Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3153/2024 07.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli müayinə ilə bağlı imtinanın əsassız hesab edilərək ona hərbi vəzifələri yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü ilin oktyabr ayının əvvəllərində Şəmkir rayon Hərbi Komissarlığı vasitəsi ilə hərbi xidmətə çağrılaraq könüllü kimi Birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmişdir. Həmin vaxtı döyüş zonası hesab edilən Gədəbəy rayonu, Şınıx kəndində xx.xx.1994-cü il tarixdə döyüşlər zamanı o, “Qapalı kəlləbeyin travması, orta dərəcəli beyin silkələnməsi, sol baldırın 1/3 hissəsinin qəlpə yarası” almışdır. İddiaçı aldığı travmalarla bağlı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinə qədər Gədəbəy rayon Şınıx zona mərkəzi xəstəxanasında stasionar müalicə olunmuşdur. Onun xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonu, Şınıx kəndində döyüşlər zamanı qapalı kəllə-beyin travması, sol baldırından düşmən gülləsindən qəlpə yarası aldığı Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 420 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli, 39 nömrəli arayışı, Gədəbəy rayon Şınıx zona mərkəzi kənd xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Arxivinin xx.xx.2000-ci il tarixli, 6/2-6724 nömrəli arayışı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq olunur. Həmin hərbi həkim komissiyasının rəyində göstərilmişdir ki, həmin travmalar hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı 2011-ci ildə Şəmkir rayon Mərkəzi xəstəxanasında stasionar müalicə olunmağı barədə stasionar xəstənin tibbi çıxarışı, eləcə də digər tibbi sənədlərini VTEK-ə təqdim edib canlı müayinədən keçmişdir. 29 nömrəli TSEK-in həkimlərinin qərarları ilə ona 1 il müddətinə ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsi verilmişdir. 2015-ci ildə iddiaçı yenidən 29 nömrəli TSEK-ə müraciət etdikdə, həkim ekspertlər bildirmişlər ki, ona mülki əlillik deyil, ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi travmalar aldığından Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədən keçdikdən sonra bu barədə müvafiq qərar alıb gətirdikdən sonra onun əlillik məsələsinə baxıla bilər. Ona görə də iddiaçı AR MN Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, qurum tərəfindən tibbi sənədlərə baxılıb travmaları yoxlandıqdan sonra xx.xx.2015-ci il tarixdə, 301 nömrəli qərar verilmişdir. Həmin qərarda göstərilir ki, Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Gədəbəy diaqnoz “Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi, sol baldırın 1/3 hissəsinin qəlpə yarası” “Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir rayon şöbəsinin xx.xx.2015ci il tarixli, 420 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli, 39 nömrəli arayışı, Gədəbəy rayon Şınıx zona mərkəzi kənd xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Arxivinin xx.xx.2000-ci il tarixli, 6/2-6724 nömrəli arayışı və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2015-ci il tarixən xx.xx.2015-ci il tarixinə qədər Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada stasionar müalicə olunmuş, 2015-ci ildə onun İİ qrup hərbi əlillik müddəti 1 il artırılmışdır. İddiaçı 2016-cı ilin avqust ayının 18-də TSEK tərəfindən canlı müayinə edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Qeyd olunan 5 il müddətində ambulator müalicədən əlavə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi iddiaçı Şəmkir rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi Şəmkir rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Şəmkir rayon mərkəzi xəstəxanasın İİ terapiya şöbəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Şəmkir rayon mərkəzi xəstəxanasın İİ terapiya şöbəsində stasionar müalicə olunmuşdur. O, xx.xx.2021ci il tarixdə Şəmkir rayon Mərkəzi xəstəxanasında kompüter elektroensefaloqrafiya müayinəsindən keçmiş, Şəmkir rayon Mərkəzi Xəstəxanasının poliklinikasının göndərişi əsasında Gəncə şəhər A.Səhhət adına birləşmiş xəstəxanada xx.xx.2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Şəmkir rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsindən iddiaçı xəstəlikləri ilə bağlı canlı müayinə olunmuş, Forma-88 sistemə vurulsa da, xx.xx.2021-ci il tarixdə ona imtina cavabı gəlmişdir. Həmin imtinada diaqnoz: Kəllə daxili travma, keçirilmiş qapalı kəllə-beyin sikələnməsinin davamlı qalıq əlamətləri (1994). Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyəť" qoyulsa da, imtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir qeyd olunmuşdur. Həmin imtina qərarından sonra iddiaçı "Dr.Aygün” Tibb Mərkəzində xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə elektroensefaloqrafik müayinələrdən keçmiş, həmin müayinələr zamanı aldığı travmalar, baş-beyin silkələnməsi, qapalı kəllə beynin taravmanın nəticəsi olaraq onda epilepsiya xəstəliyinin olması da tam təsdiq olunmuşdur. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi iddiaçı Gəncə şəhərində A.Səhhət adına xəstəxanada stasionar müalicə olunmuşdur. İddiaçı qeyd edir ki, xəstəlikləri ilə bağlı Forma-88 sistemə vurulsa da, xx.xx.2021-cü il tarixdə ona heç bir qanuni əsas və səbəb olmadan imtina verilmişdir. O, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə iddiaçının Konstitusiya ilə nəzərdə tutulmuş hərbi vəzifəni yerinə yetirərkən döyüşlər zamanı travmalar aldığına görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3153/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqan tərəfindən qəbul edilmiş əlilliyin təyin olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona 61-80 % orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şəmkir rayon xəstəxanasının daxil edilmiş xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Diaqnozun mətni: Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travması və baş-beyin sirkələnməsinin davamlı qalıq əlamətləri (1994). Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol baldırın 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyət.; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixində qərarından iddiaçının məlumatı xx.xx.2022-ci il tarixdə olmasına baxmayaraq iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, xx.xx.2024-cü də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, o, cavabdeh orqanın imtinasından sonra məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdən “Kəllədaxili travma. Qapalı kəllə-beyin travması orta dərəcəli beyin silkələnməsi. Ensefalopatiya” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsinin davamlı qalıq əlamətləri (1994). Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol baldının 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2022ci il tarixdə “F.S.Adamov üçün verilmiş 08.10.21-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən əyani müayinə keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə tərəfləri dinləyərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdən 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə son qərardan verilmiş şikayətə əsasən iddiaçının əyani müayinəsi keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, cavabdeh orqanın imtinasından sonra məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunu bilməməsi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva