Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3151/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Goranboy rayon notariat kontoruna qarşı “torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Goranboy rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “X2 ilə iddiaçı arasında Goranboy rayon Dövlət notariat ofisində xx.xx.1998-ci il tarixdə Goranboy rayonu Notariat kontorunun dövlət notariusu M.T.Əliyev tərəfindən təsdiq edilmiş Goranboy rayonu Nizami kəndində yerləşən 5179,00 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması”na dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı onun barəsində notariat hərəkətlərinin aparılmasından imtina edilməsi ilə bağlı cavabdehlərin hərəkətlərini mübahisələndirir İddia ərizəsində cavabdehlər qismində inzibati orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi və Goranboy rayon notariat kontoru göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Belə ki, hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd olunmuşdur: Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Hazırkı mübahisə mahiyyət baxımından iddiaçıya münasibətdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi ilə bağlı yaranmışdır və bu mənada həmin hərəkətlərin mübahisələndirilməsi ilə bağlı hazırkı iddiaya Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq cavabdeh qısmində Goranboy rayon notariat ofisinə qarşı aidiyyəti rayon (şəhər) məhkəməsində baxılmalıdır. Belə yanaşma həm də ondan irəli gəlir ki, İPM-in 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı həyata keçirilir. Nəzərə alınmalıdır ki, notariat tərəfindən həyata keçirilən hərəkətlər inzibati deyil, mülki hüquq müstəvisində həyata keçirilir və bu baxımdan onun fəaliyyəti inzibati hüquq fəaliyyəti kimi, həmin fəaliyyətlə bağlı yaranan mübahisələr isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati orqan olaraq “Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları”nın yerli (struktur) və digər qurumları o halda inzibati orqanlar kimi inzibati icraatda cavabdeh ola bilər ki, həmin “yerli (struktur) və digər qurumlar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda İİ bölmənin İİ bəndində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 2.1-ci yarımbəndində isə Nazirliyin inzibati orqan olaraq nəzərdə tutulmuş qurumları göstərilmişdir. Həmin qurumlar içərisində isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi iddiaçının qeyd etdiyi kimi inzibati orqan anlamında nə hüquqi, nə də fiziki şəxs deyil, idarədir. Odur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bəndində nəzərdə tutulan “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər”ə aid etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Goranboy rayon notariat kontoruna qarşı “torpaq sahəsinin alqısatqı müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3151/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3151/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver