Məhkəmə qərarları › İş №2-1(114)-3151/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3151/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3151/2023 17.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Firmasının (bundan sonra mətndə - iddiaçı) cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********961900 nömrəli qərara əsasən neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ila bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmədiyinə və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərinin gəlirdən çıxılmadığına görə kameral vergi yoxlaması ilə 12960.0 manat əlavə mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı “**********961900 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə cavabdehə etdiyi müraciətə müsbət cavab verilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında 19 aprel 2019-cu il tarixli 190107 nömrəli kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndindən görünür ki, subfrançayzinq alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Həmin müqavilə Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli qərarının təsiri altına düşmür. İddiaçı hesab edir ki, kameral vergi yoxlaması nəticəsində 12.960 manat vergi borcunun hesablanması əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu "Nəqliyyat xərcləri”sətrində göstərilmiş 64800,00 manat məbləğin neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********245000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrine əsasən 2022-ci ilin mənfəət vergisi üçün vergi ödəyicisinin bəyan etdiyi vergi məbləğindən əlavə 64800*20%=12960,00 manat manat mənfəət vergisi məbləği hesablanaraq hazırkı iddia ilə mübahisləndirilən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********961900 nömrəli Qərar qəbul olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərarının təsdiq edilməsi ilə əlaqədar inzibati orqanın təşəbbüsü ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmışdır. Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Bu səbədən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Buna görə də iddiaçının 2022-ci il ərzində neft mahsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 27200,0 manatı (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixi 4 nömrəli Qərarı qüvvəyə mindiyi tarixədək olan xərclər gəlirdən çıxılan xərclərə aid edilmədiyinə görə kameral vergi yoxlaması ilə 5440,0 manat əlavə mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Başqa sözlə 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 37600,0 manatı vergi orqanı tərəfindən daşınma xərci kimi tanınmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixi 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Qərarında neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 27200,0 manat daşıma xərcləri gəlirdən çıxılması qanunvericiliyə zidd olduğu üçün nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən nəticədə xx.xx.2023-cü il tarixdi **********558100 nömrəli qərarla 5440,0 manat (27200,0 x 20 %) əlavə mənfəət vergisi (2022-ci il) hesablanmışdır. İddiaçı iddia ərizəsində "xxxx" Firması ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kommersiya subkonsenssiya (subfrayçayzing) müqaviləsinin 3.1.13-cü bəndində qeyd edilən "subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir" müddəasına istinad etmişdir. İddiaçının dəlili ilə razılaşmayaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) ve alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" xx.xx.2015ci il tarixi 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla tasdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəaların əlavə edilməsi sözügedən dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərar təsdiq edilənə kimi təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir ki, iddiaçının neft məhsullarını topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmasını vergi orqanından tələb etməsi və vergi orqanının qeyd olunan xərclərin gəlirdən çıxılmalı olan xərclər kimi qəbul etməməsini əsassız hesab etməsi qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yeni qəbul etdiyi qərarda həmin halın iddiaçının tələb etdiyi formada tənzimlənməsi onu deməyə əsas verir ki, vergi orqanı haqlı olaraq həmin dövrdə qüvvədə olan qanunvericiliyi düzgün tətbiq edərək qərarlar qəbul etmişdir. Bundan əlavə bildirilmişdir ki, iddiaçının mübahisələndirildiyi xx.xx.2023-cü il tarixli **********961900 nömrəli qərarı ləğv edən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" yeni xx.xx.2023-cü il tarixli **********558100 nömrəli qərar qəbul edilmişdir. Bununla bağlı olaraq iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etmiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, iddiaçının təqdim etdiyi sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır; 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür; 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir; 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir; 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır; 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır; 109.6-cı maddəsinə əsasən ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır; 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır; 109.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.116.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur; 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların ( işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli 4 nömrəli Qərarının 5-ci bəndinə əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Bu Qərarın 6-cı bəndinə əsasən pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Həmin Qərarın 12-ci bəndinə əsasən bu qərarın qüvvəyə mindiyi tarixdən “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ləğv edilmişdir. "İnzibati icraat haqqında" Qanunun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə baxışında müəyyəm edilmişdir ki, iddiaçı “ixtisaslaşdırılmış mağazalarda motor yanacağının pərakəndə satışı” ilə məşğuldur və Bərdə rayonu, Bərdə-Yevlax yolunda “Yanacaq doldurma məntəqəsi” adlı təsərrüfat subyektidir. İddiaçı ilə "xxxx" QSC arasında 19 aprel 2019-cu il tarixdə 190107 nömrəli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndinə əsasən, subfrançayz alan, yəni İddiaçı firması neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 190107 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsinə dəyişikliklər edilməsi barədə ********** saylı xx.xx.2022-ci il tarixli razılaşma Sazişinə əsasən tərəflər Subfrancayzinin 2022-ci ilin rübləri üzrə neft məhsullarının yeni satış planını təsdiq etmək barədə qarşılıqlı razılığa gəlmiş, Saziş xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Müqavilə 3 il müddətinə qüvvədədir. xx.xx.2019-cu il tarixli, 190107 nömrəli Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən 2022-ci il üçün İ rüb üzrə 800 ton, İİ rüb üzrə 815 ton, İİİ rüb üzrə 855 ton, İV rüb üzrə 900 ton satış planı nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçı ilə X3 arasında xx.xx.2021-ci il tarixdə neft məhsullarının daşınmasına dair müqavilə bağlanılmışdır. Bu müqaviləyə, habelə cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətləri barədə” məlumata və X1 şəxsi hesab vərəqəsinə əsasən iddiaçının aldığı neft məhsulları X3 tərəfindən daşınmış, müvafiq xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Bu faktı cavabdeh tərəf mübahisələndirmir. Lakin cavabdeh həmin xərclərin nəqliyyat xərci kimi bəyannaməyə əlavə edilməsini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə uyğun hesab etmir. Bununla bağlı, məhkəmə hesab edir ki, iddiaçının sözügedən xərcləri bəyannamədə qeyd etməsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə isə cavabdeh tərəfindən göstərilən normanın tələbinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi iddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış sazişlərə görə, subfrançayz alan, İddiaçı firması neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı neft məhsulunun topdansatışı ilə yox, pərakəndə satışı ilə məşğul olur və onun tərəfindən çəkilən nəqliyyat xərcləri, məhsulun pərakəndə qiymətinə əlavə olunmur və neft məhsulu Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. Bununla yanaşı iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarından isə görünür ki, inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar