınında qarşılıqlı yoxlama kəçirilmiş və qeyd olunan məsələlər öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçasında xx.xx.2008-ci il tarixdə işdən çıxdığı qeyd olunmuşdur. İdiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X6 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İddiaçının xx.xx.1998-ci il tarixdən uzun müddətə məzuniyyətə buraxıldığı, eyni zamanda əmr kitablarında işdən azad olunma əmrinin aşkar edilmədiyi və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun qeyd olunan dövrlərdə işləməsinə əsaslı şəkildə şübhə yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1597/2023 nömrəli qərarının 38-41-ci bəndlərində göstərilmişdir ki, iddiaçının 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin, həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

24. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli k-1-181 nömrəli arayışı; - Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-70/2023 nömrəli məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-86299/2023 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları X8 Filialına təhvil verilməməsi və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

28. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

29. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

33. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

36. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

37. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

38. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Klara Setkin adına sovxozun şərab zavodunda, xx.xx.1979-cu il tarixdən xx.xx.2008-ci il tarixədək Şamxor (indiki Şəmkir) Konyak Zavodunda işləmişdir.

39. Bundan əlavə, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 30 ildən çox olması müəyyən edilir.

40. Məhkəmə iddiaçının X9 əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

41. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

42. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X11) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1996-xx.xx.2006-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitablarının X8 Filialına təhvil verilməməsi və iddiaçının işdən azad edilməsi barədə əmrin arxivdı aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

47. Məhkəmənin sorğusu ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu “Konyak” zavodu 1996-2008-ci illərdə fəaliyyət göstərmişdir.

48. Məhkəmə cavabdeh orqanın iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmaması və ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmaması ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.1994-cü il tarixdə qəbul edilmiş və 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmiş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununa görə (iddiaçı uzun müddətli məzuniyyətə göndərildiyi zaman qüvvədə olmuş): Maddə 30. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilməlidir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə — uşaq dörd yaşına çatanadək; arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə—14 təqvim gününədək; 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə — bir təqvim ayınadək; müharibədə, döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə— 14 təqvim gününədək; Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi zamanı zərərçəkən işçilərə — 14, təqvim gününədək; qazanılmış immunitet çaqqışmazlığı sindromu (QİÇS) xəstəliyinə tutulmuş və ya immunitet çatışmazlığı virusu (İÇV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə—14 təqvim gününədək; magistraturada, doktoranturada, aspiranturada təhsil alan işçilərə — bir təqvim ayınadək; ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə — 15, təqvim günü, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 10 təqvim günü; müəllifə ixtirasının və ya səmərələşdirmə təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı — 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisələrinin rəyində göstərilən müddətdə. İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

49. 10.12.1971-ci il tarixdə qəbul edilmiş və xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə görə: Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər.

50. Bununla bağlı nəzərə almaq lazımdır ki, arxiv arayışında iddiaçının zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmasına dair əmr mövcud olsa da, zavodun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyi, həmçinin əmr kitablarında işdən azad olunma əmri aşkar edilmədiyi üçün iddiaçının hansı tarixdən məzuniyyətdən qayıtması müəyyən edilmir..

51. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

52. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X9 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar